"Paşa Bank" Türkiyə bankının səhmlərinin 80 faizinə sahib oldu

"Paşa Bank" Türkiyə bankının səhmlərinin 80 faizinə sahib oldu
14:18 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Azərbaycanın qabaqcıl investisiya və korporativ banklarından biri olan "PAŞA Bank"a Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərinin əksəriyyət hissəsinin satın alınmasına BTNQ tərəfindən müsbət cavab gəlib.

Bankdan Trend-ə verilən məlumata görə, "PAŞA Bank"ın İdarə heyəti Türkiyə bankçılıq sektoruna daxil olmaq üçün müxtəlif alternativləri diqqətlə qiymətləndirdikdən sonra "TAIB Bank"ın əksəriyyət hissələrinin satın alınması yolu ilə "Aksoy Holdinq"lə ortaqlıq qurmağa qərar verib. Rəhbərliyin dediyinə əsasən, bu ortaqlığın yaranmasında "PAŞA Bank"la "Aksoy Holdinq" arasında uzun müddətdir özünü isbatlamış qarşılıqlı etibara əsaslanan münasibətin böyük təsiri oldu. Bu əməkdaşlıq həm "PAŞA Bank", həm də "Aksoy" üçün öz kapital və təcrübələrindən istifadə edərək etibarlı əlaqələrini daha da inkişaf etdirmək üçün nadir bir fürsət olub.

"PAŞA Bank" Türkiyədəki fəaliyyətini regional ticarətin inkişaf etdiyi və investisiya axınlarının intensivləşdiyi bir zamanın verdiyi imkanlar üzərində quracaq. Biznesin şəffaflığı və səmərəliliyi prinsiplərinə sadiq qalaraq, bank öz hədəflərini kommersiya, investisiya və özəl bankçılıq müştərilərinə xidmət göstərməyə yönəldəcək. Azərbaycan, Türkiyə və Gürcüstan arasında aktiv iqtisadi fəaliyyəti və mövcud investisiya potensialını nəzərə alaraq, "PAŞA Bank"ın rəhbərliyi Türkiyə bazarına daxil olmanın bankın müştərilərinin maraqlarına cavab verdiyinə əmindir.

"PAŞA Bank"ın İdarə heyətinin sədri Fərid Axundov bildirib: “Biz "Aksoy Holdinq" kimi etibarlı tərəfdaşla əməkdaşlığa başlamaqdan böyük məmnuniyyət duyuruq və Türkiyə şirkətləri ilə daha yaxından çalışmağa hazırıq. Hesab edirik ki, Türkiyə bazarı Azərbaycan, Gürcüstan və ümumiyyətlə, regionun digər ölkələrində sərmayə qoyuluşu imkanlarını axtaran kiçik və orta sahibkarlar üçün böyük potensiala malikdir. Eyni zamanda düşünürük ki, Türkiyədəki layihələrin maliyyələşdirilməsi üçün Azərbaycan sərmayələrinin cəlb edilməsi də Türkiyə bazarında maraq doğuracaq ki, biz də bu prosesdə vasitəçi olmaq istəyirik".

"Aksoy Holdinq"in baş icraçı direktoru və İdarə heyətinin sədr müavini Batu Aksoy öz növbəsində deyib: "PAŞA Bank ilə tərəfdaşlıq qurmaqdan və bu səfər Türkiyə bankçılıq sektoruna Azərbaycandan yeni bir birbaşa xarici investor gətirməkdən qürur duyuruq. Əminik ki, tərəfdaşlığımız nəticəsində həm Türkiyədə, həm də bölgədə böyümək istəyən müəssisələr üçün müvəffəqiyyətli və sağlam təməlləri olan bir korporativ bankçılıq platforması təqdim edəcəyik".

Qeyd edək ki, 2007-ci ildə PAŞA Şirkətlər Qrupunun bir hissəsi kimi təsis olunmuş bank geniş spektrli institusional və özəl bankçılıq xidmətlərini göstərir. Hökumətin iqtisadi diversifikasiya səylərini rəhbər tutaraq, "PAŞA Bank" Azərbaycanın genişlənməkdə olan qeyri-neft sektorlarında fəaliyyət göstərən müştərilərə xidmət etmək strateji məqsədi ilə yaradılıb. Bank dürüstlük, keyfiyyət və gəlirlilik dəyərləri əsasında fəaliyyət göstərir və Azərbaycanın ən etibarlı maliyyə institutlarından biri kimi nüfuz qazanıb.

1978-ci ildə yaradılan "Aksoy Holdinq" 4 sektorda fəaliyyət göstərir: neft və enerji, turizm və daşınmaz əmlak, beynəlxalq ticarət və bankçılıq. Qrupa Turcas Petrol, Shell & Turcas Petrol, RWE & Turcas Elektrik İstehsal, Conrad İstanbul Hotel, Aksoy Middle East Company və TAİB Bank kimi iri şirkətlər daxildir. "Aksoy Holdinq"in strateji missiyası dinamik rəhbərliyi altında Türkiyənin ən bəyənilən, davamiyyətli və davamlı inkişafı ilə dəyər yaradan investisiya şirkətlərindən biri olmaqdır. Təxminən 1.350 işçisi olan "Aksoy Holdinq" konsolidə edilmiş maliyyə hesabatlarına görə 2013-cü ilin sonuna aktiv cəmi 1,8 milyard türk lirəsinə çatmış, kapitalları isə 1 milyard türk lirəsini keçmişdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2349055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR