Xalq artisti Mənsum İbrahimov "Leylilərindən" danışıb.

Axşam.az-a açıqlama verən xanəndə bildirib ki, tərəf müqabilləri arasında ən çox həmkarı Nəzakət Teymurova ilə səhnəni bölüşüb.

M.İbrahimov "Nəzakət Teymurovadan sonra Leyliniz kim oldu" sualına belə cavab verib:

"Teatrın öz solistləri var. İndi 4-5 Leylimiz var. Sonuncu tərəf müqabilim öz tələbəm olub. Ondan əvvəl isə Ankarada türk sənətçi ilə oxumuşdum. Biz tərəf müqabilimizi özümüz seçmirik, bunu teatr təyin edir. Hər adam Leylini, Məcnunu ifa edə bilməz. Kimsə bunu oxuyursa deməli ona layiqdir. Tərəf müqabillərim arasında fərq qoymamışam. 10 nəfər Leylim olub. Hər biri Azərbaycanın gözəl sənətkarlarıdır. Amma qismət belə gətirib ki, tamaşalarımın əksəriyyətində Nəzakət xanımla oynamışıq. Təbii ki, hər bir ifaçının öz nəfəsi, öz üslubu var”.

Muğam ifaçısı iki il əvvək teatrdan ayrılmaq istədiyini söyləyib:

“Son zamanlar teatrda çox az iştirak edirəm. Çalışıram ki, yeri daha çox gənclərə verək. Mənim 2 il öncə yubileyim olanda istədim ayrılım, amma rəhbərlik dedi ki, teatrın sənə ehtiyacı var, getmək hələ tezdi. Hər bir “Məcnun” kimi mənim də dövrüm var, vaxtı gələndə gedəcəyəm. Mən 136 dəfə səhnəyə çıxmışam. Bugün sevindirici haldır ki, tamaşalarıma çətinliklə bilet tapılır, buna görə hələ də, ordayam”.

M.İbrahimov gənc ifaçılardan danışıb:

“Hazırda Leylilərdən Güllü Muradova, Nigar Şabanova, Arzu Əliyeva, Məcnunlardan Səbuhi İbayev, Elnur Zeynalov, İlkin Əhmədov var, hər biri də istedadlı gənclərimizdi. Hər muğam müsabiqəsindən sonra da laureatlardan dəvət olunur. İlk vaxtlar hərkəs kimisə yamsılayır. Mən tələbələrimə deyirəm ki, hansısa muğamın quruluşunu öyrəndikdən sonra başqa xanəndələrin də ifasına qulaq asın və öz yolunuzu müəyyənləşdirin. Təyyar Bayramov mənim tələbəmdir, amma mənim kimi oxumur tamamilə öz yolunu yaradıb. 100 səsin içərisindən seçilir. Yəni seçilmək üçün zaman lazımdır. Kim öz üzərində çalışır o zəhmətinin bəhrəsini alacaq, amma əziyyət çəkməyən biri ələnib, aradan çıxacaq. 5 Muğam Müsabiqəsi keçirmişik, artıq 6-cıya hazırlaşırıq”.