Bakı, 19 sentyabr, AZƏRTAC
Bu vaxtadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Qaradağ” və “Qalmaz” qaz anbarlarına ümumilikdə 1 milyard 466 milyon 218 min kubmetr qaz vurulub. Bunun da 680 milyon 422 min kubmetri “Qaradağ”, 785 milyon 796 min kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb. Mövsümün sonuna kimi anbarlara ümumilikdə daha 2 milyard kubmetr qazın vurulması proqnozlaşdırılır.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyev tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədilə şirkətin qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə təxirə salınmadan və yüksək keyfiyyətlə yerinə yetirilir. Hazırda payız-qış mövsümü üçün “Qaradağ” və “Qalmaz” qaz anbarlarına təbii qazın vurulması uğurla davam etdirilir. Bu proses mövcud qrafikə uyğun olaraq apreldən başlanıb və cari ilin noyabrda başa çatdırılacaq.