Tehranda ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib

Tehranda ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
17:48 10 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Tehran, 10 dekabr, AZƏRTAC 
Dekabrın 10-da Azərbaycanın İrandakı səfirliyində ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasimdən əvvəl Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra dahi şəxsiyyətin siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov çıxış edərək ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi əvəzsiz xidmətlərindən danışıb.
Qeyd olundu ki, ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə müasir infrastuktur yaradılıb, yeni şəhərlər salınıb, fabrik və zavodlar tikilib. Bu dövrdə təhsil sahəsində də davamlı islahatlar həyata keçirilib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclər SSRİ-nin yüksək səviyyəli ali təhsil müəssisələrinə göndəriliblər. Həmin dövrdə respublikada ali təhsil məktəblərinin sayı 12-dən 17- yə, tələbələrin sayı 70 mindən 100 minə yüksəlib. Məhz Ümummilli Liderin gördüyü qətiyyətli tədbirlərin sayəsində ali hərbi məktəblərə qəbul olunan azərbaycanlı gənclərin sayı intensiv surətdə artmağa başlayıb, Azərbaycanda Cəmşid Naxçıvansızki adına hərbi litsey yaradılıb.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra xalqımız müstəqilliyin ilk illərində üzləşdiyi təhlükələrdən xilas olub və ölkədə bütün sahələrdə islahatlar başlanıb. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə ictimai-siyasi sabitlik bərpa edilib, demokratik təsisatlar yaradılıb, dövlət idarəçilik sistemi formalaşdırılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsin əldə edilməsindən sonra “Əsrin müqaviləsi” sazişinin imzalanmasına nail olunub. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül mərhələsindən çıxaraq inkişaf və yüksəliş yoluna qədəm qoydu.
Qeyd edilib ki, ulu öndər Heydər Əliyev hakimiyyəti illərində ölkənin müasir inkişafı üçün möhkəm təməl qoyulub, Azərbaycanın qərarlaşmış dövlət kimi qəbul olunması təmin edilib, gələcəkdə Azərbaycanın müasir dünyaya inteqrasiyası üçün şərait yaradılıb. Bu siyasət nəticəsində Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimad və inkişaf mərhələsi yaranıb. Ötən dövrdə iki qonşu dövlət arasında ticarət dövriyyəsi genişlənib, gömrük-keçid məntəqələrinin sayı artırılıb, beynəlxalq təşkilatlarda əməkdaşlıq əlaqələri gücləndirilib, qarşılıqlı faydalı əməkdaşlığa dair ardıcıl işlər aparılıb.
Vurğulanıb ki, iki ölkə arasında münasibətlərin inkişaf dinamikasının qorunması siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
Tədbirdə İranın Xarici İşlər Nazirliyinin MDB və Qafqaz ölkələri üzrə idarəsinin rəisi Qulamrza Qılıçxan, Kərəc şəhər bələdiyyəsinin nümayəndəsi Əkbər Həmidi, Qafqaz Müsəlmanları İdarəsinin İrandakı nümayəndəsi Şamil Rəsul və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyev haqqında fikirlərini söyləyiblər.

Rabil Kətənov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehranda_ulu_onder_Heyder_Aliyevin_anim_merasimi_kechirilib-910065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR