Rusiyanın U-21 yığmasının yarımmüdafiəçisi Ayaz Quliyev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək səfər oyunu öncəsi Azerisport.az saytının suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Azərbaycanla oyundan nə gözləyirsiniz?
- Biz ancaq qələbəyə oynayacağıq. Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansımızı yaxşılaşdırmağa ehtiyac var. Bunun üçün isə Azərbaycan yığmasına qalib gəlməyimiz lazımdır.

- Son turda Rusiya Farer adalarına qalib gəlib, Azərbaycan isə Almaniyaya uduzub. Yəqin ki, bu nəticələr sizin üçün gözlənilməz olmadı...
- Bəli, bu nəticələri gözləmək olardı. Farer adalarına qalib gələcəyimizə inanırdım. Çox istəyirdim ki, Azərbaycan Almaniyaya qalib gəlsin. Azərbaycan bu oyunda hesabı da açmışdı. Amma Almaniya yığması çox güclüdür. Onlara qalib gəlmək çətindir.

- Sizi Bakıdakı oyunda görə biləcəyik?
- Xeyr. Təəssüf ki, Bakıya gələ bilməyəcəyəm. Farer adaları ilə oyun ərəfəsində zədə aldım. Ona görə həmin oyuna da çıxa bilmədim.

- Azərbaycan yığması barədə nə düşünürsünüz?
- Düzü, nə deyəcəyimi bilmirəm. Sadəcə, futbolçulara oyundan-oyuna öz səviyyələrini artırmağı və daha böyük nəticələrə imza atmağı arzulayıram. Onlara bu seçmə mərhələdə də uğurlar arzulayıram.

- Azərbaycan - Rusiya matçına proqnozunuz?
- Proqnoz verməyi sevmirəm. Amma əminəm ki, çox maraqlı oyun olacaq.