Ağcabədi, 11 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar dekabrın 8-dən etibarən Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzinə məktəblilərin ekskursiyası təşkil edilir.
AZƏRTAC xəbər verir ki, tərtib edilmiş qrafikə uyğun olaraq Heydər Əliyev Mərkəzinin növbəti qonaqları şəhər 2 nömrəli məktəbin şagirdləri olub.
Şagirdlər əvvəlcə Ulu Öndərin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzində dahi liderin keçdiyi şərəfli həyat yolunu, Azərbaycana rəhbərliyinin hər iki dövrünü, Ağcabədi rayonuna səfərlərini əks etdirən fotoşəkillərlə, böyük şəxsiyyət haqqında yazılmış kitablarla, qəzet, jurnal və rəsmi sənədlərlə tanış olublar. Əbədiyaşar liderimizin həyat və fəaliyyəti, siyasi irsi, xalqımız və dövlətimiz qarşısında böyük xidmətləri haqqında dolğun məlumatlar əldə edən məktəblilər, həmçinin Ulu Öndərə həsr olunmuş sənədli film izləyiblər.
Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyası tədris ilinin sonunadək davam edəcək.