Xalq artisti Rafael Dadaşov "Sənətsevər" verilişinin qonağı olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor sevgisindən, övladlarından danışıb:
"Əgər imkan versəydim, həyatım başqa cür olardı. Bir qadına vuruldum və tez ailə qurdum. Xanım əmim qızı idi, hamı onu tanıyır (xalq artisti Brilliant Dadaşovanın bacısı, aktrisa Sədaqət Dadaşova - red.). Vuruldum və evlənmək təklif etdim. Onun 16-17 yaşı var idi. O yaşımda evlənməsəydim, yəqin, gec ailə qurardım. Mənim böyük oğlumun 45 yaşı var. Övladlarımla dostam, amma hər şeyin çərçivəsi var. Heç vaxt istəməmişəm ki, övladım hiss etsin, ona qayğı yoxdur. Uşaqlarım mənə çox arxayındırlar. Çətinliyə düşən kimi mənim yanıma gəlirlər".
R.Dadaşov aparıcının "Bir müddət əvvəl qızınız Səidə haqqında mediada xəbərlər yayıldı ki, evli kişidən uşaq dünyaya gətirib. Həmin ərəfədə ona necə dəstək oldunuz?" sualına belə cavab verib:
"Səidə ailəmizin şıltağıdır. Bu yaxınlarda mənə nəvə bağışladı. Hər gün onu görməyə gedirəm. Övladlarım ataya arxayındır. Qızıma dəstək oldum, dedim ki, "Sənətkarın özünə güc çatmayanda övladını daşlayırlar". Məlik Dadaşova gücləri çatmayanda Rafael Dadaşovu daşladılar. İndi də Səidəni... Sənətkar övladını qoruyun, çirkaba batırmayın".
Sevgidən danışan aktyor həyatında bircə dəfə eşq yaşadığını bildirib:
"Sevgi anlaşılmayan bir hissdir. Bakı küləyi kimi peyda olur, sonra yoxa çəkilir. Sevgi gəldi-gedərdir. Güclü, sevinclə, bəh-bəhlə gəlir, ağrılarla da gedir. Kim deyirsə, insan ömür boyu sevir, yalandır. İndi sevgi adiləşib. Evlənməyi də, ayrılmağı da şouya döndəriblər. Bunlar intim haldır, gizli saxlanılmalıdır. Ailə dağılırsa, bunu şouya döndərmək lazım deyil, bu, faciədir. Mən ikinci sevgiyə inanmıram. Təzədən sevmək mümkün deyil. Sevgi bir dəfə gəlir, zamanla o hisslər dərinliyə düşür".
Milli.Az