Muzeyin fondu Xalq Şairi Səməd Vurğuna aid materiallarla zənginləşib

Muzeyin fondu Xalq Şairi Səməd Vurğuna aid materiallarla zənginləşib
17:43 23 Yanvar 2015
344 Ölkə
Ölkə mətbuatı
A- A+


Qax, 23 yanvar, Mustafa Dadaşov, AzərTAc
Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin fondu bu günlərdə Xalq Şairi Səməd Vurğuna aid materiallarla daha da zənginləşib.
Muzeyin direktoru Mahir Əfəndi AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, şairin həyat və yaradıcılığına aid bu materiallar muzeyə Qax şəhər sakini Reyhan Hüryanova tərəfindən daimi mühafizə üçün təhvil verilib.
Onun atası, Qaxın mərhum ziyalısı, 1927-ci ildə rayonun Sarıbaş kəndində anadan olmuş Məmməd Aşurov Səməd Vurğunun, sözün həqiqi mənasında, vurğunu idi. Evinin bir otağını xatirə muzeyi üçün ayıran Məmməd Aşurov burada Səməd Vurğunun irsinə aid çox zəngin muzey materialları toplamışdı. Fonda şairin həyat və yaradıcılığını əks etdirən yüzlərlə kitab, qəzet materialları, fotoşəkillər və digər materiallar daxil idi. Məmməd Aşurovun yaratdığı muzeydə, həmçinin Səməd Vurğunun məişətdə istifadə etdiyi əşyalar, şairin portreti təsvir olunmuş yun xalça, xalq şairi Bəxtiyar Vahabzadənin şəxsi eynəyi, görkəmli poeziya ustası Zəlimxan Yaqubun muzeyə hədiyyə etdiyi saz və digər muzey materialları da vardır.
Muzeyin direktorunun bildirdiyinə görə, Məmməd Aşurov şairin ailə üzvləri ilə sıx yaxınlıq edirdi. Bunu Səməd Vurğunun ailə üzvlərinin 1987-ci ildə ona göndərdiyi məktub bir daha sübut edir. Məktubda deyilir: “Əziz və hörmətli Məmməd müəllim! Çox təəssüflənirik ki, Səməd Vurğunun 80 illiyi ilə əlaqədar Moskvada keçirilən təntənəli yubiley tədbirindəki sevincimizi sizinlə bölə bilmədik. Bakıda və Qazaxda olduğu kimi, sizi həmişə bizimlə yanaşı, çiyin-çiyinə, qürur-qürura, sevinc-sevincə bağlı görə bilmədik. Buna baxmayaraq, bizə yaxşı məlumdur ki, Səməd Vurğun dühası və şəxsiyyəti sizin üçün heç bir zaman ancaq rəsmi yubiley təntənələri ilə bağlı olmayıb. Sizin ürəyinizdə və zehninizdə daim əbədi bayrama dönmüş bir insan, bir şair – Səməd Vurğun yaşayır. Sizi Səməd Vurğunsuz təsəvvür etmək qeyri-mümkündür. Siz bunu onun xatirəsi, ədəbi irsi ilə bağlı olan konkret əməlləriniz, saf zəhmətiniz ilə hər gün təsdiq edirsiniz. Sizin bu təmənnasız ülvi məhəbbətiniz, əlbəttə ki, Vurğun ocağına mənsub olan insanlarda eyni hərarətlə çağlayan qarşılıqlı məhəbbət və minnətdarlıq hisləri doğurur. Biz sizi qəlbən öz ailəmizin üzvü sanırıq”. Məktub bu sözlərlə tamamlanır:
Beşiyi Qazaxdadı,
Sədası uzaqdadı.
Vurğun övladlarından,
Bir oğul da Qaxdadı...
Muzeyin direktorunun bildirdiyinə görə, fonda daimi mühafizə üçün təhvil verilən bu materiallar əsasında gələcəkdə muzeyin ekspozisiyasında Səməd Vurğuna aid guşənin yaradılması nəzərdə tutulur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR