"Report" xəbər verir ki, tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və Dövlət Musiqili Teatrının təşkilatçılığı ilə noyabrın 23-də keçiriləcək.
Yubiley tədbirinin quruluşçu-rejissoru Azərbaycan Dövlət Musiqili Teatrının gənc rejissoru Anar Sadıqovdur.
Yubiley münasibətlə Musiqili Teatrın foyesində Həsənağa Qurbanovun çəkdiyi rəsmlərdən və onun həyatının müxtəlif dövrlərini özündə əks elətdirən fotolarından ibarət sərgi təşkil olunacaq. Eyni zamanda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə nəşr olunan “Xatirələrdə yaşayan ömür” və Meray Həsənağaqızının “Mən sənətkar qızıyam” kitablarının təqdimatı olacaq.
Tədbir zamanı Həsənağa Qurbanovun həyat və yaradıcılığından bəhs edən iki videoçarxın nümayişi də nəzərdə tutulub. Xalq artistləri Zaur Rzayevin, Aygün Bayramovanın, Samir Cəfərovun, əməkdar artistlər Ruhəngiz Musəvinin, İlqar Muradovun, Nuriyyə Hüseynovanın ifasında mahnılar səsləndiriləcək.
Qeyd edək ki, H.Qurbanov 1955-ci ildə Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə A. Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini, 1981-ci ildə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Naxçıvan şəhər Mədəniyyət Evində müəllim və C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Teatrında pianoçu kimi başlayıb. Sonralar Azərbaycan Dövlət MusiqiliTeatrında aparıcı dirijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri vəzifələrində çalışıb.
2001-2007-ci illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi olub. H.Qurbanov 2007-ci ilin noyabr 6-da vəfat edib.