Azərbaycanda daha bir bəbirin şəkilləri çəkilib - FOTOLAR

Azərbaycanda daha bir bəbirin şəkilləri çəkilib - FOTOLAR
16:59 4 Oktyabr 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

 

Naxçıvan Muxtar Respublikasında Həsən Əliyev adına Zəngəzur Milli Parkında 2016-cı ilin yay aylarında bəbir balalarının fotoşəkili qeydə alınıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fotoları ETSN və İDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyası Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə birgə bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdiyi layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə əldə etmək mümkün olub.

Ümumiyyətlə isə mütəxəssislər son 5 ildə Qafqaz bəbirlərinin Azərbaycan ərazisində öz areallarına qayıtması prosesinin intensivləşdiyi qənaətindədir. Buna qədər yeni bəbir fərdlərinin görüntüləri 2012-ci ilin sentyabrında, 2013-cü ilin fevral-mart aylarında, 2014-cü ilin yanvar və 2015-ci ilin noyabr ayında Həsən Əliyev adına Zəngəzur Milli Parkında, 2012-ci ilin oktyabrında və 2013-cü ilin may ayında isə Hirkan Milli Parkında qeydə alınıb. Son illər ərzində Naxçıvan MR-də 7 bəbir müşahidə olunub, onlardan 4-ü erkək, 1-i dişi, 2-si isə baladır.

 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA  beynəlxalq ekoloji kampaniyasının dəstəyi, Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birgə həyata keçirilən bəbirlərin populyasiyasının bərpası layihəsi öz nəticələrini verir. Aparılan monitorinqlər nəticəsində bəbirin demək olar ki, ölkədə yaşadığı bütün areallarında fotoşəkilləri çəkilib. Nəticədə ölkənin müxtəlif areallarında bəbirlərin sayında artım müşahidə olunaraq davamlı populyasiyasının  yarandığı faktlarla sübuta yetirilib.

Mütəxəssislərin rəyinə görə, Azərbaycan təbiətinin nadir heyvan növlərinin öz areallarına qayıtması prosesi heç də təsadüfi xarakter daşımır. 2000-ci illərin əvvəlinə kimi respublikada bəbirin mövcudluğu barədə ciddi elmi məlumat olmayıb. Lakin son 16 ilin tədqiqatları Azərbaycanda bəbir populyasiyalarını 3 ərazidə Hirkan meşələri, Naxçıvan MR ərazisi və Mingəçevir su anbarının ətrafındakı arid landşaftlarda müəyyən etməyə imkan verib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255552

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR