34 yaşlı müdafiəçi ardıcıl üçüncü mövsüm qazandıqları çempionluğa rəğmən, mayın 25-də "Neftçi" ilə keçirəcəkləri Azərbaycan Kubokunun final matçından da qalib ayrılmaq istədiklərini bildirib: "Qarşıdakı oyunda da komandama əlimdən gələn köməyi göstərməyə çalışacağam. "Neftçi" ilə final matçında yenidən "qızıl dubl" əldə etmək üçün meydana çıxacağıq".
Aqolli hər 3 çempionluğun ona əziz olduğunu və qızıl medalları suvenir kimi saxlayacağını vurğulayıb. O, klubla başa çatan müqaviləsini yeniləmək və Albaniya millisinin heyətində AVRO-2016-ya "Qarabağ"ın futbolçusu kimi getmək istədiyini söyləyib: "Yaxın günlərdə bu məsələyə baxılacaq. Hər şey yaxşılığa doğru gedir. AVRO-2016-da "Qarabağ"ın futbolçusu kimi çıxış etmək istərdim".
Qeyd edək ki, Ansi Aqolli "Qarabağ"da 2011-ci ildən çıxış edir. Albaniya isə Avropa çempionatında Fransa, Rumıniya və İsveçrə ilə birgə A qrupuna düşüb.




