Gözlərin "qara su"yu: qlaukomanın çarəsi varmı? - REPORTAJ

Gözlərin "qara su"yu: qlaukomanın çarəsi varmı? - REPORTAJ
16:14 23 Dekabr 2016
96 Digər
Ölkə mətbuatı
A- A+

82 yaşında da qıvraq görünən, əli qələmdən, dili kəlamdan düşməyən, əlli illik efir təcrübəsi olan əməkdar jurnalist Telman Qarayev düz on ildir qlaukoma xəstəliyindən əziyyət çəkir. APA TV-nin xəbərinə görə, xəstəlik nəticəsində jurnalist hər iki gözünün işığını itirib.
 
Ömrünün nə az, nə çox - düz 55 ilini Azərbaycan radiosuna bağlayan Telman Qarayev deyir ki, 1990-cı ildə qəflətən sağ gözündə ləkə yarandığını hiss edib. Amma bunun  ötəri olduğunu düşünüb: "Rulda idim, maşını saxladım. Elə bildim gözümə nəsə düşdü. Gəldim evə, uşaqlardan soruşdum ki, gözümdə nə görürsüz, dedilər heç nə. Üç-dörd gündən sonra ləkə öz-özünə sovruldu. Müəyyən müddətdən sonra narahatlıq yarandığı üçün həkimə müraciət etdim, mənə xəstəxanada yatmağı məsləhət gördülər. Amma səhlənkar yanaşdım. "Qara su" - qlaukoma xəstəliyi diaqnozu qoyuldu".
 
2006-cı ildən hər iki gözünün işığını itirən Telman Qarayev əvvəlcə İrana, sonra Türkiyəyə və Rusiyaya müalicə üçün üz tutsa da, gözlərinin işığını bərpa etmək mümkün olmur. Bundan sonra Telman müəllim respublikamıza gələn əcnəbi həkimlərlə görüşür, müəyyən müddət müalicə alır. Yerli mütəxəssislərin, demək olar, hamısı ilə görüşüb dərdinə çarı axtarsa da, ona xəstəliyin müalicəsini gecikdirdiyini deyirlər: "Bilirsən, qızım, qlaukomanın belə xarakteri var. Əgər hər iki göz tutulubsa, onun müalicəsi çox çətin olur. Amma ümidimi üzmürəm. İnanıram ki, tibb elmi bu xəstəliyin gecikdirilmiş formasının qarşısını alacaq. Elə qəbul etmişəm ki, qlaukoma göz xərçəngidir".
 
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin "buynuz qişa və transplantalogiya" şöbəsinin baş mütəxəssisi Cəmil Həsənov APA TV-yə müsahibəsində xəstəliyin yaranma səbəbləri və müalicəsi haqqında danışıb. Onun sözlərinə görə, insan gözündə olan maye gözün qidalanması üçün əsaslı əhəmiyyət daşıyır. Bu maye eyni zamanda müntəzəm şəkildə kanallar vasitəsilə xaric olunur. Qlaukoma göz daxilində olan mayenin rahat boşala bilməməsi nəticəsində yaranır və əsasən mayenin boşalmasını təmin edən kanalları zədələyir. Göz daxilində olan mayenin kənara atıla bilməməsi nəticəsində göz təzyiqi yüksəlir və təzyiqin yüksəlməsi nəticəsində görməni təmin edən sinir hüceyrələrinin inkişafı əngəllənir. Göz təzyiqinin yüksəlməsi nəticəsində qabaqlayıcı tədbirlər görülmədiyi halda, insanın görməsində daralmalar başlayır. Görüş məsafəsinin daralması, adətən, ətrafdan mərkəzə doğru olmaqla inkişaf edir. Proses bütün hüceyrələrin məhv olmasına qədər davam edir və bütün hüceyrələr öldükdən sonra insanda ömürlük total korluq halı baş verir.
 
Oftalmoloq-cərrah hesab edir ki, qlaukoma hiyləgər xəstəlikdir, illərlə inkişaf etsə də, çox hallarda ilk mərhələlərdə özünü büruzə vermir. Onun sözlərinə görə, qlaukoma xəstəliyinin yaranmasında əsas faktor gözün daxili təzyiqinin artmasıdır. Belə ki, gözdaxili təzyiq həddən artıq yüksəldikdə, görmə sinirinə zədələyici təsir göstərir. Gözdən beyinə siqnal göndərən sinir liflərinin məhv olması isə getdikcə görmə sahəsinin daralmasına və itməsinə gətirib çıxarır: "Göz təzyiqi yuxarı olanda müəyyən vaxtdan sonra göz sinirinə təsirini göstərir. Ona biz atrofiya deyirik, ya da sinirin quruması adlanır. Sinir quruduqca, insanlar görmə qabiliyyətlərini itirirlər. "Qara su" ağır göz xəstəliyidir. Statistikaya görə, 50 yaşdan sonra hər 200 nəfərdən birində qlaukoma yaranır. 80 yaşında isə hər 10 nəfərdən ikisində bu xəstəlik yaranır. Qlaukomanın 200 növü var. Azərbaycanda ən çox yayılmış növü isə psevdoexfoliative formasıdır".
 
Cəmil Həsənov qeyd edib ki, görmənin dumanlaşması, gözdə ağrılar, işığa baxanda rəngli halqalar kimi simptomlar olanda mütləq oftalmoloqa müraciət etmək lazımdır. Əhali arasında "qara su" adı ilə tanınan qlaukomanın dəqiq səbəbi aşkar olunmayıb. Mütəxəssis 50 yaşdan sonra hər kəsə ildə iki dəfə göz müayinəsindən keçməyi məsləhət görür: "Ümumiyyətlə, bu xəstəliyin 4 dərəcəsi var. İlk və 2-ci mərhələdə aşkar etsək, onu müalicə etmək, nəzarət altında saxlamaq olur. Ən ağır dərəcə sonuncu dərəcə hesab edilir ki, burda artıq gözlər görməni tamamilə itirir. Əgər görmə itiliyi itibsə, işıq hissiyyatı yoxdursa, kömək eləmək mümkün deyil. Dünya praktikasında da sinirin atrofiyasını bərpa etmək mümkün deyil. Yenə təkrar edirəm - əgər tam işıq duyğusu itibsə".
 
Oftalmoloq-cərrah bildirir ki,  qlaukomada görmə itkisi baş verdikdə, geriyə dönüş şansı yoxdur. Bu səbəbdən xəstəliyi erkən olaraq meydana çıxarmaq və müalicə çox əhəmiyyətlidir. "Xəstəliyin erkən müəyyən olunması üçün diqqətli göz müayinəsi əsas şərtdir" - deyən Cəmil Həsənov qeyd edib ki, müalicə edilmədiyi halda, xəstəlik korluqla nəticələnir.
 
Qlaukoma xəstəliyinin tam müalicəsi olmadığından və yanmış sinirlərin geri qaytarılması mümkünsüz olduğu üçün burada erkən diaqnoz çox önəmlidir. Xəstəlik nə qədər tez müəyyənləşdirilsə, görmənin azalma ehtimalı da o qədər aşağı düşür. Bir şəxsə qlaukoma diaqnozu qoyulmamışdan əvvəl o, bir necə rutin yoxlamalardan keçirilir. Göz dibi, gözdaxili təzyiq və göz daxilində olan mayenin kanallar vasitəsilə boşalma prosesi yoxlanılır.
 
Qlaukoma xəstəliyinin müalicəsi olmadığından, aparılan müalicə tədbirlərində əsas məqsəd vəziyyətin inkişaf etməsinin qarşısının alınması və ya olduğu kimi saxlanılmasıdır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263385

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR