Şagirdi döyən müəllimə 8 il həbs cəzası verilə bilər

Şagirdi döyən müəllimə 8 il həbs cəzası verilə bilər
16:42 15 Yanvar 2016
103 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün Sumqayıt şəhər 22 saylı orta məktəbdə müəllimin şagirdi döyməsi faktı ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib.

Milli.Az mövqe.az-a istinadən bildirir ki, müəllimin şagirdi döyməsi faktını əks etdirən videolara sosial şəbəkə aktivlərinin yazdıqları şərhlər göstərir ki, bu məsələdə fikirlər müxtəlifdir. Kimisi bu məsələdə müəllimin haqlı olduğunu düşünür, kimisi isə müəllimin uşağı döyməsinin yolverilməz olduğu fikrindədir. Bəs görəsən, şagirdi döyən müəllimləri hansı cəza gözləyir? 

Hüquqşunas Müzəffər Baxışov isə movqe.az saytına açıqlamasında bildirib ki, müəllimin şagirdi döyməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 126, 127, 128-ci maddələri ilə cinayət məsuliyyəti müəyyənləşir: "CM-nin 126-cı maddəsinə görə, əgər müəllimin həmin şagirdə yetirdiyi xəsarət ağır xəsarətlər kateqoriyasına aiddirsə, həmin müəllim cinayət məsuliyyətinə cəlb edilə bilər. Yaxud 3 ildən - 8 ilədək müddətdə azadlıqdan məhrum edilə bilər. Bura qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma  və sair aiddir. Yox, əgər müəllimin uşağa yetirdiyi xəsarət az ağır xəsarətlər kateqoriyasına aiddirsə, onda müəllim CM-nin 127.1 maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Bu zaman həmin müəllim, iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Əgər müəllim şagirdi, sadəcə, döyübsə, bu, Cinayət Məcəlləsinin 128-ci maddəsi islə tövsiv olunmalıdır. Bu maddə ilə sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Yox, əgər müəllim uşağı döyərkən ona nə yüngül xəsarət, nə ağır xəsarət, nə də ki az ağır xəsarət yetiribsə, yəni ona, ümumiyyətlə, xəsarət yetirməyibsə, sadəcə,  döymə əlamətləri varsa, müəllimin əməli CM-nin yox, İnzibati Xətalar Məcəlləsinin 38-1 maddəsi ilə tövsif olunmalıdır. Yəni, həmin maddəyə görə, döymə və sair zorakı hərəkətlərlərə görə, qəsdən fiziki ağrı yetirməyə görə - beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, cinayət məsuliyyətinə səbəb olur. Bu maddədə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsi əsasında başlanılır. Bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir".

O ki qaldı şagirdi döyən müəllimin işdən azad olunmasına, hüquqşunas deyir ki, Əmək Məcəlləsinin müvafiq maddəsinin tələbinə görə, işəgötürən tərəf müəllimi törətdiyi xətaya, əmələ görə, cinayət və inzibati məsuliyyətə görə, işdən çıxarda bilər. Belə ki, Əmək Məcəlləsinin 70 və 72 maddələrinin tələblərinə görə, işçi iş yerində inzibati xətaya və cinayət tərkibli əmələ yol veribsə, onda işəgötürən işçi ilə əmək müqaviləsini poza bilər.

Yəni, işəgötürənə Əmək Məcəlləsinin 70 və 72 ci maddələri belə bir səlahiyyət verir: "Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda,iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verdikdə işəgötürən tərəfindən işdən azad edilə bilər". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR