Xalq Şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd edilib

19:53 3 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rus dili kafedrasında Xalq Şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə keçirilib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rus dili kafedrasının müdiri Gülnarə Rzayeva görkəmli şair, ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından danışıb. Şairin geniş və səmərəli bədii yaradıcılıq yolu, elmi, pedaqoji fəaliyyəti barədə məlumat verən natiq onun fəal vətəndaşlıq mövqeyinin müasir Azərbaycan ziyalılığının salnaməsinə ən qiymətli və yaddaqalan səhifələr yazdığını bildirib.
Çıxış edənlər Xalq Şairinin poetik-fəlsəfi məzmunlu yaradıcılığının milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynadığını vurğulayıblar. Bildirilib ki, B.Vahabzadə yaradıcılığı boyu özünü bütöv və böyük Azərbaycanın milli şairi kimi dərk edib və bu missiyanın daşıyıcısı olması ilə qürur duyub.
Qeyd olunub ki, görkəmli şair çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verib, çağdaş milli şeirimizin klassiki zirvəsinə yüksəlib.
Tədbirdə B.Vahabzadənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub, şairin öz səsində şerləri səsləndirilib.
Sonra tələbələr şairin əsərlərindən parçalar söyləyiblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalq_Sairi_Bextiyar_Vahabzadenin_90_illik_yubileyi_qeyd_edilib-908054

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR