Un və çörək ucuzlaşdı

Un və çörək ucuzlaşdı
17:13 15 Yanvar 2016
76 Digər
Ölkə mətbuatı
A- A+

Manatın məzənnəsinin dəyişməsi nəticəsində bir çox məhsulların satış qiymətində artım yarandı. Amma hər kəsin marağında və diqqət mərkəzində olan məhz unun və çörəyin qiyməti idi. Demək olar ki, günbəgün artan un qiymətləri artıq standart qiymətlə satışa çıxarılacaq.

Kəpəz TV (Region TV) xəbər verir ki, ötən gün Gəncədə süni qiymət artımına qarşı görüləcək tədbirlərə həsr olunan ümumşəhər toplantısında müzakirə olunan əsas məsələlərdən biri də məhz unun qiyməti olub. Un istehsalı zavodları rəhbərlərinin ehtiyatda taxılın olması fikrini əsas götürən şəhər rəhbərliyi diqqətə çatdırdı ki, nə unun, nə də çörəyin qiymətini artırmağa ehtiyac yoxdur. Ölkə başçısının məsələ ilə bağlı tapşırığı isə daha ürəkaçan oldu. Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar, 2016-cı il tarixdən etibarən əlavə dəyər vergisindən azad olunub. Nəticədə unun qiyməti 21 man, 50 qəpiklə - 22 man 50 qəp arasında, pərakəndə satış qiyməti isə 23 manatla- 24 manat arasında formalaşıb. 

İlham Xəlilov, Gəncə Dəyirman MMC-nin icraçı direktoru: "ƏDV-nin adından məlumdur ki, dəyərin üzərinə əlavə olunan vergidir. Məsələn, 10 manatlıq malın üzərinə 1 man 80 qəpik gəlir ki, bu dövlətə çatacaq. İndi həmin 18% götürüldü, dövlət xalqın xeyrinə öz gəlirindən imtina etdi. Yəni dünən 26 man 70 qəpiyə satırdıqsa, bu gün 22 man 50 qəpiyə satırıq".

Vəziyyətlə əlaqədar mağazalarda da olduq. Nəticə isə alıcıların xeyrinə qənaətbəxşdir.

Pərviz İsgəndərov - satıcı: "5 kq-lıq un 2 man 70 qəp, 10 kq-lıq 5 man 20 qəp, 25 kq-lıq 12 man 60 qəp, 50 kq-lıq un isə 24 manata satılır".

Unun ucuzlaşması çörəyin də qiymətinə təsir göstərib. Çörək mağazalarında alıcılara 30, 40 qəpiyə təklif edilir. Qaydalara əsasən, 30 qəpiklik çörəyin çəkisi 500, 40 qəpiklik çörəyin çəkisi isə 700 qram olmalıdır. 

Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı dövlət səviyyəsində çox ciddi tədbirlər görüləcək. Ona görə də süni qiymət artırmaqdansa, çörəyi çörəkçiyə verək, hələ birini də üstəlik. Çünki bərəkəti paylaşmaq artırar, işbazlıq yox...

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR