Atatürk Hava Limanındakı partlayışdan bir neçə saat sonra İŞİD-in dünya üzərindəki gücünü göstərən qrafik və xəritəsi yayılıb. Bu barədə lent.az türk mətbuatına istinadən məlumat yayıb. Qrafiki İŞİD-lə əlaqəli olan "Amaq" xəbər agentliyi yayıb. Xəritədə terror təşkilatının güclü olduğu bölgələr də təqdim olunur.
Məlum olur ki, İŞİD-in ən çox təhdid etdiyi ölkələr sırasında qardaş Türkiyə də var. Qrafikdə terror qruplaşmasının təsir gücü 3 hissəyə bölünüb.
1-ci hissədə İŞİD-in tam nəzarətində və gizli məkanların olduğu bölgələr göstərilir. Qrafikdən belə məlum olur ki, bu bölgələr Suriya və İraqdır. Və ən çox da burada fəaliyyət göstərirlər.
2-ci hissədə orta dərəcədə nəzarət edilən yerlər qeyd edilir. Burada artıq 10 ölkənin adı çəkilir. Bu dövlətlər Orta Asiyada Əfqanıstan, Yəmən, Afrikada Somali, Nigeriya, Niger, Şimali Afrikada Misir, Liviya, Şərqi Avropada Çeçenistan, Dağıstan, Uzaq şərqdə isə Filippindir.
3-cü hissədə İŞİD-in gizli fəaliyyət göstərdiyi 7 ölkənin də adı sıralanır. Və bunların çoxu son vaxtlarda terror təşkilatının hədəfi olub. Həmin ölkələr Səudiyyə Ərəbistanı, Türkiyə, Əlcəzair, Fransa, Tunis, Livan, Banqladeşdir.
Bundan əlavə, ingilislərin "Daily Mail" qəzetinin internet saytında İŞİD-in hədəfində və ən çox təhlükəli olan ölkələrin xəritəsi yer alıb. Bunlar Türkiyə, Rusiya, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, Mərakeş, Əlcəzair və Tunisdir. Xəritədə İtaliya, İslandiya, İsveç və Yunanıstan əsasən risk altında olan ölkələr kimi qeyd edilir.
Milli.Az musavat-a istinadən bildirir ki, politoloq Elxan Şahinoğlu dedi ki, hazırda dünyada İŞİD qədər ikinci güclü terror təşkilatı yoxdur: "Onların torpaq əraziləri, böyük gəlirləri, 30 mindən çox silahlı qruplaşması var. Terror təşkilatı kimi bu qədər imkanlara sahiblənib. Amma son zamanlar onları İraq və Suriya tərəfdən ciddi şəkildə sıxışdırırlar. İraq tərəfdən müəyyən ərazilər itiriblər. Özləri də bilirlər ki, heç kim onlardan əl çəkən deyil. Çünki bütün dünyaya təhlükə yaradırlar. Birlik olmasa da, müəyyən koalisiyalar var ki, İŞİD-ə qarşı mübarizə aparırlar. İraq ordusu var, Rusiya bombalayır, Türkiyə ciddi şəkildə mübarizə aparır, Amerika koalisiya yaradıb. İŞİD yaxşı bilir ki, sonu yoxdur. Gələcək məğlubiyyətlərini gördükləri üçün fəaliyyətlərini müxtəlif istiqamətlərə sızdırmaq istəyirlər.
İstanbulda son olaraq partlayış törətdilər. Bundan əvvəl Paris və Brüsseldə partlayış törətdilər. Düşünürlər ki, əraziləri əllərində saxlaya bilməsələr, bütün dünyaya səpələnsinlər. Bu yolla bütün bəşəriyyətə problemlər yaratsınlar. Əsas hədəfləri odur. Düzdür, əraziləri hələ ki əllərində saxlaya bilirlər. Amma böyük koalisiya yaradılsa, onları acı tale gözləyir. "Əl-Qaidə" terror təşkilatı vaxtilə İŞİD qədər olmasa da, güclü idi. Amma indi "əl-Qaidə" lideri öldürülüb, təşkilat üzvləri isə qayalarda gizləniblər. Bir gün bu tale İŞİD-i də gözləyir. İŞİD-in baş bilənləri bu taleni yaşamasalar da, əvvəlcədən duyublar. Dünyaya səpələnərək, qorxu yaratmağa çalışırlar. Əsas strategiyaları budur. Xəritələrin yayılması və digər vasitələrlə. Bu cür xəritələr yaymaqla, əslində sonlarını yaxınlaşdırırlar. Türkiyənin mərkəzində terror törətdilər. İndiyə qədər Türkiyəni ən çox Rusiya İŞİD-ə qarşı fəal mübarizə aparmamaqda qınayırdı. Amma İstanbulu vurmaqla İŞİD böyük xətaya yol verdi. Türkiyə istər-istəməz terror təşkilatına qarşı mübarizəni genişləndirəcək".
Politoloq barışıq tez əldə olunsa, Türkiyə və Rusiya arasında İŞİD-ə qarşı birgə mübarizə aparmaqla bağlı koalisiyanın yaradılmasının mümkünlüyündən də söz açdı: "İŞİD-in vəziyyəti getdikcə gərginləşir. Çünki ona qarşı koalisiyanın sərhədləri genişlənir. Amma İŞİD o qədər azğın təşkilatdır ki, üzvlərinin hamısını ölümə göndərər, təki dünyanı vahimədə saxlasın. Bu mübarizə hələ çox vaxt aparacaq. Əgər Parisin göbəyində, Brüssel və İstanbulda partlayışlar törədirsə, demək, İŞİD üçün sərhədlər yoxdur. İstənilən məsafəni qət edib, istədiyi məsafəni vurmağa qadirdir. Bu baxımdan İŞİD-in güclü olduğunu dana bilmərik".
Milli.Az