Bakı, 19 fevral, AzərTAc
“Avesta Concern”in bütün dünyada böyük marağa səbəb olan “Khazar İslands” layihəsi ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin də diqqət mərkəzindədir.
Şirkətdən AzərTAc-a bildirilib ki, İtaliya Respublikasının Azərbaycandakı səfiri Ciampaolo Kutillo “Khazar İslands” yeni şəhər kompleksi ilə tanış olub.
“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli qonağa rəhbərlik etdiyi şirkət, və həyata keçirilən “Khazar İslands” layihəsi haqqında geniş məlumat verib. Səfir Ciampaolo Kutillo Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını, Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini və bu münasibətlərin artıq tərəfdaşlıq səviyyəsinə qalxdığını qeyd edib. O, “Khazar İslands” layihəsinin iki ölkənin iş adamlarının uğurla əməkdaşlıq edə biləcəyi layihələrdən birisi olduğunu vurğulayıb.
“Khazar İslands” layihəsinin Azərbaycanda gedən dinamik inkişafın məntiqi nəticəsi olduğunu söyləyən Hacı İbrahim Nehrəmli, bu layihə ilə Prezident İlham Əliyevin iqtisadi siyasətinə dəstək vermək istədiyini, layihənin Azərbaycanda bir çox sahələrin, xüsusilə də turizmin inkişafına böyük töhfə verə biləcəyini deyib. İş adamı “Khazar İslands” layihəsi çərçivəsində dünyanın bir çox ölkəsindən olan iri şirkətlərlə əməkdaşlıq etdiklərini, bu sırada İtaliya şirkətlərinin də olduğunu diqqətə çatdırıb.
Hacı İbrahim Nehrəmli “Khazar İslands”a maraq göstərəcək bütün şirkətlərlə əməkdaşlığın mümkün olduğunu vurğulayıb.
Səfir Ciampaolo Kutillo isə öz növbəsindəAzərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi, İtaliyanın yeni şirkətlərinin “Khazar İslands” layihəsinə qoşulması və sərmayə qoyuluşu istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.