Azərbaycan Prezidenti: Bu il pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulmalıdır

Azərbaycan Prezidenti: Bu il pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulmalıdır
00:43 12 Yanvar 2016
95 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Bu il pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulmalıdır. Hökumət təkliflər hazırlasın”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı qeyd edib ki, əlbəttə, indiki şəraitdə bunu etmək o qədər də asan məsələ deyil:

“Ancaq mən dəfələrlə demişəm ki, biz çox güclü sosial siyasət aparırıq. Giriş sözümdə qeyd etdiyim kimi, sosial infrastrukturun yaradılması, ünvanlı dövlət sosial yardımının təmin edilməsi üçün çox ciddi addımlar atılmışdır. Böyük vəsait tələb edən addımlar atılmışdır. Ona görə, pensiyaların və əməkhaqlarının qaldırılması məsələsinə hökumət baxmalıdır, təkliflər verməlidir”.

İlham Əliyev bildirib ki, əlbəttə ki, dövlət büdcəsinə də düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq:

“Orada həm sosial təminat məsələləri və investisiyayönümlü məsələlər öz həllini tapmalıdır.

Mən manatın devalvasiyası ilə bağlı fikirlərimi artıq bildirdim. Bu, bizdən asılı olan məsələ deyildi. Bir daha demək istəyirəm ki, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, qonşu ölkələrdə milli valyutaların devalvasiyası bu addımı qaçılmaz etmişdir. Bizim vəzifəmiz bu vəziyyətdən minimum itkilərlə çıxmaqdır. Əminəm ki, biz buna nail ola biləcəyik. Dediyim o məsələlər öz həllini tapmalıdır.

Biz bu il bütün sosial proqramları tam icra edəcəyik. Bu barədə heç kimin şübhəsi olmasın. O cümlədən məcburi köçkünlərin yaşayış problemlərinin həlli istiqamətində böyük vəsait nəzərdə tutulur. Ötən il 15 min köçkün yeni evlərə köçüb. 2014-cü ildə 20 min köçkün yeni evlərə köçüb və bu siyasət davam etdiriləcək. Dövlət Neft Fondunda bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulub”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2479104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR