Prezidentdən general sərəncamı (VİDEO, FOTO)

Prezidentdən general sərəncamı (VİDEO, FOTO)
21:01 29 Sentyabr 2015
475 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev general Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, oktyabrın 16-da Azərbaycanın görkəmli sərkərdəsi,hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyi tamam olur.


İlk hərb nazirimiz, artilleriya generalı Səməd Bəy Mehmandarov


Sərəncamda qeyd olunur ki, gənc nəslin azərbaycançılıq məfkurəsinə uyğun, vətənə məhəbbət ruhunda tərbiyəsində əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqı qarşısında müstəsna xidmətlər göstərmiş general Səməd bəy Mehmandarovun 160 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə Müdafiə Nazirliyi Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun 160 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

İlk hərb nazirimiz, artilleriya generalı Səməd bəy Mehmandarov 1855-ci ildə Lənkəranda doğulub. Şöhrətli Mehmandarov soyadındandır. Gimnaziya təhsilini Bakıda almış və 16 yaşından Peterburq II Konstantinovka Artilleriya Məktəbində oxumuşdu.

Podporuçik, kapitan, podpolkovnik, polkovnik, general-mayor, general-leytenant və nəhayət, tam artilleriya generalı olmuşdu. O, 10 ilin içində üç dəfə general rütbəsi alıb. Tam artilleriya generalı adına layiq görülən ilk azərbaycanlı kimi tarixə düşüb.

Port-Arturda, Birinci Dünya müharibəsində vuruşmuşdur. İkinci Qafqaz ordusunun komandanı olmuş və bu ordu ilə Vilno (Vilnüs) istiqamətində gedən döyüşlərdə xüsusilə fərqlənib.

1914-cü ilin sentyabrında keçirilən Lodz döyüş əməliyyatı isə S.Mehmandarova daha böyük şöhrət gətirmişdi. Alman generalı Makenzinin qoşunları Lodzu alanda, çox ağır vəziyyətə düşən rus ordusunu Səməd bəy Mehmandarov xilas etmişdi. Bu uğur “mahir topçu olan Mehmandarovun” (Ə.Şıxlinski) adına yazılıb. Ona üçüncü dərəcəli “Müqədddəs Georgi”, daha sonra ”ikinci dərəcəli “Müqəddəs Vladimir” (qılıncla birgə) ordenləri verilmiş, hətta brilyantla bəzədilmiş “Georgi Silahı” ilə təltif olunmuşdu.

General Səməd bəy Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazıb. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin bütünlüklə milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticələridir.


Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamentinin üzvləri.

Deyiənə görə, o, ən qorxunc döyüşlərdə də soyuqqanlılığını qoruyub saxlamağı bacarırmış. Qorxmazlığı dillər əzbəriymiş. Mehmandarov ədalətli və düzgün adamları qiymətləndirər, yalançılara, saxtakarlara qarşı amansız olarmış. O üzdən tabeçiliyində olanlar ondan çəkinər, ancaq onu sevər, ona inanarmışlar.

Hərbiyyə naziri olan kimi Səməd bəy Mehmandarov 1918-ci ilin dekabrında hərbi salamlaşma haqda əmr verir: “..əsgərlərin Azərbaycan türkcəsində salamlaşması - bir sözlə, - “Salam”, cavabının isə “Əleyküm salam” olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: “Mərhaba!”, əskər cavab verməlidir: “Çox sağ ol!”.

Bolşevik hakimiyyəti iyunun 4-də onu həbs edib Əliağa Şıxlinski ilə birgə bir az Bakıda saxlayandan sonra Moskvaya göndərir, Butırsk zindanına salır. Generallar noyabrda Stalinin məktubuna əsasən həbsdən azad olunurlar və bir ildən sonra N.Nərimanov və Ə.Qarayevin səyi nəticəsində Bakıya qaytarılırlar.

General 1931-ci il fevralın 12-də Bakıda vəfat edir. Onu Çəmbərəkənd qəbiristanlığında dəfn edirlər.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=361542

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR