Stəkana qənd salmışam

Stəkana qənd salmışam
10:24 11 Aprel 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

 

Gəncə Dövlət Universitetinin 3-cü kursunda oxuyurdum. Filologiya fakültəsində. Pedaqoji  praktikaya gedəcəkdik. Şəhərin ən ucqar bir yerində yerləşən orta məktəbə  düşmüşdük. Praktika müəllimimiz rəhmətlik  Həsənxan müəllim dedi ki, getdiyimiz məktəb çətin  tərbiyə olunan uşaqların məktəbidir. Ona görə də burada sizin dərs deməyiniz lazım deyil,  başınızı salamat saxlaya bilsəniz, bu, elə sizin üçün əsl praktikadır.  Bu söz ürəyimizə toxundu. Axı biz neçə illərdir, dərs demək arzusu  ilə oxuyurduq.  Şagirdlərin qarşısında dayanıb dərs demək həyat idealımıza çevrilmişdi.

 

Qrupumuzda  24  tələbə var idi. İki hissəyə  bölündük.  Bir hissəmiz başqa məktəbə (şəhərin mərkəzində yerləşən),  mən olduğum hissə isə şəhərin  bu başı bəlalı məktəbinə  düşdü.  

 

Nə isə... 12 tələbə,  bir də  praktika müəllimimiz  gəldik həmin məktəbə. Bizə  bir otaq verdilər ki, siz  bu otaqda  oturun, yazın, pozun, amma siniflərə  girməyin, koridora tez -tez çıxmayın, axırda  qiymətləriniz “əla” yazılacaq.

 

Öyrəndik  ki, məktəbdə kişi müəllim  yoxdur, bir-ikisi varmış, onları da  yuxarı sinif şagirdləri döyüb məktəbdən qovublar.  Bölünən qrupumuzda cəmi iki oğlan var idi,  bir mən, biri də məndən qorxaq, qalanı da qız. Bəs biz neyləyək?! Qızlarımızın  yanında biz indi  qorxudan dərsə girməyəkmi? Arzularımız  tamamilə məhv olub. Gəncənin  məktəblərində  nə qədər dəcəl uşaqlar var - hamısı bu məktəbə yığılıb.  Hələ bu  bir yana,  orta təhsilini  bitirmiş   uşaqlar da gəlib  məktəbin bufetində çay içirlər. Bilirik ki, bir uşağın xətrinə dəysək və ya “iki” yazsaq, həmin uşağın  bufetdə çay içən  böyük qardaşına hesabat verməli olacağıq.

 

İlk dərs günü qrup qızlarımız dedi ki, gəlin gedək bufetdə çay içək. İlahi bu, necə təklifdi?! Necə gedək? Birdən o uşaqlar  bizim qızlara söz atdı, bəs onda neyləyək? Nə isə, getdik.  Bir stolda cəm olduq. Bizdən aralı bir dəstə uşaq oturmuşdu, qızlı-oğlanlı deyib gülürdülər. Yeddinci sinifdə oxuyardılar.  Biz də guya elmdən – zaddan danışırıq. Birdən qulağım çaldı ki,  stoldakı uşaqlar bizdən nəsə deyirlər.

 

Qızın biri:

- Kim gedib onların qarşısındakı  qənddəndən bir qənd gətirər?

 

Elə bu zaman oğlanlardan biri  gəlib bizim stoldan   bir qənd apardı.

 

Biz də dinmirik.

 

Sonra bir oğlan da gəlib iki qənd apardı. Biz də lal-kar dayanmışıq. Həddimiz nədir bir kəlmə söz deyək?!

Lap sonda qızın biri gəlib qənddanı birdəfəlik apardı. Biz də dinmədik. Qənddanı  aparan qız oxuyurdu:

 

Stəkana qənd salmışam,

Ürəyimə dərd  salmışam.

 

Uşaqlar bu iki misranı xorla oxuyurdular. Biz kor-peşman  otağa qayıtdıq. Qızlarımızın yanında utanıb  az qala yerə girirdik. O da ola, sevdiyin qız da yanında  ola.  

 

Sabah  dedim ki, yox e, mən  dərs deməliyəm. Jurnalı götürüb məktəbin  dərs hissə müdiri ilə sinfə daxil oldum. Yeddinci sinifdi. Həmin bufetdəki uşaqlardır. Səs-küydən qulaq tutulur. Maqnitofonun səsi,  qışqırıq, söyüş  otağı başına götürüb. Hətta partaların üstə çıxıb rəqs edənlər  var. Arada qulağıma tanış misralar da gəlir.

 

Stəkana qənd salmışam,

Ürəyimə dərd salmışam.

 

Dərs hissə müdiri nə qədər elədi, uşaqlar səslərini kəsmədilər.  Guya uşaqlara məni təqdim edirdi. Axırda əlacsız qalıb çıxıb getdi, mən qaldım tək. Yarım saatdan sonra uşaqlar sakitləşdi. Oğlanın biri  dedi, müəllim niyə dinmirsiniz?! Dedim, rəqsləriniz çox xoşuma gəlir. Davam edin. Bir az da oynadılar. Sonra sakit oturdular. Elə bu zaman qapı açıldı. Bir oğlan başını içəri salıb dedi:

 

- Lələ, filankəsə “beş” yaz.

 

Sonra qapı yenə açıldı.

 

- Lələ, filankəsə icazə ver.

 

Yenə qapı: filankəsə “beş” yaz.

 

Hamısına  da “oldu” deyirəm.

 

Zəng çalınır. Həmin uşaqlar məni otağımıza qədər ötürürlər. Hamsı mənlə gülə-gülə xudahafizləşir. Əslində bu xoş ayrılma deyil.

 

Sabah səhər tələbə yoldaşlarım  və praktika  müəllimimizlə   məktəbin həyətinə daxil olan kimi   üçüncü mərtəbədən qızlar və oğlanlar məni salamlayır.

 

- Qəşəm müəllim, privet.

 

Həsənxan müəllim deyir ki, nahaq  uşaqlara özünü tanıtdın. Çətin olacaq sənə. Yaxşısı budur ki, sən heç məktəbə gəlmə. Qiymətlərindən arxayın ol.

Otağa çatan kimi  jurnalı  götürüb öz sinfimə gedirəm. Yenə səs-küy... Amma bu gün  səs-küy azalıb bir az. Uşaqların adlarını soruşuram, mənasını deyirəm. Sevinirlər. Hətta  dəftərə qeyd edənləri də olur. Kim şeir yazır? - soruşuram. Hamısı əlini qaldırır. Bir-bir şeirlərini deyirlər. Əslində  bunların  şeirləri əzbər bildikləridir, yəni “Dovşan”, “Uşaq və buz”, “Keçi”, və  “Xoruz” şeirləridir. Növbə arxadakı  qıza çatır.  Uşaqlar yerdən qışıqırlar ki, “Qənd” şeirin de. O da uca səslə başlayır:

 

Stəkana qənd salmışam.

Ürəyimə dərd salmışam.

 

Zəng çalınır. Uşaqlar məni otağımıza qədər ötürürlər.

Sabah yenə belə. O biri gün də bu cür. Artıq uşaqlara dərs keçirəm. İndi  onlar mənimlə otağımıza  qədər yox, qaldığım yataqxanaya qədər  gəlirlər. Ayrılanda kövrəlirlər.

 

Praktikamız başa çatanda  uşaqlar göz yaşlarını saxlaya bilmədilər. Mən də kövrəldim. Müəllimliyin şirinliyini daddım.

 

İndi aradan  illər keçib.  Həmin uşaqların bəziləri ilə  görüşürük. 4 nəfəri Qarabağ döyüşlərində  şəhid olub. “Stəkana qənd salmışam deyən” qız Gəncədə baxça müdiridir. Hər görüşəndə deyir:  “Qəşəm müəllim, sən allah bağışlayın, sizin stolunuzdan qənddanı götürdüyümə görə...”. Mən də hər dəfə gülümsəyirəm. O isə kədərlənir. Deyir, uşaq şeirlərinizi  çox sevirəm, uşaqlara da öyrədirik. Dedim,  mən də sizin şeirləri əzbər bilirəm: “Stəkana qənd salmışam...”. O, utanır.  Deyir, bu şeiri nənəsi oxuyarmış. Sonra başını qaldırıb lap uzaqlara baxır, 1980-cı ilin əvvəlinə, 7-ci sinif otağına...

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271861

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR