"O səs Türkiyə" musiqi yarışında iştirak edən, səsi və ifası ilə münsiflərin rəğbətini qazanan Aynişan Quliyeva oxuduğu mahnının müəllifinə hörmətsizlik edib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, onun ifa etdiyi "Gəl, ey səhər" mahnısının müəllifləri ilə bağlı məlumat qeyri-dəqiq olub. Belə ki, ifa zamanı ifaçı və mahnı barədə məlumatın əksini tapdığı titrdə sözlərin müəllifi anonim kimi qeyd olunub. Mahnının musiqisinin Polad Bülbüloğluya aid olduğu yazılsa da, şair Fikrət Qocanın adı orada öz əksini tapmayıb.
Qeyd edək ki, Türkiyədə ifa olunan Azərbaycan mahnılarında ya söz, ya da mahnı müəllifinin anonim göstərilməsinə tez-tez rast gəlinir. Lakin bu dəfə məhz azərbaycanlı müğənninin ifasında belə bir faktın baş verməsi maraq doğurub. Axı səhnəyə çıxacaq müğənni ifa edəcəyi mahnı haqda məlumat verir. Görünür, Aynişan ifa etdiyi mahnının müəlliflərini ya tanımır, ya da bu barədə məlumat verməyi unudub. Aynişan və anası, əməkdar artist Aybəniz Haşımova Türkiyədə olduqlarından bu cür ciddi xətanın başvermə səbəbini aydınlaşdıra bilmədik.
Onu da qeyd edək ki, adıçəkilən gənc müğənni mahnı oxumağa uşaqlıqdan başlasa da, gündəmə bu cür qalmaqallarla gəlir. Belə faktlardan biri də 2011-ci ildə qatıldığı "Slavyan bazarı-2011" musiqi yarışında baş vermişdi. Belə ki, Aynişanın həmin müsabiqənin erməni iştirakçısı Narek Makaryanla dostcasına şəkilləri mediada birmənalı qarşılanmamışdı.
Milli.Az


