Daşkənddə “Arşın mal alan” musiqili komediyası əsasında hazırlanan konsert-tamaşa nümayiş olunub

Daşkənddə “Arşın mal alan” musiqili komediyası əsasında hazırlanan konsert-tamaşa nümayiş olunub
13:28 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Daşkənd, 27 yanvar, AzərTAc
Özbəkistan Milli Dram Teatrında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası əsasında hazırlanan konsert-tamaşanın təqdimatı olub.
Təqdimat mərasimində səfirliyimizin əməkdaşları, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə hazırlanan konsert-tamaşanın bədii rəhbəri və dirijoru Özbəkistanın Əməkdar İncəsənət Xadimi, professor Firuza Abdurahmanovadır.
Səfirliyimizin birinci katibi, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mərasimdə çıxış edərək teatrın təşəbbüsünü yüksək qiymətləndirib, Özbəkistanda Azərbaycan mədəniyyətinə böyük maraq olduğunu qeyd edib. O, iki ölkə arasında mədəni sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu və gələcəkdə də belə layihələrə dəstək veriləcəyini bildirib.
Konsert-tamaşanın musiqi nömrələrini Beynəlxalq müsabiqələr laureatı “Qolden Trophu” Ansamblı və “Soqdiana” Dövlət Xalq Çalğı Alətləri Kamera Orkestri ifa edib.
Tədbirdə operettadan ariya, duet və mahnılar, xor nömrələri ifa edilib. Əsgərin və Gülçöhrənin ariyalarını Beynəlxalq müsabiqələr laureatları Rüstəm Alimardanov və Masuma Boltabaeva səsləndiriblər.
Bədii rəhbər Firuza Abdurahmanova çıxış edərək bu unudulmaz əsər əsasında konsert-tamaşanın hazırlanmasında dəstəyə görə səfirliyimizə və Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Daşkənd


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR