Bakı, 30 sentyabr, AZƏRTAC
Vergilər Nazirliyində “Azərbaycanın vergi jurnalı”nın təşkilatçılığı ilə “Sosial-iqtisadi hüquqların müdafiəsi: dövlət-vətəndaş məsuliyyəti” mövzusunda “dəyirmi masa” təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, jurnalın məsul katibi Elşən Əliyev tədbirin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə “Sülh aylığı” çərçivəsində keçirildiyini bildirib.
Tədbirin moderatoru, jurnalın məsləhətçisi Elşən Bağırzadə “Sülh aylığı”nın tarixi barədə məlumat verib. Onun sözlərinə görə, 1981-ci ildən BMT-nin təşəbbüsü ilə qeyd edilən bu aylıq hər il “Sülh zəngi”nin çalınması ilə başlayır: “Sosial-iqtisadi hüquqların müdafiəsi ölkədə və dünyada sülhün, əmin-amanlığın təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Azərbaycan gənc dövlət kimi bu istiqamətdə kifayət qədər işlər görüb və bütün dövlət qurumları öz işlərini buna uyğun qurur”.
Ombudsman Aparatının hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Zaur Əliyev deyib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il ənənəvi olaraq 21 avqust-21 sentyabr tarixləri “Sülh aylığı” elan olunur. Bununla əlaqədar Ombudsman tərəfindən müxtəlif qurumlara məktublar, müraciətlər ünvanlanır və hər bir qurum öz səlahiyyəti çərçivəsində müxtəlif xarakterli tədbirlər həyata keçirir. “Bu il 76 şəhər və rayon icra hakimiyyəti orqanına, 35 dövlət qurumuna, həmçinin 100-dən çox QHT-ni birləşdirən Milli QHT Forumuna da müraciət etdik. Yəni biz həm dövlət, həm də qeyri-dövlət qurumları ilə birgə fəaliyyət göstəririk. Müxtəlif qurumlar, dövlət və qeyri-hökumət təşkilatları, o cümlədən Vergilər Nazirliyi bu aylığa həssaslıqla yanaşırlar” - deyə, Z.Əliyev vurğulayıb.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin Qanunvericiliyin monitorinqi və təkmilləşdirilməsi şöbəsinin rəisi Niyaz Şükürov çıxışında vergi ödəyicilərinin hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, vergi sistemində aparılan islahatların prioritet istiqamətlərinin əsasını vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi və vergi ödəyicilərinin hüquqlarının qorunması təşkil edir. Bu məqsədlə məlumatlandırma və maarifləndirmə sahəsində kompleks tədbirlər görülür, ödəyicilərin hüquqlarının qorunması daim diqqət mərkəzində saxlanılır.
Nazirliyin Hüquq Baş İdarəsinin Məhkəmə işlərinin təşkili idarəsinin rəisi Ramiz Qasımzadə qeyd edib ki, 221 maddədən ibarət Vergi Məcəlləsinin 100-dən artıq maddəsi vergi ödəyicilərinin hüquqlarının qorunması və onların qanuni maraqlarının təmin olunması ilə bağlıdır. Bu da onu deməyə əsas verir ki, insan hüquq və azadlıqlarının qorunması nazirliyin qarşısında duran əsas prioritetlərdəndir. Vergilər Nazirliyində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrasını təmin etmək məqsədilə Tədbirlər Planı təsdiq edilib. Planda sahibkarların və istehlakçıların hüquqlarının möhkəmləndirilməsi və korrupsiya ilə mübarizənin gücləndirilməsi potensialının artırılması, milli mexanizmlərin inkişafı, bu sahədə institusional islahatların davam etdirilməsi istiqamətində tədbirlər müəyyənləşdirilib.
“Dəyirmi masa”da həmçinin, Konstitusiya Məhkəməsinin, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Həmkarlar İttifaqları Konfederasiyasının, Ədliyyə Nazirliyinin, AMEA-nın İnsan hüquqları və İqtisadiyyat institutlarının nümayəndələri, Konstitusiya Araşdırmalar Fondunun prezidenti və iqtisadçı ekspertlər də iştirak ediblər.