Bakı, 10 noyabr, AZƏRTAC
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 120-200-cü (80 kilometr) kilometrlik Hacıqabul-Kürdəmir və 200-287, 805-ci (87, 805 kilometr) kilometrlik Kürdəmir-Ucar-Yevlax-Tərtər hissələrinin iki zolaq əlavə edilməklə 1-ci texniki dərəcəyə təkmilləşdirilməsi layihələrinin icrası tam sürətlə həyata keçirilir və yekunlaşmaq üzrədir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 1-ci texniki dərəcəyə qurulan Hacıqabul-Kürdəmir yolunun uzunluğu 80 kilometr, Kürdəmir-Ucar-Yevlax-Tərtər yolunun uzunluğu isə 87,8 kilometrdir. Hər iki layihə üzrə yolun bir istiqamət üzrə hərəkət hissəsinin eni 13,75 metr olmaqla, ümumi eni 27,5 metrdir. Hərəkət zolaqlarının sayı 4 olmaqla, hər bir zolağın eni 3,75 metr təşkil edir və yol örtüyü polimer asfalt-betondur.
Layihələrə uyğun olaraq yol yatağının qalınlığı ümumilikdə 75 santimetrdir. Asfalt-beton örtüyü isə 3 qat olmaqla qalınlığı 25 santimetr təşkil edir.
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir hissəsinin yenidən qurulması layihəsi çərçivəsində 5 yol qovşağı və su üzərindən (hidravlik) körpünün inşası yekunlaşdırılıb. Yolda 19 yeraltı keçid, 25 düzbucaqlı drenaj qurğusu və 24 avtobus dayanacağı tikilib, yol boyu müvafiq yol nişanlarının quraşdırılması işləri aparılıb.
Hacıqabul-Kürdəmir yolunun iki zolaq əlavə edilməklə 1-ci texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinə uyğun olaraq yolda torpaq işləri yekunlaşdırılıb, 20 santimetr qalınlığında asfalt-beton örtüyü döşənib. Hazırda yola 5 santimetr qalınlığında sonuncu aşınma qatının döşənməsi və yol boyu ikitərəfli işıqlandırma sistemlərinin qurulması işləri həyata keçirilir. Ümumilikdə, Hacıqabul-Kürdəmir avtomobil yolunda fiziki işlərin həcmi 90 faiz təşkil edir.
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax-Tərtər hissəsinin yenidən qurulması layihəsi çərçivəsində 4 yol qovşağı və 5 su üzərindən (hidravlik) körpünün inşası həyata keçirilərək başa çatıb. Hazırda körpülərdə son tamamlanma işləri görülür.
Bundan başqa, yol boyu 25 keçiddən 11-i tikilib, 14-ü inşa olunmaqdadır, 39 ədəd düzbucaqlı drenaj qurğusunun tikintisi isə artıq tamamlanıb. Eyni zamanda, 124 ədəd suötürücü dairəvi borudan 14-ü tikilib, 10-u hazırda tikilməkdədir və 16 avtobus dayanacağın inşası artıq yekunlaşıb. Layihəyə uyğun olaraq yolda müvafiq yol nişanlarının quraşdırılması işləri də aparılıb.
Hazırda Kürdəmir-Ucar-Yevlax-Tərtər yolunun yenidən qurulması çərçivəsində bəzi hissələrdə torpaq işlərinin görülməsi davam edir. Bu istiqamətdə işlərin 85 faizi artıq yekunlaşıb. Bu işlərə paralel olaraq torpaq işlərinin yekunlaşdığı ərazilərə isə asfalt-beton örtüyünün döşənməsi həyata keçirilir. Artıq işlərin təqribən 70 faizi görülüb. Yolun işıqlandırılması istiqamətində də işlər davam etdirilir.
Ümumilikdə isə Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yoluna iki zolaq əlavə edilməklə 1-ci texniki dərəcəyə təkmilləşdirilməsi layihəsi üzrə işlərin 85 faizi görülüb.

Yolların yenidən qurulması çərçivəsində daha iki layihə yekunlaşır
Yolların yenidən qurulması çərçivəsində daha iki layihə yekunlaşır
Yolların yenidən qurulması çərçivəsində daha iki layihə yekunlaşır
Yolların yenidən qurulması çərçivəsində daha iki layihə yekunlaşır