ANS PRESS-in məlumatına görə, Rusiyanın bir çox şəhərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.
“Qarabağ”, “Çay”, “Bir könül sındırmışam”, “Ana”, “Axşam”, “Sənsən ürəyim”, “Tez gəl”, “Dərələr”, “Gəl, səhərim” , "Anam yadıma düşdü" və s. mahnıların əvəzedilməz ifaçısı olan görkəmli sənətkar yüksək vokal mədəniyyəti ilə seçilənlərdən biri olub.
Şövkət Ələkbətova - "Anam yadıma düşdü"
Unudulmaz sənətkar Şövkət Ələkbərova 1922-ci ilin bu günü Bakıda anadan olub.
O, Asəf Zeynallı adına Musiqi məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb.
1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən isə Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib.
1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsinə qatılıb və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edir. Şövkət Ələkbərova Opera Teatrında keçirilən yekun konsertdə “Qarabağ şikəstəsi”ni oxuyub və Fatma Mehrəliyeva, Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olur.
Şövkət Ələkbərova - "Getmə"
Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyub. Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanır.
Sənətkar 1992-ci il fevralın 7-də 70 illiyinin keçirilməsinə cəmi 8 ay qalmış dünyasını dəyişib.
Şövkət Ələkbərovanın tələbəsi, Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova Şövkət Ələkbərovanı heç vaxt unutmadığını vurğulayıb. Onun sözlərinə görə, Şövkət xanım ona təkcə müəllimlik deyil, eyni zamanda, analıq edib.

Aybəniz Haşımova - Azərbaycanın əməkdar artisti
"Şövkət xanım mənim həyatımdan, təkcə, ustad kimi getməyib, mən öz mənəvi anamı itirmişəm. Hər il bu günü mən daha çox üzülürəm. Çünki bir vaxtlar o, sağ olanda onu öpüb qucaqlayardım, təbrik edərdim, indi isə onun yalnız məzarını yad edirəm. Bu məni çox üzür, amma bütün hallarda, həyatın qanunları var. Bir vaxtlar mən də bu dünyadan gedəcəm. Onda istəyirəm ki, mənim tələbələrim mənim deyil, Şövkət xanımın qəbrini ziyarət etsinlər. Çünki mənim bu gün onlara öyrətdiklərim onun bəhrəsidir, onun haqqıdır. Qəlmində sənətə, sənətkara ehtiram duyan hər kəs bunu anlayır", - deyə Aybəniz Haşımova bildirdi.
Tələbəsi olaraq, Aybəniz Haşımova ustadının bütün mahnılarına müraciət etdiyi və onları öz şagirdlərinə öyrətməklə heç vaxt unudulmasını istəmir.
Şövkət Ələkbərovanın oxuduğu musiqilər o qədər təsirlidir ki, onları yerli müğənnilərlə yanaşı, xarici müğənnilər də çox böyük həvəslə oxuyublar. Onlardan biri də Türkiyəli müğənni Sibelcandır. O, unudulmaz sənətkarın "Bir qəlb sındırmışam" musiqisinə müraciət edib. Müğənni mahnını “Meşk” adlı yeni albomuna daxil edib. Sözləri İslam Səfərli, musiqisi Ramiz Mirişliyə aid olan mahnı osmanlı türkcəsində ifa edilib və albomda "Kabahatım büyükdür" adı altında Azərbaycan mahnısı kimi göstərilib.
Sibelcan, "Kabahatım böyükdür"