Ciddədə “İstanbul - İslam Əməkdaşlıq Təşkilatının gənclik paytaxtı” proqramı təqdim edilib

Ciddədə “İstanbul - İslam Əməkdaşlıq Təşkilatının gənclik paytaxtı” proqramı təqdim edilib
14:58 9 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ciddədəki mənzil-qərargahında İƏT-in ixtisaslaşmış qurumlarının birinci əlaqələndirmə sessiyası keçirilib. Sessiya çərçivəsində “İstanbul – İslam Əməkdaşlıq Təşkilatının gənclik paytaxtı” beynəlxalq proqramının təqdimatı olub.
Beynəlxalq təşkilatları təmsil edən 60-dan çox nümayəndənin də qatıldığı mərasimdə İƏT-in baş katibi İyad bin Amin Mədəni çıxış edərək Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) təşəbbüsü ilə bu proqramın müsəlman gəncliyinin həmrəyliyi istiqamətində rolunu xüsusi vurğulayıb.
Sonra proqram üçün çəkilmiş təqdimat filmi nümayiş etdirilib.
İKGF-nin sədri, səfir Elşad İsgəndərov qeyd edib ki, bu təşəbbüs 2014-cü ilin oktyabrında elan olunub. Proqrama 2015-ci ilin iyununda start verilib. Artıq İƏT ilk gənclər paytaxtı elan edilmiş İstanbulda coxsaylı tədbirləri uğurla həyata keçirir. Bildirilib ki, birillik proqram ən müxtəlif tədbirləri - film və musiqi festivallarını, konfransları, gənc liderlərin sammitini, idman turnirlərini və mədəniyyət tədbirlərini əhatə edəcək. O, İƏT-in baş katibinə bu proqrama göstərdiyi yüksək dəstəyə və İKGF tərəfindən irəli sürülmüş, təşkilatın növbəti paytaxtının seçilməsi meyarlarının müəyyənləşdirilməsi işinin uğurla başa çatdırılmasına görə minnətdarlığını bildirib.
Həmin gün İKGF tərəfindən İƏT-in gənclik fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı birgə komitəsinin plenar iclasında 2016-cı ildə İƏT sammitindən əvvəl keçiriləcək gənclik tədbiri ilə bağlı fikirlər səsləndirilib. Birgə komitənin qəbul etdiyi kommunikedə İKGF-nin fəaliyyəti və proqramları, eləcə də “İƏT gənclər paytaxtı” proqramının reallaşdırılması ilə bağlı təşkilatın institutları arasında əməkdaşlığa çağırış əksini tapıb. Ciddə görüşündə, həmçinin Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun “İƏT gənclər paytaxtı” üçün növbəti namizəd şəhərlərlə bağlı hazırladığı meyar bəyənilib. Bu meyar 2016-2017-ci illərdə şəhərlərin namizədliyinin irəli sürülməsi üçün İƏT-ə üzv ölkələr arasında yayımlanacaq.
Türkiyənin İƏT-dəki daimi nümayəndəsi Salih Mutlu Şen “İƏT gənclər paytaxtı”nın ilk ev sahibi kimi çıxış edərək proqramın gənc nəslin inkişafında və əlaqələrin təşviqində mühüm rolunu diqqətə çatdırıb. Bu vasitə ilə İƏT ölkələrindəki gənclərin mübadilə proqramları çərçivəsində dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.
Sonra qonaqlara İƏT-in ilk gənclər paytaxtının təbliğat materialları paylanıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ciddede_Istanbul___Islam_Amekdasliq_Teskilatinin_genclik_paytaxti_proqrami_teqdim_edilib-909623

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR