A+
A–

Tokio, 12 fevral, AZƏRTAC
Fevralın 12-də Tokio Fond Birjasında hərraclar milli valyuta yenin rekord səviyyədə möhkəmlənməsi fonunda kotirovkaların kəskin çökməsi ilə başlayıb. Bu, yerli biznesə qətiyyən sərfəli deyil.
Ölkənin 225 aparıcı şirkətinin səhmlərini özündə əks etdirən “Nikkei” indeksi hərracların ilk 15 dəqiqəsi ərzində 4,51 faiz itirərək 15005,39 həddinə düşüb. Bəzi məqamlarda onun 15000 bəndindən aşağı düşdüyü də bildirilir. Bu, son 16 ayda qeydə alınan ən aşağı həddir.
Daha geniş TOPIX indeksi də 4,31 faiz itirərək 1210,50 həddinə enib.
Analitiklərin qənaətinə görə, investorlara ilk növbədə yenin dollara nisbətdə möhkəmlənməsi təsir edir. “Nomura Holdings” şirkətinin nümayəndəsi Cyuiti Vako bildirib ki, bazarda yeni mərhələ başlanır. Hazırda investorların əsas diqqəti yenin dollara nisbətən məzənnəsinə yönəlib. İnvestorlar daha etibarlı hesab etdikləri yeni almağa üstünlük verirlər.
Son bir neçə gün ərzində yapon valyutası dollara nisbətdə 10 faizdən çox möhkəmlənib. Fevralın 12-də hərraclar başlayan anda 1 dollar 112,42-112,44 yenə bərabər olub. Yanvarın sonlarında bu nisbət 121 yenə bərabər idi. Bununla bərabər, London hərrraclarında 1 dollar son 14 ayda ən aşağı həddə düşərək 110 yenə bərabər olub. Bu, ilk növbədə xarici bazarlara istiqamətlənən yapon yerli biznesinə sərfəli deyil. “Nikkey” qəzetinin analitiklərinin qənaətinə görə, böyük yapon irkətlərinin gəliri son 10 gündə 5-10 faiz azalıb.
Yapon maliyyə ekspertləri əmindirlər ki, yaxın günlərdə yenin yumşalması dünya bazarlarındakı qeyri-sabitlik səbəbindən gözlənilən deyil.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio