ATV-də yayımlanan “Kimdir nömrə1?” müsabiqəsinin növbəti buraxılışı dünən baş tutub.

Axşam.az-ın məlumatına görə, müğənni Gülay Zeynallı və Ayaz Qasımov duelə çıxıblar. Sevilən mahnılarını səsləndirən gənclərə xalq artisti Arif Babayev də dəstək olub. Canlı yayıma telefonla bağlanan muğam ifaçısı G.Zeynallıya uğurlar arzulayıb:

“Gülayı qiymətləndirirəm. Ona 8 il dərs demişəm. Estrada, muğam və başqa janrlarda da ifa edir. Çox istedadlı müğənnidir”.

G.Zeynallı isə “Çalışıram ustadımın adını hər yerdə uca tutum. Arif Babayevin tələbəsi olmuşam. Qismət olsa, bu il magistraturaya daxil olub yenə ondan dərs alacam”, - deyə bildirib.

48 faiz səs toplayan Ayaz Qasımov Gülay Zeynallıya uduzaraq yarışmadan gedib.

Sonda iştirakçıların səsverməsi ilə gələn həftə duelə çıxacaq ifaçıların adları bəlli olub. Adı ən çox çəkilən Orxan Babazadə Aysel Əlizadəni duelə çağırıb.

Qeyd edək ki, “Kimdir nömrə 1?”in iştirakçıları müğənni İlahə İbadova, Aysel Əlizadə, Yaşar Cəlilov, Nurlan Təhməzli, Orxan Babazadə, Yaşar Yusub və Rəvan Qarayevdir.

Aparıcılığını Cavid Gülün etdiyi yarışmanın ekspertləri Afaq Gəncəli və prodüser Tolikdir.

Veriliş hər həftənin çərşənbə axşamı saat 22:30-da yayımlanır.