Dərdi vaxtında çəkmək lazımdı ki...

Dərdi vaxtında çəkmək lazımdı ki...
21:12 14 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Buddist şair dostlarımdan biri hərdən, səhərlər xoruz banından əvvəl zəng edib məni yuxudan oyadar, uzun-uzadı yuxudan tez oyanmağın faydalarından, səhər idmanının xeyirli tərəflərindən, meditasiyadan, nirvanadan danışardı. Deyirdi şair gec oyanandırsa, apar tulla, gec oyanan şair "uspet" edib xalqın dərdini çəkə bilmir, gec oyananda dərd boyatlaşır, dadı-duzu qaçır. Dərdi vaxtında çəkmək lazımdı ki, tez həzm olunsun, cana yayılsın, çarəsi tez tapılsın.

Adətən belə müdrik söhbətlərdən sonra biz təyin olunmuş yerdə görüşüb xaş yeməyə gedər, sonra olan-qalan dərdi-səri masaya düzüb, ədəb-ərkanla dərd çəkərdik. Yoxlamışam, səhərlər həm xaş, həm də dərd çox yaxşı gedir. Araqla-xaş, üstündən də təzə-tər dərd! Pəh! Ləzzət! 

Şair dostumun tövsiyəsini o vaxtdan qulağımda sırğa eləmişəm, qış-yay səhərlər tezdən oyanıb xaş yeməyə gedə bilməsəm də, şirin çay içib xalqın təzə-tər, "sveji" dərdlərini çəkirəm. Ümumiyyətlə, dərdi boyatlaşmağa, köhnəlməyə qoymaq düzgün deyil, köhnəlmiş dərdlər adamı çox narahat edir, necə deyərlər, gec həzm olunur. Əgər şairsənsə var gücünlə, vaxtında, zamanında xalqın dərdini çəkməlisən, müdriklərimizin də dediyi kimi, "xalqın yanında olmalısan". Hətta mümkün qədər xalqın dərdindən başqa işin, gücün, problemin olmamalıdır. Yaxşı şair xalqın dərdini çəkər, vəssalam. Biz dədə-babadan belə görmüşük. Toyda, ad günündə, yubileylərdə, qonaqlıqlarda, xudmani məclislərdə yaxşı şairi daima xalqın dərdini çəkən görmüşük.

İşdi-şayət şairin öz dərdi varsa, onu ancaq boş vaxtlarında çəkə bilər. Yəni, xalqın dərdini çəkərkən öz dərdinizi onun gözünə qatmaq düzgün deyil. Şair öz dərdini ciddiyə alanda xalqdan uzaq düşür. Mən xalq dərdi çəkməkdən üzülüb iynənin gözündən keçən neçə-neçə şair tanıyıram və o şairlərin hamısı, sadəcə, xalqın dərdini çəkib. Dərdi qatqısız, xalis şəkildə çəkmək isə yüksək istedadın, amansız intellektin, dərin savadın gücü ilə mümkündür. Cahil adam dərd çəkə bilməz. Bəli, istedadlı şair yaradıcılığı, ədəbiyyatı bir o qədər ciddiyə almadan xalqın dərdini düşünməli, xalqın dərdini çəkməli, ailə-uşaqdan, qohum-qardaşdan vaz keçib xalqın yanında olmalıdır. Ustad şairlərdən eşitmişəm ki, dərd çəkən şair, orqanizminin immun sisteminin çökməməsi üçün arada xaş, xəngəl, kabab kimi ağır və gec həzm olunan təamlar yeməli, dərdli bakteriyalardan, kədərli viruslardan qorunmaq üçün spirtli içkilər içməlidir. Bulaq suyu içib, xalqın dərdini çəkməzlər, bunu da hansısa buddist şairdən eşitmişəm.

Ümumiyyətlə, xalq hara gedir getsin, şair gedib xalqın yanında dayanmalıdır. Xalqı gözdən qoyanda, ondan uzaqlaşanda dərddən uzaqlaşmaq, nisgildən, fəraqdan uzaq düşmək təhlükəsi var. Tənha, yalqız şair dərd çəkə bilməz. Dərd yoxdursa, şair də yoxdur. Mən dərd çəkməyən, dərdin ağırlığından içkiyə qurşanmayan şairi ciddi şair hesab etmirəm. Heç vegeterian şair görmüsünüzmü? Şəxsən mən görməmişəm. Harda vegeterian, içki içməyən, siqaret çəkməyən şair görsəniz, o şairin istedadına şübhəylə yanaşın və bilin ki, bu cür istedadsız insanlar sizin dərdinizi çəkə bilməz. Şair yeyib-içməsə, xalqın dərdini çəkə bilməz! 

Bəli, dərd çəkmək bizə ulu babalarımızdan miras qalmışdır. Xaş milli mətbəximizin vazkeçilməz təamlarından biridir. Mənfur qonşularımıza imkan verməməliyik ki, milli mətbəximizin ən kədərli, ən hüzünlü yeməyinə sahib çıxsın. Mal xaşını deyə bilmərəm, amma qoyun xaşı yüz faiz Azərbaycana məxsusdur. Çünki bizim tariximizdə Ağqoyunlular, Qaraqoyunlular kimi ciddi dövlətlər mövcud olub. Qoyunçuluq isə bizim ən kədərli peşələrimizdən biridir. 

Son olaraq demək istəyirəm ki, şair dərd çəkməlidir, xaş yeyəndə də, xaşı həzm edəndə də...

Sağ olun!

Cəlil Cavanşir
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR