Bərdə: müasir təsərrüfatçılıq modelləri heyvandarlığın intensiv inkişafına yol açır

Bərdə: müasir təsərrüfatçılıq modelləri heyvandarlığın intensiv inkişafına yol açır
12:53 26 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bərdə, 26 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayonunda aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda tətbiq edilən müasir təsərrüfatçılıq modelləri intensiv inkişafı təmin edir. Rayonda sənaye tipli heyvandarlıq kompleksləri yaradılır, sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanları satılır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır.
Bərdə Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə heyvandarlıq məhsullarının istehsalının artırılması, habelə damazlıq heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 2015-ci ildə “Aqrolizinq“ ASC vasitəsilə 2922 baş damazlıq heyvan gətirilib və kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlə satılıb. Hazırda rayonda cins damazlıq heyvanların sayı 5 min başdan yuxarıdır.
Rayonda cins maldarlığın inkişafı, heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma da geniş tətbiq olunur. Yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə 13 süni mayalama texniki fəaliyyət göstərir. Təkcə bu ilin 11 ayında 4526 baş inək və düyə süni yolla mayalandırılıb, 2884 baş sağlam cins buzov alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə süni yolla mayalandırılan heyvanların sayı 449 baş, alınan balaların sayı isə 525 baş çoxdur. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental” və “Şvis” cinsindən olan buğaların toxumları istifadə edilir. Kəndlərdə aparılan geniş maarifləndirmə işləri və əldə edilən yüksək nəticələr heyvandarlıqla məşğul olan fermerlərin süni mayalama tədbirlərinə marağını artırıb.
Son illər Bərdə rayonunda ətlik və südlük istiqamətli müasir heyvandarlıq komplekslərinin yaradılması istiqamətində səmərəli iş aparılır. Mehdili kəndində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən də istifadə edilməklə Qarabağ Aqrar Sənaye Parkı yaradılıb. Onun tərkibinə 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavod daxildir. Aqrar Sənaye Parkında 200 nəfər daimi iş yeri ilə təmin olunub. Buradakı komplekslərdə ən müasir havalandırma, suvarma, qidalandırma, sağım sistemləri və digər ferma avadanlıqları quraşdırılıb, “Aqrolizinq” ASC vasitəsilə Avropadan gətirilmiş xüsusi cinslərdən olan 4200 ətlik-südlük inək bəslənilir. Onlardan 2200-ü sağılan inəklərdir.
Aqrar Sənaye Parkındakı ət kəsimi və emalı fabrikində Bərdə və ətraf rayonlardan alınan heyvanlar kəsilərək doğranır və 11 çeşiddə qablaşdırılaraq istehlakçılara çatdırılır. Ən son texnologiyalarla təchiz olunmuş fabrikdə heyvanların kəsilməsindən ət məhsullarının qablaşdırılmasına və istehlakçılara çatdırılmasınadək bütün proseslər gigiyenik normalar tam gözlənilməklə aparılır.
Logistik mərkəzdə fermerlər tərəfindən istehsal olunan ət və tərəvəz məhsulları yüksək keyfiyyətlə saxlanılır və ilboyu əhalinin tələbatının ödənilməsinə yönəldilir.
İstehsal gücü saatda 10 ton olan qüvvəli yem istehsalı müəssisəsində Türkiyədən gətirilmiş avadanlıq quraşdırılıb. İstehsal və emal prosesi tam avtomatlaşdırılıb. Müəssisədə 12 çeşiddə yem istehsal olunur və 5, 10, 50 kiloqramlıq kisələrdə qablaşdırılır.
Bərdədə yaradılmış digər müasir heyvandarlıq müəssisəsi rayonun Türkmən kəndi ərazisində inşa edilmiş 500 başlıq südlük cins heyvandarlıq kompleksidir. Tikintisi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılan müəssisənin ümumi sahəsi 12 hektardır. Kompleksdəki 2 mexanikləşdirilmiş fermada Almaniyadan gətirilmiş 320 baş “Holştein-friz” cinsli inək bəslənilir. Onlardan 310-u sağmal inək və düyələrdir. Bu inəklər laktasiya dövründə gündə 21 litr südvermə qabiliyyətinə malikdir. Heyvanlardan gün ərzində 6500 litrdən artıq süd sağılaraq süd emalı müəssisələrinə göndərilir. Yaxın günlərdə daha 100 baş südlük istiqamətli inəklər gətiriləcək. Kompleksdə yem və su anbarları, iki silos quyusu, ofis, işçilər üçün otaqlar var.
Rayonda fəaliyyət göstərən “Yağ-Pendir AzQida“ MMC-nin istehsal etdiyi heyvandarlıq məhsulları nəinki Bərdənin, eləcə də respublikanın digər bölgələrində yaxşı tanınır. İstehsal gücü sutkada 50 ton olan müəssisə 1969-ci ildə yaradılıb, 2003-cü ildən başlayaraq burada Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. Müəssisədə qabaqcıl texnologiyalar əsasında istehsal olunan müxtəlif növ pendirlər, şor, süzmə, kərə yağı, qatıq, ayran, dovğa kimi məhsullar ölkənin bütün regionlarına göndərilir.
Müəssisənin südə olan tələbatı həm özəl təsərrüfatlar, həm də “Bərdə Yağ-Pendir AzQida“ MMC-yə məxsus heyvandarlıq ferması vasitəsilə ödənilir. 600 baş iribuynuzlu heyvanın saxlanıldığı fermada gün ərzində 6 tonadək süd sağılır.
2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq Bərdə rayonunda ətlik-südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması üzrə pilot layihə həyata keçirilir. Layihənin məqsədi ailə-kəndli təsərrüfatlarındakı az məhsuldar heyvanları yüksək məhsuldar cinslərlə əvəz etmək yolu ilə pay torpaqlarına malik ailələr üçün kiçik həcmli, müasir quruluşlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının stimullaşdırılmasıdır.
Layihəyə əsasən rayonun Kolayır kəndində yaradılmış 27 ailə fermer təsərrüfatına Avstriyadan gətirilmiş 189 baş ətlik-südlük istiqamətli “Simmental” cinsli heyvanlar verilib. Təsərrüfatlarda müasir tipli tövlələr tikilib, fermerlər portativ sağım aparatları və yemi xırdalayaraq qarışdıran aqreqatlarla təmin olunub. Yem bazasının formalaşdırılması məqsədilə qida rasionu tərtib edilib, ailə-fermer təsərrüfatları müasir metodlarla qarğıdalı silosu hazırlanması vərdişlərinə yiyələnib. Cins heyvanlar hər ailəyə 5-10 baş olmaqla, lizinq yolu ilə, güzəştli şərtlərlə verilib. İstehsal edilən südün marketinqini təşkil etmək üçün süd qəbulu məntəqələri yaradılıb.
Bərdə rayonunda ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunmasına, heyvan mənşəli xəstəliklərə qarşı mübarizə tədbirlərinin təşkilinə də xüsusi diqqət yetirilir. Rayon baytarlıq idarəsi tərəfindən mütəmadi olaraq mal-qara və quşlar arasında müxtəlif xəstəliklərə qarşı profilaktik peyvəndləmə və dezinfeksiya işləri aparılır, epizootiya əleyhinə və bioloji təhlükəsizliyin qorunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Görülən işlərin nəticəsində rayonda mal-qaranın cins tərkibi yaxşılaşıb, heyvandarlıq məhsullarının istehsalı və emalı artıb. Bu məhsullar nəinki rayonun, eləcə də ölkə əhalisinin tələbatının ödənilməsində, respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.














Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Berde_muasir_teserrufatchiliq_modelleri_heyvandarligin_intensiv_inkisafina_yol_achir-914603

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR