Bakı, 9 fevral, AzərTAc
“Leyli və Məcnun” operası növbəti dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş olunub.
AzərTAc xəbər verir ki, Məcnun rolunun mahir ifaçısı xalq artisti Mənsum İbrahimov bu dəfə səhnəyə yeni bir Leyli - respublikanın xalq artisti Gülyanaq Məmmədova ilə çıxıb. G.Məmmədova Mənsum İbrahimovun səhnədə sayca səkkizinci “Leyli”si olub. Hər iki sənətkarın böyük ustalıqla ifa etdikləri partiyalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. İfaçıların səhnə plastikası, səs imkanları, aktyorluq məharəti üzərilərinə götürdükləri işin öhdəsindən uğurla gəlmələrinə imkan verib. Gülyanaq Məmmədovanın ifasında səhnəmizə yeni bir Leylini kəşf edib.
Qeyd edək ki, Mənsum İbrahimov bununla da səhnəyə 127-ci dəfə “Məcnun” kimi çıxıb. Onun səhnədə ilk “Leyli”si Gülyanaq xanımın bacısı, xalq artisti Gülyaz Məmmədova olub.