A+
A–

Bakı, 16 mart, AZƏRTAC
Nigeriyanın şimal-şərqində yerləşən Mayduquri şəhərindəki məsciddə baş verən partlayış nəticəsində 22 nəfər həlak olub, 17 nəfər isə xəsarət alıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, partlayışı iki kamikadze həyata keçirib. Onlardan biri partladıcı qurğunu məscidin içərisində işə salıb. İkinci partlayış isə insanlar məscidi tərk etməyə başlayarkən çıxışda törədilib.
Qeyd edək ki, Mayduquri “Boko Haram” qruplaşmasının qurulduğu şəhərdir. Hazırda şəhərdə yaraqlılara qarşı əməliyyat keçirən Nigeriya hərbçilərinin komanda mərkəzi yerləşir. Adı xausa dilində “Qərb təhsili - haramdır” mənasını verən “Boko haram” qruplaşması Nigeriyanın şimal və şimal şərq hissəsində fəaliyyət göstərir. Qruplaşma üzvləri bəzən qonşu Niger, Kamerun və Çad ərazilərində də hücumlar həyata keçirir.
“Boko haram” bütün Nigeriya ərazisində İslam xilafətinin qurulmasına və şəriət hüququnun tətbiqinə çalışır, qərb təhsilinə, demokratiyaya, hakimiyyətin bölünməsi prinsipinə, həmçinin qərb geyiminə və “yad” mədəniyyətin digər elementlərinə qarşı çıxır.
AZERTAG.AZ :Nigeriyada məsciddə törədilən partlayışda 22 nəfər həlak olub