A–
Tokio, 25 mart, AZƏRTAC
Malayziyanın Bernama agentliyinin ölkənin Baş nazirinin nümayəndəsi Şahidan Qassımın bəyanatına əsasən yaydığı məlumata görə, Çində qeydiyyatda olan yüzədək gəmi və qayıq Cənubi Çin dənizində Malayziyaya məxsus sulara daxil olub.
Hadisə martın 23-də Kalimantan adasından şimalda, Lukonia rifləri rayonunda baş verib.
Malayziya hökuməti hərbi-dəniz qüvvələrinə Cənubi Çin dənizində vəziyyəti öyrənmək barədə göstəriş verib. Ş.Qassımın sözlərinə görə, əgər gəmilərin ölkənin azad iqtisadi zonasına aid sulara daxil olduğu müəyyənləşərsə təhlükəsizliyin təmin edilməsi üçün bütün müvafiq tədbirlər görüləcək.
Cənubi Çin dənizindən dünyanın yük axınının təqribən üçdən biri keçir və burada yerləşən adaların şelfi zəngin neft yataqlarına malikdir. Bu rayondakı müxtəlif ərazilərə Çinlə birlikdə ASEAN-a daxil olan Bruney, Vyetnam, Malayziya və Filippin də iddialıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZERTAG.AZ :Çində qeydiyyatda olan gəmilər Cənubi Çin dənizində Malayziyaya məxsus sulara daxil olub