Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın avqustun 14-də elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.
Müsabiqədə iştirak etmək arzusunda olan namizədlərdən 107-si Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 4 vakant vəzifəsinə sənəd verib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, RYTN-in Elektron idarəçiliyin inkişafı şöbəsindəki aparıcı məsləhətçi vakansiyasına 79, beynəlxalq əməkdaşlıq şöbəsi və beynəlxalq tədbirlərin təşkili sektorundakı məsləhətçi vakansiyasına 13, aparıcı məsləhətçi vakansiyasına 14, Elektron Təhlükəsizlik Mərkəzinin beynəlxalq əlaqələndirmə və əməkdaşlıq sektorunun müdiri vakansiyasına 1 namizəd ərizə təqdim edib.
Qeyd edək ki, müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Sənəd verən namizədlər ilk növbədə test imtahanı verir və uğur qazananlar müsahibədə iştirak etmək hüququ əldə edirlər.