Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 25-də Kamerunun şimalında baş verən partlayışlar seriyası nəticəsində azı 32 nəfər ölüb, 86 nəfər yaralanıb. Kamerunun kənar şimal regionunun qubernatoru Miciyama Bakarinin məlumatına əsasən, bir neçə kamikadze Bodo şəhərinin bazarında partlayışlar törədib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müşahidəçilər partlayışların arxasında Nigeriyada fəaliyyət göstərən və mütəmadi olaraq Kamerunun şimal rayonlarında təxribat əməliyyatları keçirən “Boko haram” qruplaşmasının durduğunu ehtimal edirlər.
Xatırladaq ki, adı xausa dilində “Qərb təhsili - haramdır” mənası verən “Boko haram” qruplaşması Nigeriyanın şimal və şimal şərq hissəsində fəaliyyət göstərir. Qruplaşma üzvləri bəzən qonşu Niger, Kamerun və Çad ərazilərində də əməliyyatlar keçirir.
“Boko haram” bütün Nigeriya ərazisində İslam xilafətinin qurulmasına və şəriət hüququnun tətbiqinə çalışır, qərb təhsilinə, demokratiyaya, hakimiyyətin bölünməsi prinsipinə, həmçinin qərb geyiminə və “yad” mədəniyyətin digər elementlərinə qarşı çıxır.