A–
Bakı, 30 mart, AZƏRTAC
Kanadanın cənub-şərqində yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb. Onların arasında Kanadanın keçmiş nəqliyyat naziri Jan Lapyer də var.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, təyyarə Madlen adalarında, hava limanına bir kilometr qalmış qəzaya uğrayıb. Ümumilikdə təyyarənin göyərtəsində 7 nəfər, o cümlədən 2 pilot olub.
KİV-lərin məlumatına əsasən, atasının dəfn mərasiminə gedən Jan Lapyer, həmçinin onun həyat yoldaşı, iki qardaşı və bacısı hadisə yerində həlak olublar.
Polis nümayəndəsinin sözlərinə görə təyyarə hava limanına yaxınlaşan zaman idarəetməni itirib. Hadisənin baş vermə səbəbləri araşdırılır. Qəzanın baş verdiyi ərazidə güclü külək və qar fırtınası müşahidə edilib.
AZERTAG.AZ :Kanadanın keçmiş nəqliyyat naziri aviasiya qəzasında həyatını itirib