Tokio, 13 sentyabr, AZƏRTAC.
Yaponiyanın Baş naziri Şinzo Abe Tokionun şimalında leysan yağışlar nəticəsində daşqınlardan zərər çəkmiş İbaraki prefekturasının Zyoşo şəhərinə səfər edib. Burada yerli sakinlərlə görüşən Baş nazir bildirib ki, hökumət itkin düşənlərin tapılması və kənar aləmlə əlaqəsi kəsilmiş şəhərdə normal həyata qayıtması üçün mümkün olan hər şeyi edəcək.
Daşan çayın zərər vurduğu əraziləri nəzərdən keçirən Baş nazir jurnalistlərə bildirib ki, bu, baş vermiş dağıntının miqyasını daha dərindən bilməyə kömək edəcək.
Ş.Abe, həmçinin qeyd edib ki, hələ də yerli sakinlərin bir çoxu ilə əlaqə yoxdur və hökumət axtarış-xilasetmə işlərinin genişləndirilməsi üçün mümkün olan bütün addımları atacaq. Müvafiq qurumların rəhbərləri əraziyə lazım olan qədər polis, yanğınsöndürən və Sahil Mühafizəsinin əməkdaşlarının göndərilməsini təmin edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio