...Beyrut limanında sahilə yaxın yerdə gənc cütlük oturub. Onların nəzərləri üfüqə dikilib. Uzaqlara baxır, öz vətənlərinin - bu gün qaynar qazanı xatırladan Yaxın Şərqin tarixi taleyi barədə düşünürlər.

Oğlan şiələrin Dahiyyə məhəlləsindən olan ismaili druzdur. Qızsa xristianların Əşrəfiyyə məhəlləsindən olan maronitdir. Livan paytaxtının əsas bulvarı olan Kornişin sahillərinin gözəlliklərindən zövq alan druzla maroniti bir yerdə, yanaşı oturan görmək yalnız Beyrutda - bəşər sivilizasiyasının doğulub intişar tapdığı və bir neçə mədəniyyətin çulğaşdığı məkanda mümkündür.

Eynulla Fətullayev “Hizbullah”-İŞİD sərhədindən yazır

Başları mehribancasına söhbət etməyə qarışmış bu gənclər - ənənəvi şiə saqqalı qoyan ismaili gənclə nağıllardakı kimi gözəl maronit qız Dauntaun məhəlləsində cəmisi bircə divarla ayrılmış məscidlə kilsəni elə möhtəşəm şəkildə təcəssüm etdirirdilər ki...

Hər tərəfdən məşhur Livan müğənnisi Raqeb Aləmin eşq-məhəbbəti tərənnüm edən populyar mahnısının təranələri gəlir.

Eynulla Fətullayev “Hizbullah”-İŞİD sərhədindən yazır

Beyrutun bu məhəlləsi I Livan müharibəsi, sonra isə İsrailin qəfil hücumu (bəli, söhbət 2006-cı ilin martında Livanın bütün məhəllələrini bürüyən və oraları cəhənnəm alovuna bürüyən 33 günlük müharibə yanğınından gedir) zamanı bütünlüklə xarabazara çevrilmişdi. Şəhər yaxınlıqdakı Biblosu - Finikiya sivilizasiyasının beşiyi sayılan və turistlərin hələ də qədim məbədlərinin xarabalıqlarını gəzib-dolaşmağı sevdikləri Biblosu xarırladırdı. 9 il əvvəl Beyrutu yenə də əbədi Finikiya xarabalıqlarına döndərmək istəyirdilər...

Lakin qaynar nöqtəyə - Suriya sərhədinə çatana qədər söhbətləşmək imkanı tapdığım bütün livanlılar bir ağızdan və fəxrlə bunu deyirdilər: "Bütün ərəb ölkələri arasında yalnız biz ölkəmizin bütövlüyünü qorumağa nail olduq. Bir qarış da torpaq vermədik".

Düz deyirlər.

"Beyrutda olmaq, burada yaşamaq nə dərəcədə təhlükəlidir?" - deyə Yaxın Şərq üzrə təcrübəli ekspertlərdən soruşuram.

"Bu şəhərdə, bu ölkədə həmişə təhlükə var" - cavabları belə olur.

Bu şəhərdə gördüklərim onların da düz dediyini təsdiqlədi. Beyrut Livan Milli Qvardiyasının silahlı əsgərləri ilə doludur. Onlar mərkəzi kvartal və prospektlərdə fasiləsiz olaraq patrul xidməti aparır. Şəhərdə yeni mifik ordunun - İŞİD tərəfdarlarının və döyüşçülərinin ölkəyə gəlməsi barədə şayiələr dolaşır. Lakin livanlılar tam əmindir ki, "Hizbullah" hərəkatı 9 il əvvəl olduğu kimi indi də ölkənin sabitliyinin və toxunulmazlığının qarantıdır.

Bir vaxtlar sırf hədbiləşdirilmiş təşkilat olan "Hizbullah" özünü İran dövlətindən ayırmadığını gizlətməsə də, 2000-ci illərin ortalarından etibarən siyasi və hərbi qanadlara ayrılsa da o, bu gün Livan parlamentində 57 yerə və energetika naziri portfelinə malikdir. Bununla belə müasir Livanın atası, qərbpərəst siyasətçi, baş nazir Rafiq Həririnin qətli ilə bağlı şübhələr də hələ də "Hizbullah"ın üstündə qalır.

Beyrutun bütün mərkəzi hissəsi, daha dəqiq desək, xristian hissəsi Həririnin portretləri ilə doludur. Burada "Hizbullah"ın təsiri o qədər də hiss olunmur. Əfsanəvi baş nazirin məzarı da elə buradaca - Həririnin vəsaiti ilə tikilən Məhəmməd Amin məscidindən bir qədər aralıdadır.

Haaqa tribunalının "Hizbullah"ın briqada generallarını Həririni öldürməkdə ittiham edən hökmü Livanda hamının ürəyincə olsa da bunu heç kəs uca səslə demir, bu həqiqəti dilinə gətirmir. Beyrutun böyük hissəsinə və ölkənin cənubuna nəzarət edən bu qüdrətli təşkilat qarşısında qorxu hissi çox böyükdür.

Bununla yanaşı əksəriyyət Yaxın Şərqin indiki kədərli reallığının alternativsizliyini, daha doğrusu, vəziyyətin çıxılmazlığını dərk edir. İŞİD başkəsənləri ilə geosiyasi tonqala odun atmaqda davam edən vaşinqtonlu kahinlərin yeni amansız layihəsinin qarşısını almağa qadir olan iranpərəst qruplaşma arasında seçim etmək lazımdır.

Eynulla Fətullayev “Hizbullah”-İŞİD sərhədindən yazır

"Əgər onlar olmasaydı, İŞİD artıq Beyrutda oturmuşdu" - deyə livanlılar kədərlə etiraf edirlər.

Bir vaxtlar Bəşər Əsəd rejimi ilə mübarizənin təcəssümü olan Həririnin məzarının yaxınlığında fasiləsiz aksiya keçirilir. Aksiyaçılar ağlını itirmiş İŞİD fanatikləri tərəfindən əsir götürülmüş Livan sərhədçilərinin azad olunmasını tələb edirlər.

Livan-Suriya sərhədi boyunca ərazilərə nəzarət edən İŞİD-in hücumları nəticəsində 11 livanlı əsgər girov götürülüb. Onların artıq 5-nin başı kəsilib. Qalanlarını da bu dəhşətli aqibət gözləyir.

İŞİD Suriyanın Livanla sərhədinin lap yaxınlığındakı Ersal şəhərinə nəzarət edir. Burada Tripoli və Livan-Dəməşq şossesinə nəzarət uğrunda qanlı döyüşlər gedir.

Livanın taleyi Suriyada həll olunur. İŞİD və ona rəğbəti olan yerli sakinlər bütün sərhəd boyunca xeyli dayaq məntəqələri yaradıblar. "Hizbullah"ın minlərlə döyüşçüsü Livan ordusu ilə birlikdə İŞİD-in bölmələrindən biri ilə "Cəbhət ən-Nüsra" terror təşkilatı ilə hər gün döyüşür. 9 il əvvəl olduğu kimi...

"Hizbullah"ın Beyrutdakı əsas dayaq bazası Dahiyyə məhəlləsindədir. Ora daxil olmaq praktiki olaraq mümkün deyil. 33 günlük müharibə zamanı İsrailin əsas hədəfi olmuş bu rayona bütün giriş-çıxışlar xüsusi təyinatlı qüvvələrin ciddi nəzarəti altındadır.

Eynulla Fətullayev “Hizbullah”-İŞİD sərhədindən yazır

Amma "Hizbullah"ın ehtiyat ordusunun (ehtiyatda isə komandirlərinin əmri ilə hər an silaha sarılmağa hazır olan 10 min döyüşçü var) üzvü olan Hüseyn adlı döyüşçü məni şəhərin həmin hissəsinə - Livan şiəliyinin beşiyinə ötürməyə razılaşır.

Məhəllənin qarşısındakı zastavaya yaxınlaşırıq. Patrul Hüseyni üzdən tanıyıb şlaqbaumu tələsmədən qaldırır. Zastavanı ötüb irəli gedirik. Mən bir şəhərin iki hissəsi arasındakı təzadın miqyasından dəhşətə gəlirəm. Sanki dəbdəbəli butiklərlə, çılğın gecə həyatı ilə, dünyəvi həyatın hər cür gözəllikləri ilə aşıb-daşan Avropa paytaxtını tərk edib birdən-birə müasir İran şəhərinə daxil olursan! Küçələr İran İslam İnqilabı liderlərinin portretləri, "Hizbullah"ın sarı bayraqları, şiəliyi ifadə və vəsf edən simvol və şüarlarla doludur...

Dahiyyədəki əsas şiə məzarlığının qarşısındayıq. İsraillə müharibədə şəhid olanlar burada uyuyur. İŞİD-lə müharibədə həyatını itirən yeni şəhidlərin də ilk məzarları burada peyda olub. Hər məzarın başında şəhidlərin yaxınları, valideynləri və övladları oturub ağlayır, şiə ənənəsinə uyğun olaraq mərsiyə deyir.

Eynulla Fətullayev “Hizbullah”-İŞİD sərhədindən yazır

Bizə çəkilişə icazə verirlər. Hərçənd ki, saqqallı fanatiklərin heç də isti olmayan çəpəki baxışları ilə qarşılaşırıq - bu həyat onlardan ötrü böyük və heç vaxt bitməyəcək bir müharibədir. Buna baxmayaraq hər şeyi lentə köçürməyə çalışırıq.

"Onların hamısı "Hizbullah"ın əsgər və döyüşçüləridir. Onların hamısı öz vaxtlarını gözləyir" - deyə müşayiətçim Hüseyn bir qədər də ikimənalı tərzdə bildirir.

Livanın dünyəvi Avropa hissəsi Hüseynin daha çox ürəyincədir. Hüseyn səmimi şəkildə etiraf edir ki, əksər livanlılar kimi o da bu dünyanın nemətlərinə biganə deyil.

"Amma yalnız evin içində!" - deyə o, əlavə edir.

Həmin gənc cütlük - druz oğlanla xristian qız, bir-birinə qonşu olan məscid və kilsə, Dahiyyə və Əşrəfiyyə... onlar buradaca gözümün önündə canlanır. İki dünya, iki fərqli qütb, iki ziddiyyət, Raqeb Aləmin sevgini vəsf edən lirikası və mərsiyə, bir-biri ilə qucaqlaşıb sarmaşmış təzadlar - bütün bunlar dünyanın bu qeyri-adi hissəsində harmonik şəkildə çulğaşaraq iki fərqli mədəniyyəti vahid bir tam halına gətiriblər.

Beyrutun şiələrə aid hissəsində gəzməkdə davam edirik.

-Başımıza tonlarla bomba tökülüb. Lakin heç birimiz qaçmamışıq. Öz şəhərimizi tərk etməmişik. 2006-cı ilin yazındakı o dəhşətli günləri heç vaxt unutmayacağıq,- deyə ənənəvi şiə adını daşıyan müşayiətçim Hüseyn (burada hər iki adamdan birinin adı ya Hüseyn, ya da Həsəndir) söhbətini davam etdirir.

-Siz "Hizbullah"ın və Livan şiələrinin bu mətanətini və möhkəmliyini nə ilə izah edirsiniz? Bəs bizimkilər düşmənin ilk gülləsindən sonra Ağdam və Şuşadan niyə qaçdılar? - deyə həmsöhbətimdən soruşuram.

-Bizim qaçmağa yerimiz yox idi,- Hüseyn qətiyyət və əminliklə cavab verir.

...Qəzza sektorundan olan fələstinli qaçqınların düşərgəsinə yaxınlaşırıq. Məlum olur ki, bu bədbəxtlərin isə qaçmağa yeri olub - onlar mühasirədəki Dahiyyənin kvartallarına pənah gətiriblər. Bu rayon taxta parçalarından quraşdırılmış gecəqondulardan, sınıq-salxaq daxmalardan ibarətdir. Orada on minlərlə qaçqın yaşayır. Burada dəhşətli dərəcədə idbar, antisanitariya vəziyyəti hökm sürür.

Hara baxırsansa, yalnız "Kalaşnikov" avtomatını qoltuğuna sıxmış eybəcər və kədərli simaları görürsən.

Maşından çıxıb onlarla danışmaq istəyirəm. Amma Hüseyn başını bulayıb "yox" deyir. Az qala məndən ikiəlli yapışıb saxlayır: "Maşından düşmə. Bura həddən artıq təhlükəli yerdir!"

Başımı qaldırıb baxıram. Kütlənin başının üstündə Suriya diktatoru Bəşər Əsədin portretləri ucalır. Tarixi fəlakət gözlərim önündədir. Əgər Əsədlər dünən Livandan ötrü işğalçı qüvvə, əsas təhlükə mənbəyi, əfsanəvi Rafiq Həririnin ölümünün baiskarı idisə, Əsədlərin bu gün sağ qalan nümayəndəsi Bəşər Əsəd bu ölkəni tam məhv olmaqdan qoruyacaq sonuncu qala deməkdir.

Eynulla Fətullayev “Hizbullah”-İŞİD sərhədindən yazır

-Yaxşısı budur buradan gedək,- Hüseyn dillənir.

O, buradakı fələstinlilərin - digər təşkilatın, yəni HƏMAS-ın (Qərb bu təşkilatı da terrorçu kimi tanıyır) tərəfdarı olan adamların nəzarətdən kənar olduqlarına və başqalarına dost münasibəti bəsləmədiklərinə eyham vurur.

Eynulla Fətullayev “Hizbullah”-İŞİD sərhədindən yazır

Öz yurd-yuvalarını tərk etməyə məcbur olan minlərlə fələstinli Beyrutun İran sektorunda da özünə sığınacaq tapmayıb harada tapası idi ki?! Rəsmi Tehran fələstinliləri və HƏMAS-ı hamıdan çox dəstəkləyir.

Burada hamı Livan sələfilərinin aeroportda tutulan lideri Şeyx Əhməd əl-Əsirin həbsini müzakirə edir. Lakin İranın xarici işlər naziri Cavad Zərifin Beyruta qəfil səfəri də diqqət mərkəzində idi.

Çoxəsrlik tarixə malik amansız fars siyasətinin çevik davamçılarından olan C.Zərif Türkiyəyə səfərini qəfildən yarıda kəsərək Beyruta uçur. Burada Livan hökumətinin və "Hizbullah"ın rəhbərləri ilə bağlı qapılar arxasında məsləhətləşmələr aparır. Beyrutu tərk edib Bəşər Əsədin yanına, oradan isə Moskvaya uçur.

"Heç kim də bilmədi ki, Cavad Zərif bura niyə gəlmişdi və bizim liderlərlə nə haqda danışdı" - deyə İranın Əsədi satması və "Hizbullah"ı dəstəkdən məhrum etməsi barədəki hətta ehtimalları da rədd edən yerli ekspertlər bildirir.

Eynulla Fətullayev “Hizbullah”-İŞİD sərhədindən yazır

Onların qənaətinə görə, bu ehtimallara söykənən ssenari İran diplomatiyasının çoxillik Yaxın Şərq siyasətinin labüd iflası demək olardı. Əsədin süqutu Livandakı status-kvonun mütləq dəyişməsinə gətirib çıxarar. Ölkə bir anda çökər. Livanda ABŞ-la İran arasında Suriya məsələsinə görə anlaşma əldə etmək imkanlarına da çox skeptik yanaşırlar və belə bir şeyin baş verəcəyinə inanmırlar.

"Bu, ola bilməz, çünki ola bilməz" - deyə "Hizbullah"ın fəalları və zabitləri bir ağızdan və qətiyyətlə bildirir.

Onlar əmindirlər ki, əgər belə şey olsa, Livan İŞİD başkəsənləri tərəfindən ələ keçiriləcək.

Çoxu təəccüblə soruşurdu ki, uzaq Azərbaycandan olan jurnalist burada nə itirib-axtarır.

"Bizim torpaqlarda nə axtarırsan?" - deyə "Hizbullah"ın dəhşət saçan ehtiyat eskadrilyasının döyüşçüləri heyrətlərini gizlətməyərək sual verirdilər.

"Axı min il əvvəl olduğu kimi indi də bütün bəşəriyyətin taleyi bu torpaqlarda həll olunur. Bu geosiyasi üçbucaqda nələrin baş verdiyini bilmədən çağdaş dünyanı necə başa düşmək olar?" - cavab verirəm.

Amma bilmirəm ki, bu cavab həmsöhbətlərimi qane edir, ya yox. Lakin onlar məni Dəməşqə təhlükəli səfərə getmək fikrimdən inadla döndərməyə çalışırlar. Oradan Suriya paytaxtına cəmi bir saat yarıma çatmaq olar. Orada isə "Hizbullah"la İŞİD arasında hələ də amansız döyüşlər gedir...

Üstəlik Türkiyə-Suriya sərhədində də döyüşlərin getməsinə dair bir-birinin ardınca xəbərlər gəlir. Digər terror təşkilatının, yəni PKK-nın Diyarbəkirdə türk jandarmeriyasına hücumu barədə məlumat yayılıb. Ona görə də qaynamaqda davam edən Yaxın Şərq qazanına bu dəfə Türkiyə tərəfdən baxmağa qərar verirəm.

Beyrutun Avropa hissəsinə digər, şimaldakı xristian kvartalından keçməklə qayıdırıq. Və burada mənim rastıma "Qarabağ", Ermənistan bayraqları, erməni dilində yazılar çıxır.

Təəccübümün hüdudu olmur. Lakin dərhal da Beyrutda məşhur erməni kvartallarının olduğunu yadıma salıram. Bu məhəllələr təxminən 100 il əvvəl elə gedəcəyim şəhərdən - həmin o Diyarbəkirdən qaçan ermənilər tərəfindən salınıb. Zamanla xalqlar arasındakı bağlar, tarixin fəlsəfəsi bizi bu əbədi şəhərin hər tinində, hər küçəsində təqib edir. Yetər ki, başını qaldırıb ətrafa baxasan. Hər şeyi görürsən...

Eynulla Fətullayev “Hizbullah”-İŞİD sərhədindən yazır

Erməni məhəlləsinin dar və qədim küçələri başdan-ayağa emalatxanalarla, sənətkar sexləri, dərzixana və bərbərxanalarla doludur. Bəli, bəli, 70-ci illərin sovet Bakısında olduğu kimi ermənilər burada da əsasən sənətkarlıqla məşğul olur.

Yerli sakinlər deyir ki, Beyrutun erməni məhəllələrində son 100 ildə demək olar ki, heç nə dəyişməyib. Suvağı uçub-tökülən köhnə evlər artıq dağılmaq üzrə olsa da onların yeni sakinləri var. Erməni məhəlləsi 100 ildən sonra da qonşu Suriyadan, hətta uzaq İraqdan gələn ermənilərə qucaq açır.

Məhəllənin yeni sakinləri - uzaq ölkələrdən olan ərəblər isə narıncı-göy simvolikanın və əksər emalatxanaların, zərgər dükanlarının, bərbərxanaların üstünə vurulmuş möcüzəvi "Qarabağ" sözünün mənasını çətinliklə anlayırlar. Erməni diasporu Beyrutun yarım milyonluq erməni əhalisindən gurultu ilə danışsa da rəsmi statistikaya görə, bu şəhərdə 140 min erməni yaşayır.

Ən təəccüblüsü odur ki, Azərbaycanın Livandakı səfirliyi özü üçün nəyə görəsə məhz erməni məhəlləsində bina kirayələyib. Elmar Məmmədyarov və Azərbaycanın xüsusi xidmət orqanları bu haqda düşünməlidir...

Bəli, bütün dünyada türk diplomatlarını qətlə yetirən ASALA terror təşkilatı haçansa məhz bu küçələrdə doğulub.

Bu fikir mənə rahatlıq vermirdi: bütün terror təşkilatları nəyə görə məhz bu qədim Bibliya torpaqlarında yaranıb, burada nəyə görə həmişə öldürüblər, burada niyə həmişə qan axıdılıb?

Yenə də tarixin fəlsəfəsi...

Bu gün Suriya sərhədlərinin o tərəfində demək olar ki, hər gün türk hərbçilərinin qanı axıdılır. Görünür, tarix orada da başa çatır. Mən qaynar qazana dönmüş Livandan alovlar içində olan Diyarbəkirə uçuram...

Eynulla Fətullayev

Virtualaz.org