BP şirkəti üçün bütün dünyada, eyni zamanda Azərbaycanda yük daşımaları həyata keçirən Panalpina qrup şirkətləri haqqında maliyyə fırıldaqları barədə məlumatlar yayılandan sonra hüquq-mühafizə orqanları məsələ ilə maraqlanmağa başlayıb.
ANS TV-nin “Haqqın.az” saytına istinadən verdiyi məlumata görə, Panalpina şirkətinin rəhbərliyi sənədlərin saxtalaşdırılması yolu ilə milyonlarla dolları mənimsəməkdə şübhəli bilinir.
Xəbərdə şirkətin keçmiş əməkdaşı Rəşad Qafarov video faktlarla çıxış edir. Rəşad Qafarov deyir ki, Panalpinanın Bakı ofisi Bəhreyndə, ofşor ərazidə özünün yaratdığı Bull Equipment Trading şirkətinin hesabına pul köçürməklə bu işləri həyata keçirib.
Panalpina qrupun törəmə şirkəti olan Panalpina Central Asia EC şirkəti Azərbaycanda BP və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti üçün yük daşımaları xidməti həyata keçirib.
Əldə olunan məlumatlara görə, Panalpina daşıdığı yükün həcmini olduğundan artıq göstərərək müvafiq ödəniş əldə edib.
BP-nin Azərbaycanda əlaqələr üzrə meneceri Tamam Bayatlı məsələ ilə bağlı bildirdi ki, bizim podratçılarımızdan birində bir neçə il əvvəl baş vermiş bu məsələdən xəbərimiz var. Həmin vaxt bu məsələ podratçı şirkət tərəfindən araşdırılmış və tədbirlər görülmüşdü.
Bizim araşdırmamız həmin potratçı tərəfindən BP-yə qarşı düzgün olmayan fəaliyyət və ya bizim biznesimizə hər hansı təsir olduğunu müəyyən etməmişdir.