Dünyaca məşhur modelyer Corci Armani deyib: "Eleqantlıq - bu, bir dəfə diqqəti cəlb etmək yox, gördüyün zövqlülüyü ömür boyu yaddaşa həkk etməkdir". Elə buna görə də zövqlü geyinən insan hər zaman seçilir. Sənət adamları oxuduqları mahnılarla yanaşı, geyim tərzləriylə də diqqət mərkəzində olurlar.
Axşam.az müğənnilər arasında sorğu apararaq, onların zövqlü hesab etdikləri həmkarlarının adlarını soruşub:
Əməkdar artist Elza Seyidcahan - Azərbaycanda şou-biznes yoxdur ki, onun nümayəndəsi də olsun. Biz də özünəməxsus tərz yaradan yeganə müğənni Zeynəb Xanlarova olub. Hər zaman səhnədə özəl hazırlanmış geyimlər geyinib. Onun libasları həmişə əl işləri olub. İndi isə zövqlü geyinən təkcə Elza Seyidcahandır. Çoxları məni təkrarlayır. Amma heç birinin insafı yoxdur ki, bunu etiraf etsin.
Rəqqasə Fatimə Fətəliyeva - Ən gözəl geyinən müğənnimiz Tünzalə Ağayevadır. Bir də Afaq Gəncəlinin geyim tərzini bəyənirəm.
Müğənni Gülay Zeynallı - Təkcə Röya Ayxanın geyim tərzini xoşlayıram. Zövqsüzlərin adını çəkmirəm, inciyərlər.
Müğənni İlhamə Qasımova - Bir çox ifaçılarımızın geyim tərzini bəyənirəm. Onlar arasında Nura Suri, Röya Ayxan, Sevda Yahyayeva var. Kişi ifaçılarımız arasında isə fərqlisi yoxdur. Hamısı eyni tərzdə - klassik geyinirlər. Bir az saç düzümlərini dəyişib, xaricilərə oxşamağa çalışsalar, yaxşı olar.
Müğənni Emma Ələkbərzadə - Heç kimi zövqsüz adlandırmaq olmaz. Kimə nə yaraşırsa, onu da geyinir.
Aşıq Samirə Əliyeva - Bir çox müğənnilərimiz geyim tərzləri ilə seçilir, diqqət çəkir. Amma zövqsüzlərimiz də var. Bəzilərinin saç düzümünü, makiyajını bəyənmirəm.
Müğənni Fədayə Laçın - Sənət aləmində öz brendini yaradan ifaçı Zeynəb Xanlarovadır. Ondan sonra zövqlülər arasında Aygün Kazımova, Brilliant Dadaşova, Natavan Həbibi, Günay İbrahimli gəlir. Zövqsüz ifaçılarımız da var. Ən zövqsüzü də mən özüməm. Alış-verişə gedəndə mütləq bacım və ya başqa kimsə yanımda olmalıdır. Mən heç nəyi uyğunlaşdıra bilmirəm. Nə vaxt tək paltar almışamsa, evə gələndə danlanmışam.
Müğənni Sevda Yahyayeva - Zövqlülər sırasında ilk yerdə Röyadır. Ondan sonra Zülfiyyə Xanbabayevanın geyim tərzini bəyənirəm. Kişilərdən isə Abbas Bağırovla Zamiq Hüseynovu zövqlü hesab edirəm.
Müğənni Sevda Sanəliyeva - Zövqlü geyinən Natavan Həbibi, Röya və Nura Suridir. Aparıcılarımızdan isə Afaq Gəncəlini deyə bilərəm. Zövqsüzlərin adını isə çəkməsəm yaxşıdır... Özüm də pis geyinmirəm.
Tarzən Humay Qədimova - Fikrimcə, şou-biznesin ən zövqlü xanımı Tünzalə Ağayevadır. Bu xanımın imicini bəyənməyən çox az adam olar. Zövqsüz sənətçilər çoxdur, adlarını sadalasam vaxt çatmaz. Əsas odur ki, zövqsüzləri zövqlülərdən ayırmaq üçün tərəddüdlərimiz yoxdur.
Milli.Az