Bakı, 21 sentyabr, AZƏRTAC
“İki sahil” qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırlayıb. İyirmi sentyabr - Neftçilər Günündə işıq üzü görən 200 səhifəlik xüsusi buraxılış Azərbaycanın neft-qaz sənayesinin 21 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.
İyirmi bir illik tarixi yol “Əsrin müqaviləsi”nin müstəqil Azərbaycanın qarşısında hansı iqtisadi və siyasi imkanları açdığına işıq salır, qarşıdakı illər barədə aydın təsəvvür formalaşdırır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı bu gün Azərbaycanın iqtisadi imkanlarının və beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyil. 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlarının neft-qaz sərvətlərinin birgə işlənməsinə dair nüfuzlu xarici şirkətlərlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanan, tarixə “Əsrin müqaviləsi” kimi daxil olan bu mühüm Saziş Azərbaycanın iqtisadi imkanlarının təqdimatında, dünya iqtisadi sisteminə inteqrasiyasında əhəmiyyətli rol oynadı. Xüsusi buraxılışın ana xəttini təşkil edən bu inkişaf fonunda keçmişə nəzər salmağa bir zərurət duyulur.
Ölkə iqtisadiyyatının inkişafında neft amilinə yüksək dəyər verən ulu öndər Heydər Əliyev Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəni qarşıya mühüm vəzifə kimi qoymuşdur.
Xüsusi buraxılışın üz qabığında dahi şəxsiyyət Heydər Əliyevin “Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” fikrinin yer alması təbii ki, bu məqsədin fonunda Azərbaycanın hansı uğurlara imza atdığını daha aydın şəkildə təqdim etməyə əsas yaradır.
Sonrakı səhifədə Ümummilli Liderin gələcəyə inamını əks etdirən “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. “İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq” fikrinin davamı olaraq Prezident İlham Əliyevin “Ölkədə çox güclü sosial siyasət aparılır, işsizliyə qarşı mübarizə güclənir, yoxsulluq azalır. Sənaye potensialımız və qeyri-neft sektoru inkişaf edir. Bütün bu uğurların təməlində birmənalı deyə bilərəm ki, 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” dayanır” tezisi öz əksini tapıb. Bu tezis neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafının, bir sözlə, iqtisadiyyatın şaxələndirilməsinin dövlət siyasətində əsas yer tutduğunu bir daha təsdiqləyir. Təbii ki, bu da ulu öndər Heydər Əliyevin neft gəlirlərindən səmərəli istifadə etmək məqsədilə yaradılmasına böyük zərurət duyduğu və Fərmanı əsasında yaradılan Dövlət Neft Fondunun vəsaitlərinin təyinatı üzrə xərclənməsindən irəli gəlir. Məhz bu əsasda Prezident İlham Əliyev Dövlət Neft Fondunu şəffaflıq meyarları üzrə nümunəvi qurum kimi dəyərləndirir.
Neft strategiyasının uğurla həyata keçirilməsində neftçilərin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilib. Məhz ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə Neftçilər Gününün təsis edilməsi, hər il 20 sentyabr ərəfəsində neçə-neçə qabaqcıl neftçinin yüksək dövlət mükafatları ilə təltif edilməsi cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilərin əməyinə verilən qiymətin, onlara diqqətin bariz nümunəsidir.
Bu fikir isə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Neftçilər Günü münasibətilə təbrikində əksini tapıb.
Xüsusi buraxılışda dövlətimizin başçısı İlham Əliyevin “…Bizim bərabər həyata keçirdiyimiz böyük layihələr bu gün dünya enerji xəritəsinə yeni çalarlar gətirmişdir. İndi bölgəni birgə icra etdiyimiz layihələrsiz təsəvvür etmək mümkün deyildir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı- Tbilisi-Ərzurum qaz kəmərləri Avropanın enerji xəritəsini böyük dərəcədə dəyişmişdir. Bu gün biz yeni böyük tarixi əhəmiyyəti olan TANAP layihəsinə də start veririk. Əminəm ki, TANAP layihəsi eyni uğura nail olacaqdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri kimi, TANAP layihəsi də vaxtında və keyfiyyətlə icra ediləcəkdir” fikirlərinin yer alması da səbəbsiz deyil. Bu fikirlər “Əsrin müqaviləsi”nin növbəti layihələrə yol açdığını bir daha nümayiş etdirir.
SOCAR-ın prezidenti R.Abdullayevin “Azərbaycanın qalibiyyətli enerji strategiyası qlobal inkişafa mühüm töhfələr verir” yazısında qeyd edilir ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın sürətli inkişafına yönəlmiş hərtərəfli, müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan artıq bütün dünyada etibarlı tərəfdaş, qlobal enerji təhlükəsizliyi sistemində əvəzolunmaz yeri olan bir ölkə kimi tanınır.
Xüsusi buraxılış ümumilikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti strukturlarının fəaliyyəti, onların əlamətdar günü - neftçilərin peşə bayramını hansı nailiyyətlərlə qeyd etməsi və qarşıda hansı vəzifələrin dayandığı barədə dolğun təəssürat yaradır.
Şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin “Ömrümüzə yazılan gün”, iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun “Əsrin müqaviləsi”ndən ötən hər il Azərbaycanın neft-qaz sənayesində böyük təntənə ilə qeyd edilir”, sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun “Sərmayələrdən səmərəli istifadə SOCAR-ın beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafını şərtləndirir”, emal üzrə vitse-prezident David Məmmədovun “Azərbaycan Dövlət Neft Şirkətinin neft-qaz emalı və neft-kimya sənayesinin uğurları”, vitse-prezident Mikayıl İsmayılovun “Əsrin müqaviləsi” xalqımızın sosial rifahının təminatçısıdır”, sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlovun “Neftçilərin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələlərdəndir”, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun “SOCAR-da beynəlxalq standartlara uyğun yeniliklər tətbiq olunur”, neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident Rəhman Qurbanovun “Əsrin müqaviləsi”ndən ötən dövrdə neft-qaz hasilatının həcmi artıb, ixrac imkanları daha da genişlənib”, ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin “SOCAR-ın il ərzində neft-qaz sənayesində ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyəti”, strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanovun “SOCAR: Strateji məqsədimiz dövlətin güclənməsi və xalqın rifahıdır”, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevin “Neftçilərin səmərəli istirahəti, sosial müdafiəsinin təşkili başlıca məqsədimizdir”, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun “Neft və qaz hasilatına dair dövlət tapşırıqları vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilir”, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyevin “Azəriqaz” İB neftçilərin peşə bayramı gününü böyük nailiyyətlə qarşılayır”, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayevin “Azərikimya”da yeni layihələrin həyata keçirilməsi ilə bağlı işlər davam etdirilir”, Kompleks Qazma İşləri Trestinin müdiri İskəndər Şirəlinin “Yeni quyuların qazılmasında ən müasir texniki və texnoloji yeniliklərdən istifadə edilir”, “Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abasovun “Neftqaztikinti” Tresti 2015-ci ilin I yarımilliyini yüksək istehsal göstəriciləri ilə başa vurub”, Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılovun “Ümummilli lider Heydər Əliyev zavodumuzun inkişaf tarixinin müəllifidir”, Geofizika və Geologiya İdarəsinin rəisi Vaqif Abdullayevin “Geofizika və Geologiya İdarəsinin uğurları”, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin “Sərmayələr İdarəsi “Əsrin müqaviləsi”nin qarşıya qoyduğu vəzifələri şərəflə yerinə yetirir”, Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirovun “Neftin emal və ixraca nəqli yüksək səviyyədə və təhlükəsiz şəkildə təmin edilir”, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadənin “Neft və qaz sənayesinin inkişafı Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin fəaliyyət kursunu müəyyənləşdirən başlıca amillərdir”, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılovun “Neftqazelmitədqiqatlayihə” İnstitutu ölkə neftçilərinin peşə bayramı ərəfəsində”, Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun “SOCAR-ın struktur bölmələrinə beynəlxalq standartlara uyğun nəqliyyat xidməti göstərilir”, “Qaz İxrac” İdarəsinin rəisi Qağaməli Seyfullayevin “Təbii qaz həcmlərinin səmərəli idarə edilməsi nailiyyətlərin əsasıdır”, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi İlham Aslanovun “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı Azərbaycanı fərqləndirən cəhətlərdən biridir”, Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayevin “Əsrin müqaviləsi” iqtisadi yüksəlişin başlanğıcı”, Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin “Təhlükəsizlik tədbirlərinə xüsusi önəm verilir”, Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimovun “İdarəmiz sosial yönümlü Dövlət Proqramlarının icrasında fəal iştirak edir”, Ekologiya İdarəsinin rəisi Azər Əliyevin “Neft strategiyasının icrasında ətraf mühitin mühafizəsi prioritet məsələdir”, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovun “Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi verilən tapşırıqları layiqincə yerinə yetirir”, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru Ayaz Qarayevin “Yeni neft-qaz strategiyası gələcəyə böyük inam yaradır”, Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsinin rəisi Pənah Həsənovun “Dalğıc işi böyük məsuliyyət tələb edir”, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin rəisi Telman Məhəmmədovun “İşlər müasir tələblərə və beynəlxalq standartlara uyğun qurulur”, “Neftçi İdman Klubu” İctimai Birliyi İdarəetmə Aparatının rəhbəri, MOK-un İcraiyyə Komitəsinin üzvü Sadıq Sadıqovun “İlk Avropa Oyunlarında böyuk qələbəyə imza atdıq” və “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist Vüqar Rəhimzadənin “Azərbaycanın iqtisadi və siyasi inkişafı “Əsrin müqaviləsi”ndən başlanmışdır” məqalələrində “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkəmizin neft-qaz sektorunda əldə olunan uğurlar, onların fonunda qeyri-neft sektorunun inkişafına yönələn addımlar geniş şəkildə təhlil edilir.
Xüsusi buraxılış ulu öndər Heydər Əliyevin “Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir” fikri ilə tamamlanır. Bütün bu uğurlar gələcəyə daha böyük inamla baxmağa, yeni-yeni hədəflərə əsas yaradır.