Naxçıvan Dövlət Universitetinin xalq çalğı alətləri kafedrası hesabat konserti ilə çıxış edib

Naxçıvan Dövlət Universitetinin xalq çalğı alətləri kafedrası hesabat konserti ilə çıxış edib
19:58 23 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 23 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) incəsənət fakültəsinin xalq çalğı alətləri kafedrasının hesabat konserti olub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə kafedra haqqında məlumat verilib. Qeyd olunub ki, 2008-ci ildə yaranan xalq çalğı alətləri kafedrasına sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyeva rəhbərlik edir. Kafedrada səkkiz müəllim fəaliyyət göstərir. Müəllimlərdən ikisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, biri dosent, üçü isə baş müəllimdir.
Sonra tələbələr və müəllimlər, eyni zamanda, xalq çalğı alətləri kafedrasının “Buta” instrumental ansamblı geniş musiqi proqramı ilə çıxış edib. Proqramda Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələrinin, dünya klassiklərinin məşhur əsərləri səsləndirilib.
Konsertdə Cahangir Cahangirovun “Qəzəl”, “Bakı mənimsən”, Süleyman Ələsgərovun “Vətənimdir”, Səid Rüstəmovun “Oxu tar”, Adil Gərayın “Şahnazsayağı” və başqalarının ölməz bəstələri, həmçinin Azərbaycan xalq mahnıları “Gəl inad etmə”, “Yaman könlümə düşmüsən” və digər mahnılar dinlənilib. Tələbələrdən Abdulla Rəhimlinin, İlkin Abdullayevin, Bənövşə Salmanovanın, Lətifə Cəlilzadənin, Ləman Vəliyevanın ifaları konsert iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Sonda konsert haqqında fikirlərini bölüşən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetdə digər sahələrdə olduğu kimi, ali musiqi təhsilinə də dövlət qayğısı olduğunu nəzərə çatdırıb. Qeyd edilib ki, tələbələrin istedadlarının üzə çıxarılmasında peşəkar müəllimlərin rolu əvəzsizdir.
Çıxış edənlər konsertin ərsəyə gəlməsində əməyi keçən müəllimləri, konsertin bədii rəhbəri, xalq çalğı alətləri kafedrasının müdiri Aynurə Quliyevanı, həmçinin tələbələri uğurlu proqrama görə təbrik edib, onlara yeni yaradıcılıq nailiyyətləri arzulayıblar.
Hesabat konsertindən sonra tanınmış tenor, Azərbaycan Respublikasının Xalq Artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Samir Cəfərov incəsənət fakültəsinin solo oxuma ixtisasının tələbələri üçün növbəti ustad dərsi keçib.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_Dovlet_Universitetinin_xalq_chalgi_aletleri_kafedrasi_hesabat_konserti_ile_chixis_edib-913785

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR