Nazirlikdən "Report"a daxil olan məlumata görə, zona müşavirələrinin gündəliyinə rayonlar üzrə heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili mövzusunda məruzələr, habelə “Heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili və mövcud olan heyvan cinslərinin məhsuldarlığının yüksəldilməsi yolları”, “Yem istehsalında yeni texnologiyaların tətbiqi”, “Respublikanın müxtəlif bölgələri üzrə heyvanlarda rast gəlinən infeksion və invazion xəstəliklər və onlara qarşı mübarizə tədbirləri” kimi mövzularda təqdimatlar daxildir. Təqdimatlar Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik, Heyvandarlıq və Baytarlıq Elmi-Tədqiqat İnstitutlarının və Respublika Süni Mayalama Mərkəzinin əməkdaşları tərəfindən ediləcək.
Müşavirələrdə yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə fəaliyyətlərin genişləndirilməsi, istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri müzakirə olunacaq.
Müşavirələrin mövzusuna uyğun olaraq innovativ təcrübələrin nümayişi məqsədi ilə təsərrüfatlara səfərlər təşkil ediləcək.