17 mart, 2011-ci il tarixində BMT-nin Təhlükəsizlik Şurası ABŞ Prezidenti Barak Obamanın başçılığı ilə Liviyaya hərbi müdaxiləyə icazə verən 1973 saylı qətnamə qəbul etdi. Obamanın bildirdiyinə görə, burda məqsəd Liviya diktatoru Müəmmar Qəddafinin təzyiqlərinə məruz qalan dinc, demokratiya tərəfdarı nümayişçilərin xilas edilməsi idi. Onun sözlərinə görə, Qəddafi nəinki Tunis və Misirdə avtoritar rejimləri devirmiş Ərəb baharının irəliləməsini zərbə altında qoydu, həm də Liviyanın üsyan başlayan şəhərində qətliam törətməyə belə hazır idi. “Biz bilirdik ki, bir gün artıq da gözləsəydik, hardasa Şarlott şəhəri boyda olan Benqazi şəhərində bütün regiona səs salacaq və dünyanın vicdanına ləkə salacaq bir qətliam törədilə bilərdi” – Obama həmin vaxt bildirmişdi. BMT-nin Liviyaya müdaxilə səlahiyyəti verməsindən iki gün sonra ABŞ və NATO ölkələri Liviya ərazisində uçuşa qadan bölgə elan edib Qəddafi qüvvələrini bombardman etməyə başladılar. 7 ay sonra, 2011-ci ilin oktyabr ayında qərb ölkələrinin dəstəyi ilə genişləndirilmiş hərbi əməliyyatlar planından sonra Qəddafi üsyançı qüvvələr tərəfindən öldürüldü.
Hərbi qələbədən dərhal sonra ABŞ rəsmiləri zəfər elan etdilər. Həmin vaxt ABŞ-ın NATO yanında daimi nümayəndəsi olan İvo Daalder və NATO-nun sabiq ali komandiri Ceyms Stavridis bildirmişdilər: “NATO-nun Liviyada apardığı əməliyyat haqlı olaraq nümunəvi bir müdaxilə kimi təriflənib.” Obama özü də bu haqda öyünərək bildirmişdi: “ABŞ-ın bir dənə də olsun hərbi xidmətçisinin iştirakı olmadan biz öz hədəflərimizə çatdıq.” ABŞ həqiqətən də ard-arda ərəb baharını böyütməklə, Ruandada törədilən soyqırım kimi bir soyqırımın qarşısını almaqla və Liviyanın terror mənbəyi olması ehtimalını aradan qaldırmaqla ard-arda üç uğurlu addım atdı.
Ancaq bunun vaxtından əvvəl verilmiş bir qərar olduğu görünür. Geriyə baxsaq, Obamanın Liviyaya müdaxiləsi öz standartları ilə belə mühakimə edildikdə uğursuz oldu. Liviya demokratiyaya keçə bilməməklə yanaşı uğursuz bir dövlət oldu. Amansız ölüm və başqa insan hüquqlarının pozulması halları bir neçə dəfə artdı. Liviya terrora qarşı mübarizədə ABŞ-a kömək etmək əvəzinə Qəddafinin vəzifədə olduğu son on ildə etdiyi kimi hazırda həm əl-Qaidə, həm də İraq İslam Şam Dövləti (İŞİD) ilə əlaqələri olan silahlı qüvvələr üçün sığınacaq rolunu oynayır. Liviyaya müdaxilə edilməsi ABŞ-ın digər maraqlarına da zərər verib: nüvə silahlarının yayılmasının qarşısının alınması və Rusiyanın BMT-də əməkdaşlığı zəifləyib, Suriyada vətəndaş müharibəsi genişlənib.
Bu missiyanı müdafiə edənlərin irəli sürdükləri iddialara baxmayaraq, seçilə biləcək daha yaxşı bir siyasət var idi, bu da ümumiyyətlə müdaxilə edilməməsi idi, çünki əslində Liviyanın dinc vətəndaşları heç də hədəf götürülməmişdi. ABŞ və onun müttəfiqləri bu siyasəti izləsəydilər, Liviyadakı xaosun qarşısını ala və bu ölkəyə Qəddafinin davamçısı, nisbətən liberal fikirli, qərb təhsili görmüş oğlu Seyf əl-İslamın hakimiyyəti altında tərəqqi imkanı verə bilərdilər. Ona görə də, indi Liviyada qəddar silahlı qüvvələr və Amerikaya qarşı olan terrorçular hökm sürür və bu da humanitar müdaxilənin həm müdaxilə edən, həm də müdaxilə edilən tərəf üçün necə əks təsir göstərə biləcəyinin bir nümunəsidir.
UĞURSUZ BİR DÖVLƏT
Liviya haqqında nikbinlik 2012-ci ilin iyul ayında demokratik seçkilər nəticəsində mötədil, dünyəvi xarakterli koalisiya hökumətinin hakimiyyətə gəlməsi ilə öz zirvəsinə çatdı, bu, Qəddafinin dörd illik diktatorluğundan sonra kəskin bir dəyişiklik idi. Ancaq ölkə tezliklə zəifləməyə başladı. Ölkənin ilk seçilmiş baş naziri Mustafa əbu-Şaqur vəzifəsində bir aydan az qaldı. Onun bu qədər tez vəzifədən azad edilməsi gələcək probləmə işarə edirdi: dörd ildən az bir müddətdə Liviyada baş nazir yeddi dəfə dəyişmişdi. İslamçılar müharibədən sonrakı ilk parlamentdə, Ümumi Milli Konqresdə üstünlük təşkil etməyə başladılar. Yeni hökumət isə NATO-nun yeddi aylıq müdaxiləsi dövründə ortaya çıxmış silahlı dəstələrin tərk-silah edilməsinə nail ola bilmədi, bu da rəqib tayfalar və komandirlər arasında bu günə qədər davam edən amansız döyüşlərə gətirib çıxardı. 2013-cü ilin oktyabr ayında Liviyanın neftin çoxunun yerləşdiyi şərq hissəsindəki separatçılar öz hökumətlərini elan etdilər. Ölkənin o vaxtkı baş naziri Əli Zeydan həmin ay qaçırılıb girov götürüldü. ABŞ Liviya hökuməti daxilində islamçıların nüfuzunun artdığnı bildiyinə görə, 2014-cü ilin yazında Liviyanın 6-8 min qoşundan ibarət silahlı qüvvələrə təlim keçirilməsi planını təxir saldı.
Liviya 2014-cü ilin may ayına qədər liberallarla islamçılar arasında yeni vətəndaş müharibəsinin astanasına gəldi. Həmin ay general Xəlifə Xaftar Benqazi şəhərində islamçı qruplaşmalara hücum etmək üçün hərbi hava qüvvələrinin idarəsini ələ keçirdi, sonradan isə Tripolidə islamçıların üstünlük təşkil etdiyi qanunvericilik hakimiyyəti də daxil olmaqla öz hədəflərini artırdı. Ötən iyun ayında keçirilən seçkilər xaosu aradan qaldıracaq heç bir şey etmədi. Seçici fəallığı əvvəlki səsvermədə olduğundan – 1,7 milyondan 630 minə düşdüyünə görə, bir çox liviyalı artıq demokratiyaya olan ümidini kəsib. Dünyəvi partiyalar qələbə elan edib yeni qanunvericilik orqanı – Nümayəndələr Palatası yaratsalar da, islamçılar bunu qəbul etmədilər. Nəticə isə hər biri qanuni olduğunu iddia edən iki parlamentin rəqabət aparması oldu.
İyul ayında Misurat şəhərindən bir islamçı qruplaşma Xaftarın əməliyyatlarına Tripoli şəhərinə hücum etməklə qarşılıq verdi və qərb dövlətlərinin səfirlikləri buranı tərk etməli oldular. Altı həftə sürən döyüşdən sonra islamçılar avqust ayında fəaliyyətini dayandırmış qanunvericilik hakimiyyəti ilə “milli qurtuluş hökuməti” yaratmış Libya Dawn (Fəcr-i Liviya) koalisiyasının adından paytaxtı ələ keçirdilər. Oktyabr ayında isə yeni seçilmiş dünyəvi Operation Dignity (Şərəf Əməliyyatı) koalisiyasının idarə etdiyi parlament ölkənin şərqində yerləşən, rəqib müvəqqəti hökumət qurduğu Tobruk şəhərinə köçürüldü, Liviyanın Ali Məhkəməsi isə bu hökumətin qurulmasının konstitusiyaya zidd olduğunu elan etdi. Beləliklə, Liviya hər biri ölkə ərazisi və silahlı qruplaşmaların müəyyən bir hissəsini idarə edən, bir-birilə müharibə aparan iki hökumətlə üz-üzə qaldı.
Qəddafinin hakimiyyəti dövründə ölkədə insan hüquqları ilə bağlı vəziyyət pis idi, NATO Qəddafini devirdikdən sonra daha da pisləşdi. Üsyançılar hakimiyyəti ələ keçirdikdən dərhal sonra qarşılıq olaraq bir çox qətllər törətdilər, Qəddafinin dəstəkçiləri olduğundan şübhələndikləri minlərlə insana işgəncə verib döydülər və əsassız şəkildə həbs etdilər. Onlar eyni zamanda Taverqa şəhərinin əksəriyyəti qaradərili olan 30 min sakinini qovub çıxardılar və bəzilərinin muzdlu əsgər olduğu ehtimalını əsas gətirərək onların evlərini və dükanlarını yandırıb talan etdilər. Human Rights Watch (İnsan Hüquqlarına Nəzarət) təşkilatı müharibədən altı ay sonra bildirdi ki, insan hüquqlarının pozulması halları “insanlığa qarşı cinayət səviyyəsinə yüksələ biləcək qədər yayılıb və ardıcıl şəkildə müşahidə olunub.”
İnsan hüquqlarının kütləvi şəkildə pozulması davam edir. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı 2013-cü ilin oktyabr ayında “hesablamalara görə, münaqişə ilə əlaqədar həbs edilən 8000 nəfərin əksəriyyətinin müvafiq hüquqi prosedur olmadan saxlanıldığı” ilə bağlı məlumat verdi. Daha çox narahatlıq yaradan məqam odur ki, Beynəlxalq Amnistiya təşkilatı (Amnesty International) keçən il üsyançıların məhbuslara qarşı qəddar rəftarı haqqında məlumat verdi: “Məhbuslar plastik borular, çubuqlarla uzun müddət döyülür, bəzi hallarda onlara eletrik cərəyanı verilir, saatlarla əyri vəziyyətdə asılı, daima gözübağlı saxlanılır, əlləri arxalarında bağlanır, su, yemək verilmirdi.” Məlumatda o da göstərilirdi ki, 2014-cü ilin təkcə ilk doqquz ayında liviyalı jurnalistlərə 93-ə yaxın hücum edilib, bura qaçırılma, əsassız həbslər, qətl hadisələri, sui-qəsdə cəhd etmələr də daxildir. Son olaraq məlumatda göstərilib ki, qərbi Liviyada davam edən hücumlar hərbi cinayət səviyyəsinə qədər qalxıb. BMT-nin apardığı hesablamalara görə, zorakılıq hallarının bu qədər yayılması nəticəsində dörddə biri ölkəni tamamilə tək etmiş təxminən 400 min liviyalı öz evlərini tərk etməli olub.
Liviyada iqtisadi tənəzzül nəticəsində həyat səviyyəsi kəskin şəkildə pisləşib. Bunun əsas səbəbi ölkənin həyat mənbəyi olan neft istehsalının uzunsürən münaqişə nəticəsində aşağı səviyyədə qalmasıdır. İnqilabdan əvvəl bir gündə 1,65 milyon barrel neft istehsal edən Liviyada bu göstərici NATO-nun müdaxiləsi dövründə sıfıra düşdü. İstehsal müvəqqəti olaraq əvvəlki göstəricinin 85%-ə qayıtsa da, separatçıların 2013-cü ilin avqustunda ölkənin neft çıxarılan şərq bölgələrini ələ keçirməsindən sonra orta hesabla müharibədən əvvəlki səviyyənin yalnız 30%-ə çatdı. Davam edən döyüşlər nəticəsində Liviyanın ən böyük iki şəhəri Tripoli və Benqazidə hava və dəniz limanları bağlandı. Bir çox şəhərlərdə sakinlər elektriklərin kütləvi şəkildə kəsilməsi ilə üzləşir – Tripoli şəhərində bir gündə 18 saata qədər elektrik verilmir. Son dövrlərdə müşahidə olunan yaşamaq üçün zəruri olan şeylərin çatışmazlığı BMT-nin İnsan İnkişafı indeksinin ənənəvi olaraq Afrikada həyat səviyyəsi ən yüksək olan bir ölkə kimi qiymətləndirdiyi Liviyada kəskin bir zəifləmə olduğunu göstərir.
İNSAN İTKİSİ
Ağ Ev Liviyadakı missiyasına humanitar əsaslarla bəraət qazandırsa da, əslində, bu müdaxilə çoxlu sayda insan itkisinə səbəb oldu. İlk növbədə, Qəddafinn göstərdiyi təzyiqlərin həmin vaxt kütləvi informasiya vasitələrində çıxan xəbərlərdə olduğu qədər ölümcül xarakter daşımadığı məlum olur. İnsan Hüquqlarına Nəzarət təşkilatı üsyanların dinc və zorakı etiraz nümayişlərinin qarışığı kimi başladığı şərqi Liviyada 233 ölüm hadisəsi qeydə aldı, Səudiyyə Ərəbistanının “Al Arabiya” xəbər kanalında isə bu rəqəmin 10 min olduğu bildirilmişdi. Əslində, 2013-cü ildə çıxan International Security (Beynəlxalq Təhlükəsizlik) məqaləsində göstərildiyi kimi, üsyanların başladığı vaxtdan, yəni 2011-ci ilin fevral ayının ortasından NATO-nun müdaxiləsinə - həmin ilin mart ayının ortasına qədər əsgərlər və üsyançılar daxil olmaqla təxminən 1000 liviyalı həlak oldu. 2011-ci ilin əvvəlində AL Jazeera (Əl-Cəzirrə) kanalında çıxan, qərb kütləvi informasiya vasitələrində də işıqlandırılıan xəbərlə Qəddafinin hərbi hava qüvvələrinin Benqazi və Tripolidə vətəndaşları bombardman etməsi iddia edilsə də, “London Reviews of Books” (London Kitab İcmalları) jurnalında çıxan, Tufts universitetində çalışan Hyu Roberts tərəfindən aparılan ətraflı araşdırma ilə bu xəbərin yanlış olduğu aşkar edildi. Əslində Qəddafinin vətəndaşlar arasında ölüm hallarını minimuma endirməyə çalışan qüvvələri heç bir fərq qoymadan zorakılıq törədilməməsinə çalışırdılar.
Bunun statistik məlumatlarla ən yaxşı sübutu ilk döyüşlərin ən gərgin başladığı, Liviyanın üçüncü ən böyük şəhəri Misuratda görünür. İnsan Hüquqlarına Nəzarət təşkilatı aşkar edib ki, üsyanın ilk yeddi həftəsində bu şəhərdə yaralanan 949 nəfərdən yalnız 30-u qadın və uşaq olub, bu da onu göstərir ki, Qəddafinin qüvvələri kişilərdən təşkil olunmuş döyüşçüləri əsas hədəf götürüb. Həmin vaxt ərzində 400 min sakini olan Misurat şəhərində yalnız 257 nəfər həlak olub.
NATO-nun müdaxiləsi ilə ölənlərin sayı onqat, bəlkə də, daha çox artıb.
Həmin təmkinlilik nümunəsi Tripoli şəhərində də özünü göstərirdi, NATO-nun müdaxiləsindən yalnız iki gün əvvəl hökumət binalarını yandıran nümayişçilərin geri çəkilməsi üçün hökumət burda böyük sayda qüvvədən istifadə etdi. Liviyalı həkimlər sonradan BMT-nin istintaq komissiyasına fevralın 20-i və 21-i şəhər morqlarında 200-dən çox cəsəd gördüklərini, ancaq bunlar arasında yalnız iki qadın cəsədinin olduğunu deyiblər. Bu statistik məlumatlar Qəddafinin dinc sakinlərə necə gəldi atəş açdığı fikrini təkzib edir.
Bundan başqa, NATO-nun müdaxiləsinə qədər Liviyadakı zorakılıq sona çatmaq üzrə idi. Qəddafinin yaxşı silahlanmış qüvvələri geri çəkilməkdə olan nizamsız üsyançıları darmadağın etmişdi. Hökumət qüvvələri 2011-ci ilin mart ayının ortalarına qədər üsyançıların son istinadgahı Benqazi şəhərini geri almağa hazır idi, bununla da bir ay sürən münaqişəyə yalnız 1000 insanın həlak olması ilə son qoyacaqdı. Ancaq elə bundan sonra üsyançılarla əlaqələri olan, İsveçrədə yaşayan liviyalı mühacirlər Benqazidə böyük bir qətliam olacağı ilə bağlı xəbərdarlıq etdilər, bu da qərb mətbuatında lazımi şəkildə öz əksini tapdı, ancaq indi baxdıqda bunun təbliğat olduğu görünür. Əslində, Qəddafi martın 17-də digər şəhərləri geri aldığına görə Benqazi şəhərinin sakinlərini qorumaq vədini vermiş və öz qüvvələrinin üsyançılara Misirə geri çəkilmək fürsətini verdiyini də qeyd etmişdi. Daha sadə dillə desək, silahlı dəstələr müharibədə məğlub olmaq üzrə idilər, ona görə də, onların xaricdəki agentləri NATO-nun müdaxiləsi üçün soyqırım törədiləcəyi ilə bağlı məsələni ortaya atdılar, istədiklərinə də nail oldular. Qəddafinin qətliam törətmək planının olduğuna inanmaq üçün heç bir sübut və səbəb yoxdur.
Etiraf etmək lazımdır ki, hökumət həqiqətən də üsyançılara yorulmadan onları izləyəcəklərini deyərək hədə-qorxu gəlməyə cəhd etdi. Qəddafi isə bunu heç vaxt vətəndaşların hədəf götürüləcəyi mənasında deməmişdi. Hökumət qüvvələri 2011-ci ilin mart ayının 5-dən 15-ə qədər üsyançıların ələ keçirdiyi əsas şəhərlərdən biri istisna olmaqla, bütün şəhərləri geri aldı və bu şəhərlərin heç birində nəinki qətliam törətmək, heç intiqam almaq üçün vətəndaşları qətlə yetirməyə belə çalışmadı. Qəddafi qüvvələr Benqazi şəhərinə yaxınlaşdıqca silahsız vətəndaş və üsyançılara zərər verməyəcəyi barədə ictimaiyyəti əmin etdi. O, martın 17-də Benqazidəki üsyançılara birbaşa müraciət edərək dedi: “Əjdəbiyə və digər yerlərdəki qardaşlarınız kimi silahlarınızı yerə qoyun. Onlar bunu ediblər və təhlükədə də deyillər. Biz onları izləmədik belə.”
Bununla belə, iki gün sonra NATO-nun hərbi hava qüvvələri Qəddafinin hücumunu dayandırdı. Nəticədə isə Benqazi hökümətə qaytarılmadı, üsyançılar geri çəkilmədi və müharibə sona çatmadı. Silahlı dəstələr geri çəkilmək əvəzinə hücuma davam etdi. 20 oktyabr, 2011-ci il tarixində isə üsyançılar Qəddafini tapıb ona işgəncə verib, qətlə yetirdilər. Nəticə isə odur ki, bu müdaxilə ilə Liviyada altı həftədən belə az bir müddətdə bitə biləcək vətəndaş müharibəsi səkkiz aydan çox uzandı.
Müharibədə həlak olanların sayı ilə bağlı müxtəlif məlumatlar olub. 2011-ci ilin noyabr ayında “The Brookings Institution” araşdırma mərkəzi tərəfindən təşkil olunan qapalı bir konfransda ABŞ rəsmilərindən biri təxminən 8000 nəfərin həlak olduğunu bildirmişdi. Üsyançıların səhiyyə naziri isə bunun əksinə olaraq, hələ heç müharibə qurtarmamışdan əvvəl 2011-ci ilin sentyabr ayında həlak olmuş liviyalıların sayının 30 min olduğunu bildirmişdi. Bununla belə, müharibədən sonrakı hökumətin “Şəhidlər və İtkin Düşmüş İnsanlar üçün Nazirliyi” həlak olan vətəndaş və üsyançıların sayının 4700, hökumət qüvvələri tərəfdən də bərabər sayda və ya daha az sayda ölüm hallarının olduğunu, hər iki tərəfdən 2100 insanın itkin düşdüyünü bildirmişdi.
Ölənlərin ümumi sayı ilə bağlı statistika aşağı səviyyəli münaqişənin sonrakı iki ilində tərtib edilməsə də, cənub bölgədə yerləşən Sabha şəhərində 2012-ci ilin mart ayında rəqib tayfalar arasında 147 nəfərin ölümü ilə nəticələnən döyüş kimi bir neçə mühüm atışma haqqında xəbərlər çıxdı. Bu rəqəmlərə baxdıqda, münaqişənin 2012 və 2013-cü illərdə hər il ən azı 500 insanın ölümünə səbəb olduğunu desək yanılmarıq. 2014-cü ildə yenidən başlayan vətəndaş müharibəsi üçün daha dəqiq məlumatlar var. Gündəlik ölüm hadisələrini qeydə alan “Libya Body Count” (Liviyada Ölənlərin Sayı) adlı saytın verdiyi məlumata görə, keçən il həlak olan liviyalıların ümumi sayı 2750-dən çox olub. Bundan başqa, Qəddafinin qüvvələrindən fərqli olaraq, Liviyada döyüşən silahlı dəstələr öz qüvvələrindən necə gəldi istifadə edirlər. Məsələn, 2014-cü ilin avqust ayında Tripoli şəhərindəki tibb mərkəzi məlumat verib ki, son döyüşlərdə həlak olan 100 nəfərdən 40-ı qadın, ən azı 9-u isə uşaq olub. Silahlı dəstələr növbəti ay açıq-aşkar hərbi cinayət törədərək reaktiv yaylım atəş sistemindən bir tibb müəssisəsini atəşə tutublar.
Bu dəhşətli rəqəmlər qaçılmaz nəticəyə gətirib çıxarır. Liviyada gedən vətəndaş müharibəsi NATO-nun müdaxiləsindən əvvəl yalnız 1000 nəfərin həlak olması ilə sona çatmaq üzrə idi. Müdaxilədən sonra isə münaqişə nəticəsində ölkədə ən az 10 min nəfər həlak oldu. Başqa sözlə, belə görünür ki, NATO-nun müdaxiləsi ölənlərin sayını onqat, bəlkə də, daha çox artırdı.
TERRORÇULAR ÜÇÜN ƏRAZİ
Liviyaya müdaxilənin nəzərdə tutulmayan başqa bir nəticəsi də terrorizm təhlükəsinin güclənməsi oldu. Qəddafi on illər əvvəl terrorizmi dəstəkləsə də, liviyalı lider hətta 11 sentyabr hadisəsindən əvvəl qlobal terrorizmə qarşı ABŞ-ın müttəfiqinə çevrilmişdi. Bunu etməsinin bir səbəbi o idi ki, o, ölkə daxilində əl-Qaidə ilə əlaqələri olan silahlı qruplaşma – Liviya İslam Döyüşçü Qrupu ilə üzləşmişdi. Liviyanın xarici işlər naziri Musa Kusa Əfqanıstandakı liviyalı döyüşçülər haqqında kəşfiyyat məlumatı vermək üçün Mərkəzi Kəşfiyyat İdarəsi ilə (CIA) çox sayda görüşlər keçirmişdir. ABŞ-ın Afrika Komandirliyinə başçılıq etmiş general Uilyam Uard 2009-cu ildə Liviyanı “transmilli terrorizmə qarşı mübarizədə önəmli bir əməkdaş” kimi qiymətləndirmişdir.
Bununla belə, NATO-nun 2011-ci il müdaxiləsindən sonra Liviya və qonşu ölkə Mali terrorçuların sığınacağına çevrildi. Qəddafinin yatırdığı radikal islamçı qruplar NATO-nun hava müdafiəsi ilə üsyanın ən güclü döyüşçüləri olaraq ortaya çıxdılar. Qətər kimi “canıyanan” ölkələr tərəfindən silahla təchiz olunan qruplar Qəddafinin devrilməsindən sonra tərk-silah olmağı rədd etdilər. Davam edən bu təhlükə 2012-ci ilin sentyabr ayında Ənsar əl-Şəriə qrupu da daxil olmaqla, cihadçıların Benqazidə ABŞ diplomatlarına hücum edib ABŞ-ın Liviyadakı səfiri Kristofer Stevens və onun üç əməkdaşını öldürmələri ilə özünü göstərdi.
İndi isə Liviyanın islamçı qruplaşmaları bütün ölkənin hakimiyyətini ələ keçirmək üçün mübarizə aparır və irəliləyirlər. Silahlılar 2014-cü ilin aprel ayında Tripoli yaxınlığında yerləşən, ABŞ-ın xüsusi təyinatlı əməliyyat qüvvələrinin 2012-ci ilin yayında terrorçulara qarşı mübarizə aparan Liviya qüvvələrinin təlimi üçün yaratdıqları gizli hərbi bazanı ələ keçirdi. Qətər və Sudan 2014-cü ilin sentyabr ayı kimi son vaxtlara qədər islamçılara silah təmin edib. Buna qarşılıq olaraq, daha dünyəvi hökumətlər olan Birləşmiş Ərəb Əmirlikləri və Misir keçən ilin avqust və oktyabr ayında Tripoli və Benqazidəki islamçı dəstələrə qarşı hava hücumları başlatdı.
NATO-nun müdaxiləsi regionun digər yerlərində də islamçı terrorizmi gücləndirdi. Qəddafi devrildikən sonra Malidəki etnik tuareqlər başqa bir üsyan başlatmaq üçün silahlanıb yurdlarını tərk etdilər. Həmin üsyan yerli islamçı qüvvələr və əl-Qaidənin Malinin şimalında müstəqil İslam dövləti elan etmiş İslami Məğrib qruplaşması tərəfindən yatırıldı. ABŞ Senatının Afrika üzrə alt komitəsinin sədri Kristofer Kunsun sözlərinə görə, 2012-ci ilin dekabr ayına qədər Malinin bu zonası dünyada islamçı ekstremistlər tərəfindən idarə edilən ən böyük əraziyə çevrilib. Bu təhlükə haqqında ətraflı məlumat verən “The New York Times” qəzetində “əl-Qaidənin Şimali Afrikadakı qruplaşmasının Malinin şimalında terror təlim düşərgələri yaratdığı və Nigeriyanın şimalındakı silahlı islamçı təşkilat üçün silah, partlayıcı maddələr və maliyyə yardımı təmin etdiyi” ilə bağlı xəbər çıxmışdı. Ancaq terrorun Liviyadan yayılması burda bitmədi, Burkina Fasoda da amansız etnik münaqişə başlandı və Nigerdə radikal islam daha da genişləndi. Fransa bu təhlükənin qarşısını almaq üçün 2013-cü ilin əvvəlində Maliyə minlərlə qoşun dəstələri göndərməyə məcbur oldu.
Terrorizm problemi bütün Şimali Afrika və Yaxın Şərqdə Qəddafinin cəbbəxanasından radikal islamçılara təhlükəli silahların sızması ilə kəskinləşdi. İnsan Hüquqlarına Nəzarət təşkilatının hesablamalarına görə, Somali, Əfqanıstan və ya İraqa gedən silahların on qatı Liviyaya getdi. Çox güman ki, ən böyük narahatlıq yaradan həm sərnişin, həm də hərbi təyyarələrin vurulması üçün istifadə oluna biləcək daşına bilən zenit-raket kompleksləridir. Bu raketlər hətta Misir vasitəsilə Qəzzə bölgəsinə qədər gedib çıxıb. 2012-ci ilin oktyabr ayında bu bölgədəki silahlı dəstələr raketlərin birindən ilk dəfə atəş açıb, ancaq İsrailə məxsus hərbi helikopteri vura bilməyiblər. 2014-cü ilin əvvəlində isə Misirdəki islamçılar başqa bir hərbi helikopterin vurulması üçün yenə bu cür raketdən istifadə ediblər.
DAHA BÖYÜK TƏSİRLƏR
Liviyaya müdaxilənin mənfi təsirləri təkcə yaxın qonşularda görünmür. Hər şeydən əvvəl, ABŞ Qəddafinin devrilməsinə kömək etməklə özünün nüvə silahlarının yayılmasının qarşısının alınması hədəflərinə zərbə vurdu. Qəddafi 2003-cü ildə könüllü surətdə nüvə və kimyəvi silahlarla bağlı proqramlarını dayandırmış və cəbbəxanalarını ABŞ-a təslim etmişdi. Onun mükafatı isə səkkiz ildən sonra ABŞ-ın rəhbərliyi ilə onun amansız ölümü ilə nəticələnən rejimin dəyişilməsi oldu. Bu hadisə də digər dövlətlərin nüvə proqramlarını dayandırmağa razı salınması vəzifəsini olduqca çətinləşdirdi. Hərbi hava qüvvələrinin əməliyyatları başladıqdan qısa müddət sonra, Şimali Koreya Xarici İşlər Nazirliyinin adı çəkilməyən bir əməkdaşının Liviya böhranının beynəlxalq ictimaiyyət üçün böyük bir dərs olduğunu və Şimali Koreyanın ABŞ-ın ölkəni silahsızlaşdırmaq taktikasına aldanmayacağını bildirən bəyanatını yayımladı. İranın başçısı Ayətullah Əli Xomeyni də eyni şəkildə “Qəddafinin bütün nüvə silahlarını yığıb qərbə göndərdiyini qeyd etdi.”
Liviyaya müdaxilə Suriyadakı hücumları da gücləndirmiş ola bilər. 2011-ci ilin mart ayında Suriyadakı üsyan hələ dinc xarakter daşıyırdı, Əsəd hökumətinin cavabı nisbətən məhdud idi və hər həftə 100-dən az suriyalının həlak olmasında səbəb olurdu. NATO Liviyadakı üsyançılara üstünlük verdikdən sonra isə Suriyadakı inqilabçılar da oxşar bir müdaxilə ümidilə 2011-ci ilin yayında hücuma keçməyə başladılar.
NATO-nun Liviyadakı missiyası Rusiyanın narazılığına səbəb olmaqla Suriyada sülhə nail olmaq cəhdlərinə də mane oldu. BMT-nin Təhlükəsizlik Şurası Moskvanın razılığı ilə Liviyada uçuşa qadağan bölgə yaradılmasını və vətəndaşların qorunması üçün görülən digər tədbirləri təsdiqləmişdi. NATO isə bu vəzifədən kənara çıxaraq rejimin dəyişilməsi məqsədinə doğru yönəldi. Koalisiya Qəddafinin qüvvələri geri çəkilib vətəndaşlar üçün heç bir təhlükə təşkil etməsələr belə, yeddi ay onları, silahlı və təlim keçmiş, sülh danışıqlarını rədd edən üsyançıları hədəf aldı. Vladimir Putinin narazılığını bildirdiyi kimi, NATO qüvvələri “uçuşa qadağan bölgə yaratmaq əvəzinə özü də buranı bombalamağa başlayaraq BMT-nin Liviya haqqındakı qətnaməsini pozdu.” Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Rusiyanın Təhlükəsizlik Şurasına Liviyada baş verənlərə oxşar heç bir şeyə izn verməyəcəyini bildirdi.
Ərəb baharının başladığı ilk vaxtlar Liviyaya müdaxilənin tərəfdarı olanlar bunun Tunis və Misirdə gedən nisbətən dinc üsyanları davam etdirəcəyini iddia etmişdilər. Əslində isə NATO-nun fəaliyyəti nəinki dinc inqilabın yayılmasına nail ola bilmədi, Suriyadakı üsyanın hərbiləşdirilməsini dəstəklədi və BMT-nin bura müdaxiləsinə mane oldu. Bunun Suriya və qonşu ölkələr üçün nəticəsi o oldu ki, insanların çəkdiyi əziyyətlər, təriqətçilik və radikal islam faciəvi şəkildə kəskinləşdi.
SEÇİLMƏMİŞ YOL
Müdaxilənin səbəb olduğu böyük qarışıqlıqlara baxmayaraq, hələ də bunu dəstəkləyənlər Qəddafinin hakimiyyətdə qalmasının daha pis nəticələri olacağını iddia edirlər. Qəddafi onsuz da hakimiyyətdə qala bilməzdi. Sağlamlığı yaxşı olmayan 69 yaşlı Qəddafi islahatlar hazırlayan oğlu Seyf üçün illərdir zəmin hazırlayırdı. Seyf 2010-cu ildə yeni konstitusiya, yeni qanunlar və şəffaf seçkilər olmadığı müddətdə heç bir vəzifə qəbul etməyəcəyini bildirmişdi: “Hər bir kəsin dövlət vəzifəsinə gəlmək üçün hüququ olmalıdır. Hakimiyyət üzərində monopoliya qurmamalıyıq.” Seyf eyni zamanda atasını 1996-cı ildə həbsxana qətliamında rejimin təqsirli olduğuna inandırmış və yüzlərlə qurbanın ailəsinə təzminat ödəməyə razı salmışdı.
Seyf 2009-2010-cu illərdə atasını Liviyanın demək olar bütün siyasi məhbuslarını azadlığa buraxmağa razı salmış, qərb ekspertlərinin nümunə kimi göstərdiyi islamçıların radikal ideyalardan azad edilməsi proqramını yaratmışdı. Seyf eyni zamanda Liviyanın İnformasiya Nazirliyinin özəl mətbuatın xeyrinə ləğv edilməsini də təbliğ etdi. Seyfin islahatlarının ən aydın göstəricisi, yəqin ki, 2011-ci ildə hökumət vəzifələrinə gətirdiyi rəsmilərin inqilabın yuxarı səviyyəli siyasi liderləri olması oldu. Üsyançıların Milli Keçid Şurasının baş naziri Mahmud Cibril Seyfin Milli İqtisadi İnkişaf Proqramına rəhbərlik etdi. Həmin şuranın sədri Mustafa Əbdül Cəlil 2007-ci ildə Seyf tərəfindən Liviyanın ədliyyə naziri kimi məhkəmə islahatının həyata keçirilməsi üçün seçildi, ancaq o isə sonradan üsyançılara doğru yönəldi.
Əlbəttə ki, Seyfin hazır olub-olmadığnı və ya Liviyanı dəyişdirə bilib-bilmədiyini müəyyənləşdirmək qeyri-mümkündür. O, artıq kök salmış maraqların törətdiyi maneələrlə üzləşdi, öz atası belə islahat keçirilməsinə qarşı çıxdı. 2010-cu ildə mühafizəkarlar Seyfin sahib olduğu qəzetlərdən birində hökumət tənqid edildiyinə görə onun mətbuat orqanlarını müvəqqəti olaraq bağladılar. Bununla belə, daha sonra Qəddafi heç cürə güzəştə getməyən oğlu Mütəssimi qovduqdan sonra Seyf və onun islahat tədbirləri üçün yol açıldı.
Hətta müharibə başladıqdan sonra da nüfuzlu müşahidəçilər Seyfə inandıqlarını bildirdilər. “The New York Times” qəzetində Seyfin yeni bir hökumət strukturu və konstitusiya hazırlanması üçün komitənin bir üzvü kimi konstruktiv rol oynayacağı ilə bağlı məqalə çıxdı. NATO-dan dəstək alan silahlı dəstələr isə Qəddafinin oğlunu ələ keçirib həbs etdilər. 2014-cü ilin okytabr ayında həbsxanada Franklin Lembin müsahibə aldığı Seyf peşmançılıqlarını dilə gətirdi: “Biz böyük islahatlar prosesində idik və atam mənə bu islahatları axıra çatdırmaq məsuliyyəti verdi. Təəssüf ki, üsyan baş verdi, hər iki tərəf İŞİD kimi islamçı qruplara Liviyanı ifrat fundamentalist bir ölkəyə çevirmək imkanı verən səhvlər etdi.”
LİVİYADAN GÖTÜRÜLƏCƏK DƏRSLƏR
Obama da Liviya ilə bağlı peşman olduğunu bildirdi, ancaq təəssüf ki, o, düzgün dərs götürməyib: “Biz bütün qüvvələrin səfərbər edilməsi ehtiyacı olduğunu gözardı etdik” – prezident 2014-cü ilin avqust ayında “The New York Times” qəzetinin jurnalisti Tomas Fridmen ilə müsahibəsində deyib: “Əgər bunu edəcəksizsə, cəmiyyətlərin yenidən qurulması üçün daha sərt tədbirlər görülməlidir.”
Elə prezident də burda səhv edir. Liviyadakı səhv müdaxilədən sonra lazımi tədbirin görülməməsi yox, elə müdaxilə qərarının özü idi. Liviya kimi məsələrdə, yəni hökumətin üsyanı yatırmağa çalışdığı ölkələrdə, zorakılığın güclənməsi, dövlətin uğursuz olması və terrorizmlə hərbi müdaxilənin əks təsir göstərməsi ehtimalı yüksəkdir.
Liviya ilə bağlı götürüləcək dərs odur ki, dövlətin yalnız üsyançıları hədəf aldığı halda, beynəlxaq ictimaiyyət silahlı qruplaşmalara kömək etmək üçün humanitar əsaslar gətirməklə hərbi əməliyyat başlatmaqdan çəkinməlidir. Qərb özü də dövlətin zorakılığını, eləcə də, xalqın dəstəyini şişirdən üsyançılardan ehtiyat etməlidir. Rejimdə nə qədər qüsur olsa da, müdaxilə yalnız ölkənin stabilliyini pozmaq, vətəndaşları təhlükəyə atmaq və ekstremistlər üçün imkanlar yaratmaqla vətəndaş müharibəsini qızışdıra bilər. Düzgün seçim Qəddafinin oğlu Seyfin izlədiyi islahatlar yoludur.
Humanitar müdaxilə vətəndaşların hədəf alındığı və hərbi əməliyyatların zərərdən çox xeyir gətirə biləcəyi nadir hallar üçün saxlanılmalıdır, hesablamalara görə, vaxtında başladılan əməliyyatın 100 mindən çox insanın həyatını xilas edə biləcəyi 1994-cü ilin Ruanda hadisələri buna misal ola bilər. Əlbəttə, böyük qüvvələr terrorizmə qarşı mübarizə, nüvə silahlarının yayılmasının qarşısının alınması və ya təhlükəli bir diktatorun devrilməsi kimi səbəblərdən xarici ölkələrdə güc tətbiq etmək istəyə bilər. Ancaq bunun nəticəsində çıxan müharibənin humanitar olduğunu göstərməyə çalışmamalı və ya çox sayda dinc sakinin həlak olmasına təəccüblənməməlidirlər.