Bakı, 9 dekabr, AZƏRTAC
Yağmurlu hava şəraiti ilə əlaqədar Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AZƏRTAC-a bildirilib ki, hava şəraiti ilə əlaqədar olaraq Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 kilometr/saatdan 100 kilometr/saata, bir zolaqda 100 kilometr/saatdan 80 kilometr/saata, axırıncı zolaqda isə 80 kilometr/saatdan 60 kilometr/saata endirilib. Eyni zamanda, Zığ dairəsi - Hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 kilometr/saatdan 100 kilometr/saata, ikinci zolaqda 100 kilometr/saatdan 80 kilometr/saata, üçüncü zolaqda isə 80 kilometr/saatdan 60 kilometr/saata qədər azaldılıb.
Qeyd edək ki, hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.