Bakı, 19 oktyabr, AZƏRTAC
Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç titullarına daha birini əlavə edib. Serbiyalı raketka ustası bu dəfə Şanxay turnirində qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, turnirin finalında Novak Cokoviç fransalı Jo-Vilfred Tsonqa ilə qarşılaşıb. Yarışda inamlı çıxışı ilə seçilən fransalı tennisçinin rəqibinə ciddi müqavimət göstərəcəyi gözlənilsə də, ehtimallar özünü doğrultmayıb. N.Cokoviç bir nömrəli raketka ustası olduğunu bu dəfə də təsdiqləyib. Bir saat 18 dəqiqə davam edən görüşün ilk setində N.Cokoviç 6:2 hesabı ilə qalib gəlib. Növbəti hissədə də üstün olan serbiyalı idmançı bu dəfə rəqibini 6:4 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.
Bununla da “Masters” turnirlərində ikinci qələbəsini qazanan N.Cokoviç 2015-ci ildə qazandığı titulların sayını doqquza çatdırıb. Fransalı tennisçi isə Şanxay turnirinin finalına yüksəlməklə dünya tennisçilərinin reytinqində ilk onluğa daxil olub.