Bakı, 19 sentyabr, Ramiz Quliyev, AZƏRTAC
Avrasiya İqtisadi Birliyi ölkələrində şəxsi istifadə üçün nəzərdə tutulan audio-video aparatlarının və texnikanın satışı zamanı texnikanın dəyərinin 1 faizi həcmində rüsum tutulacaq.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Avrasiya İqtisadi Birliyində müəllif hüquqlarının və əlaqəli hüquqların kollektiv əsasda idarə olunmasının tənzimlənməsi haqda sazişin layihəsi Rusiya, Belarus və Qazaxıstanda dövlətdaxili razılaşdırma mərhələsindən keçib. Kollektiv idarəetmə haqqında sazişdə “fonoqramlardan və audio-video əsərlərdən şəxsi məqsədlər üçün istifadə olunmasına görə” müəlliflərin, ifaçıların, audio və video məmulatları istehsalçılarının mükafat almaq hüququ nəzərdə tutulur.
Sənədin son versiyasında rüsumun texnika və daşıyıcıların dəyərinin 1 faizi həcmində olacağı təsbit edilib. Rüsumun tutulması qaydası hər bir ölkənin qanunvericiliyi ilə tənzimlənəcək.