Firudinbəy Köçərli adına Respublika Uşaq Kitabxanasının yaradılmasından 50 il keçir

Firudinbəy Köçərli adına Respublika Uşaq Kitabxanasının yaradılmasından 50 il keçir
18:03 22 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, Salehə Əliyeva, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində Firudinbəy Köçərli adına Respublika Uşaq Kitabxanasının yaradılmasının 50 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçılarına bu kitabxananın tarixi və fəaliyyəti barədə videoçarx nümayiş etdirilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kitabxananın kollektivini yubiley münasibətilə təbrik edib. O xatırladıb ki, Firudinbəy Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də M.Qorki adına Kitabxana Fondunun əsasında Mədəniyyət Nazirliyinin qərarı ilə yaradılıb və hazırda Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərir.
Ə.Qarayev deyib: “Bu gün informasiya texnologiyaları kitabı sıxışdırıb çıxara bilməyib. Uşaqların inkişafında kitabın əhəmiyyəti barədə Firudinbəy Köçərlinin fikirləri 50 il ərzində öz aktuallığını itirməyib. Oxucuların sayı göstərir ki, uşaqlar kitabı sevirlər”.
Ə.Qarayev qeyd edib ki, kitabxanalarla iş Mədəniyyət və Turizm Nazirliyinin əsas işidir. Kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsinə daim diqqət yetirilir, onların fəaliyyəti təkmilləşdirilir. İnternetin mövcud olmasına baxmayaraq, uşaq ədəbiyyatına tələbat və onun çatışmaması hiss olunur.
Firudinbəy Köçərli adına Respublika Uşaq Kitabxanasının kollektivi var qüvvə ilə işləməyə çalışır, Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan bütün uşaq kitabxanaları üçün metodik mərkəz funksiyasını yerinə yetirir. Kitabxanada nağıllar otağı, incəsənət otağı, böyük və kiçik oxu zalları, elektron resurslar şöbəsi, multimedia bölməsi və internet resurslar mərkəzi yaradılıb.
Qeyd edilib ki, hazırda kitabxana fondunun ümumi həcmi 250 min çap vahidi təşkil edir. Kitabxananın qəzet və jurnal fondu, 8 şöbəsi, 4 sektoru və 2 oxu zalı var. Rayonlarda bu kitabxananın 4 filialı fəaliyyət göstərir.
Sonra kitabxananın bəzi əməkdaşları təltif edilib.
Nazir Ə.Qarayev həmin əməkdaşlara “Kitabxananın 50 illiyi ilə əlaqədar səmərəli fəaliyyətinə görə” diplomlar, pul mükafatı və döş nişanları təqdim edib.
Yubiley mərasimində TÜRKSOY təşkilatının baş direktoru Düsen Kaseinov da iştirak edib. D.Kaseinov başçılıq etdiyi təşkilatın adından və şəxsən öz adından kitabxananın kollektivini yubiley münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
D.Kaseinov Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə də təbrik edib.
Sonda Bakı məktəblərinin şagirdləri geniş konsert proqramı ilə çıxış ediblər.









Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Firudinbey_Kocherli_adina_Respublika_Usaq_Kitabxanasinin_yaradilmasindan_50_il_kechir-913377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR