x
Loading...

Tünzalə Ağayeva: “İnanmağım gəlmir ki, ABŞ İranı bombalasın” - MÜSAHİBƏ

Tünzalə Ağayeva: “İnanmağım gəlmir ki, ABŞ İranı bombalasın” - MÜSAHİBƏ
10:04 7 Sentyabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+
.

“Azərbaycan parlamentilə ABŞ Senatı arasında sıx münasibətlər qurulmalıdır”

Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayevanın Lent.az-a müsahibəsi

Əməkdar artist Tünzalə Ağayevanın yaxşı səsə malik, özünün də ixtisasca müəllim olduğunu bilirdik. Sən demə, o, həm də siyasətlə maraqlanan bir şəxs imiş. Lent.az-ın “Ciddi-Ciddi” rubrikasına müsahibəsində Tünzalə xanım ABŞ-İran münasibətləri, demokratiya, Azərbaycanın Seçki Məcəlləsi və digər sualları özünəməxsus şəkildə cavablandırıb.

- Siyasətlə nə dərəcədə maraqlanırsınız?

- Adi vətəndaş səviyyəsində. Çünki bu sahə mənim işlədiyim sahədən, məkandan tamamilə başqa, fərqli və uzaqdır. Ancaq əlbəttə ki, siyasət - belə demək mümkünsə - ölkəni saxlayan qüvvədir. Siyasət haradasa ən adi vətəndaşları da bəlli bir dozada maraqlandıra bilər və maraqlandırır da. Çünki siyasət millətin, ölkənin müqəddəratını həll edir. Müqayisə aparsaq, tibb və iqtisadiyyat haqqında hər kəsin informasiyası olmasa da, siyasət elə bir məkandır ki, hər bir şəxsi maraqlandırır və narahat edir. Özümə gəldikdə, siyasətlə adi vətəndaşların səviyyəsində maraqlana bilərəm, yaxud informasiyam ola bilər.

- Yəni siyasətə xüsusi marağınız yoxdur...

- Xüsusi maraq göstərməyə imkanım yoxdur, həm də tamamilə başqa bir sahədə çalışıram. Ona görə də düşünmürəm ki, xüsusi bir diqqət yetirə bilərəm. Amma əlbəttə, gözümüzün önündə keçirilən tədbirlər, digər proseslərin şahidi oluruq. Hansısa konfransların, tədbirlərin bədii hissəsi ilə yanaşı siyasi mahiyyəti olan hissəsi də olur. Biz o tədbirlərdə ifaçı kimi qatılarkən müəyyən informasiyalar da almış oluruq. Yəni siyasətdə iştirakım belə olur, ünsiyyətim də olur.

- Siyasətçilərdən kimləri tanıyırsınız?

- (düşünür). Bəlkə köməyə müraciət edim... (Tünzalə xanım prodüseri Yalçına səslənir, amma o da cavab verə bilmir). Bilirsiniz, bir az ehtiyat edirəm. Mən adlar çəkə bilərəm hansı ki, o şəxslərin siyasi dairələrlə işi var, amma siyasətçi deyil. Qənirə xanım (Qənirə Paşayeva nəzərdə tutulur – P.A.). O millət vəkilidir və siyasətini daha yüksək səviyyədə qurmaq istəyir. Çox böyük hörmət bəslədiyim və həmişə söhbətlərinə qulaq asdığım bir politoloq da var: Vəfa Quluzadə. Vəfa müəllim çox gözəl, şəffaf, aydın şəkildə, tamaşaçının başa düşdüyü formada gözəl izahlar verir.
Əslində bu sırada birinci ulu öndərimiz Heydər Əliyevin adını çəkməli idim. Çünki o siyasətçilərimizdən bir nömrəli olanıdır.

- Xarici siyasətçilər arasında kimlərin adını çəkə bilərsiniz?

- (düşünmədən) Madlen Olbraytın adını çəkə bilərəm. Kondoliza Rays, Tetçer və Hillari Klinton da siyasətçilərdir.

- Bu cavabda gender bərabərliyini kobud şəkildə pozdunuz... Başqa suala keçək. Azərbaycandakı “Sərbəst toplaşma azadlığı haqqında” qanunun necə olmasını istəyərdiniz?

- Başqa ölkələrdə olduğu kimi bizdə də bu toplaşmaya haradasa ehtiyac var, bu normal bir şeydir. Çünki demokratik ölkədə yaşayırıq. Buna görə də hər bir vətəndaşın, qurumun, partiyanın, hansısa fikir ətrafında toplaşmaq istəyənlərin haqqı, hüququ var. Ancaq bir şey də arzulayıram. Hər bir demokratiya ölkənin əsas qanununa – Konstitusiyaya köklənir. Bizdəki qurumlar, partiyalar hər hansı bir azad fikrin ətrafında toplaşırlarsa, bunu ölkə qanunlarından çıxış edərək və qanunları pozmadan etməlidirlər. Demokratiya deyəndə, bu elə bir azadlıq çərçivəsidir ki, onu keçsən qeyri-azadlıq, yəni anarxiya, özbaşınalıq yaranmağa başlayır. Demokratiya dediyimiz o azadlığın da özünə görə bir çərçivəçi var. Bu çərçivəyə də qanuna hörmət, qanunu saymaq, milləti, ölkəni saxlayan əsas amillərə hörmət etmək, hər şeyə haqq-ədalətlə yanaşmaq, tənqid edəndə də düzgün tənqid etmək daxildir, şəxsi mənafedən irəli gələrək olan tənqid yox. Hesab edirəm ki, bu məsələdə daha yaxşı nailiyyətlər əldə edə bilərik. Çünki insanlarımız şükür Allaha sağlam şüurlu insanlardır.

- Kompliment deyil, amma Siz doğrudan da politoloq-filsof kimi danışırsınız...

- (gülür) Mən belə şeylərdən danışanda çox ehtiyatlanıram, baxmayaraq ki, arabir maraqlanıram. Məsələn, Heydər Əliyevin vaxtilə çəkilmiş lentlərini, onun danışıqlarını televizorda verəndə baxıram. Adi vətəndaş nöqteyi-nəzərindən onun çox sadə və səlis nitq söyləməsi məni heyran edir. O elə danışırdı ki, ucqar kənddə, dağın başında sürüsünü rahatlayıb ekran başına gələn çoban da dediklərini yaxşı anlayır, başa düşürdü.

- 15 oktyabr seçkisindən əvvəl Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edildi. Bundan xəbəriniz var idimi?

- Sözün düzü, söhbətin məhz hansı dəyişikliklərdən getdiyini bilmirəm.

- Ümumiyyətlə, Seçki Məcəlləsinin hansı standartlara cavab verən formada olmasını istəyərdiniz?

- Belə baxanda, həmişə millət, xalq öz liderini seçmək istəyir – hansı ki, həmin liderə söykənmək istəyir, onda perspektivlər, yeniliklər görür. Hansı ki, insanlar müasirlik və yaxşı şərait, özlərindən sonra gələn nəsil üçün zəmanət istəyir. Azad cəmiyyətdə həmişə müxtəlif siyasətçilər, müxtəlif ictimai xadimlər, partiya başçıları olur. Dünya təcrübəsi bunu göstərir ki, xalq mütləq şəkildə bir adamı seçmir. Bu məsələ həmişə səs faizinə bağlı olub. Kimin nə qədər səs toplaması ona olan inamın göstəricisi olur. İstənilən halda, birdən-birə siyasi arenaya atılıb səs toplamaq istəyənlər çox səhv iş görmüş olurlar. O insan işi və təcrübəsi, millətə qayğısı ilə, uğurları ilə vətəndaşların sevgisini qazanır, ona inam yaranır. Artıq o elə bir zirvəyə çatır ki, sabah millətin lideri olmaq istəyəndə insanların böyük əksəriyyəti rahat şəkildə gedib səs verərək onu seçirlər. Necə ki, biz İlham Əliyevə səs verdik. Şablon səslənməsin, amma Heydər Əliyev məktəbi, İlham Əliyev siyasəti bu gün göz qabağındadır. Şəxsən mən bu gün demokratik Azərbaycanın adi bir vətəndaşı kimi ona alternativ görmürəm.

- Bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyada 3 ölkə prezidentinin – Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının iştirakilə Moskva Bəyannaməsi imzalandı. Necə fikirləşirsiniz, həmin sənəd münaqişənin həllinə nə dərəcədə yardımçı ola bilər?

- Mən inanmaq istəyirəm ki, həmin sənəd münaqişənin həllinə kömək edəcək. Biz illərdir bu yöndə siyasi mübarizə aparırıq. Əlbəttə, cənab prezidentin sözlərini təkrarlasaq, biz müharibə yolu ilə də torpaqlarımızı qaytarmağa hazırıq və bu addımı da ata bilərik. Məncə bu, sonuncu hədd ola bilər. Ancaq hələ ki, dövlət başçımız bu yöndə siyasət yürüdür, insanların qanının axmasını istəmir. Çünki biz bu dəhşətləri yaşamışıq. Beynəlxalq ictimaiyyət də müharibəyə birmənalı baxmır. Bu baxımdan, siyasi həll yolu ən çətin və ən uzun olanıdır. Azərbaycanın o qədər resursları var ki, biz ondan istifadə edərək çox şey etməliyik. Biz regionda böyük nüfuz sahibiyik, artıq dünya bizim sözümüzlə razılaşır. Siz dediyiniz o sənədə gəlincə - istərdim Türkiyə kimi Rusiya da münaqişə məsələsində Azərbaycana dəstək olsun. Bu perspektivə inanmaq istəyirəm. Əlbəttə, Rusiya birtərəfli iş görə bilməz, hər iki tərəflə bir razılaşma olmalıdır. Görək bu ölkə (Rusiya nəzərdə tutulur – P.A.) bizi nə qədər razı salacaq.

- ATƏT-in Minsk qrupunun münaqişəni ədalətli tənzimləməsinə inanırsınızmı?

- Onlar televizorda çox danışırlar. Ancaq illərin təcrübəsi göstərir ki, normal bir nəticə yoxdur. Bu, yalnız kağız üzərində qalmaqdan və vaxt uzatmaqdan başqa bir şey deyil. Ancaq istəyirəm ki, hansısa addım atılsın – illər uzunu böyüyən bu problemi yerindən tərpədə bilsin.

- Son vaxtlarda Türkiyə ilə Ermənistan arasında əvvəlki vaxtlarla müqayisədə isti münasibətlərin şahidi oluruq. Hətta sərhədlərin açılması məsələsi də gündəmə gəlib. Bu mövzuda da düşüncələrinizi öyrənmək maraqlı olardı...

- Bilirsiniz, bayaqdan danışdığımız bu siyasət elə bir sahədir ki, orada birtərəflilik mümkün deyil - onda siyasət olmur. Siyasətdə dostla da, düşmənlə də bir yerdə oturmağı bacarmaq lazımdır. Bütün dövrlərdə belə olub. Bizim düşmənimiz var və bunu bizimlə bərabər bütün dünya, o cümlədən Türkiyə də bilir. Türkiyə bizə dəstək olub və inanıram ki, yenə olacaq. Əgər onlar bu gün Ermənistanla hər hansı danışıqlara, böyük-kiçik razılaşmalara gedirsə, normal halda bu bizi çox da narahat etməməlidir. Buna Türkiyənin öz prizmasından baxsaq çox normaldır. O prizmadan ki, onlar - Türkiyə tərəfi dünyaya nəsə göstərməlidir. Bu prizmadan baxanda onlara bəraət qazandırmaq olur. Bəlkə biz də nə vaxtsa belə addımlar ata bilərik. Çünki siyasəti başqa şeyləri diqtə edir. Ancaq istənilən halda hesab edirəm ki, Türkiyənin Ermənistanla münasibətləri az da olsa yaxınlaşsa o demək deyil ki, Azərbaycan kənarda qalır, yaxud bizim qardaşlığımızda soyuqluq əmələ gələ bilər. İnanıram ki, Türkiyə tərəfi ermənilərlə danışarkən Qarabağ problemi dillərindən düşmür, əsas mövzulardan biri də məhz bu olur. Hər halda buna inanmaq istəyirəm.

- ABŞ və digər ölkə qoşunlarının İraq və Əfqanıstana yeridilməsi ilə bağlı nə deyə bilərsiniz? Sizcə ABŞ məsələn, İraqı işğal edib, yoxsa öz sülhməramlıları ilə demokratiya və sabitlik gətirib?

- Ümumiyyətlə, heç bir millətə işğal arzulamıram, o cümlədən özümüzə də. Heç bir millətə kiminsə tapdağı altında olmasını istəmirəm. Təəssüflər olsun ki, bəzən sülhməramlı adı ilə başqa siyasət də yürüdürlər. Bir insan kimi buna dəhşətli baxıram. Axı orada yaşayan millətlərin də tam azadlıq haqları var. Onlar da bir ölkə, bir xalqdır. Axı onların nefti olduğuna görə niyə başağrısı ilə yaşamalıdırlar? Təəssüflər olsun ki, həmişə kiçik ölkələr, millətlər böyük dövlətlərin marağının qurbanı olur, istifadə düşərgəsinə də çevrilir. Ancaq həmin millətlərin başında duran insanlardan da çox şey asılıdır. Məncə, siyasəti illərlə, hətta əsrlərlə elə qurmaq olar ki, sonrakı nəsillər əziyyət çəkməsin.

- Barak Obamanın prezident seçilməsi ilə ABŞ-ın Azərbaycanla bağlı siyasətində dəyişiklik olacaqmı?

- Şəxsən mənim üçün qaradərili insanın Amerikanın başında oturması maraqlı oldu. Bu, böyük inqilabdır. Obama cavan insandır, hər halda perspektivlidir, çoxlu da vədlər verib. ABŞ-ın baxışlarının dəyişib-dəyişməməsinə gəlincə, mən bilirəm ki, orada məsələləri təkcə prezident həll etmir, Senatın da rolu böyükdür. Hesab edirəm ki, Azərbaycanın ABŞ Senatı ilə sıx münasibətləri olmalıdır. Bu halda ölkələr arasında münasibət yaxşı olar. Azərbaycan parlamentilə ABŞ Senatı arasında sıx münasibətlər qurulmalıdır. Diaspora qurumlarının fəaliyyətinin zəruriliyini isə xüsusi vurğulamaq istəyirəm.

- Sizcə ABŞ İranı bombalayacaq, yaxud bu ölkəyə girəcək?

- (gülür) Vallah, elə qəliz suallar verirsiz ki... Nə deyim, inanmağım gəlmir ki, ABŞ İranı bombalasın, yaxud qoşun yeritsin. Baxmayaraq ki, bunu İraqa və başqa ölkələrə qarşı ediblər. Məsələ burasındadır ki, İraqa sülhməramlı adı ilə giriblər. Yəqin ki, İrana qarşı açıq müharibə etməzlər, dünyadan ehtiyatlanarlar. Məncə, ABŞ-ın İrana hücum etməsi ürəyindən keçsə də, nələrsə onları dayandırar... Elə əslində siyasətin özəlliyi, qanunu da budur. Amerika bu məsələdə ağıllı davranmalıdır. Mən yaxın gələcəkdə ABŞ-la İran arasında müharibə təsəvvür etmirəm...

Pərvin ABBASOV


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/13310

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR