“Heç bir hakimiyyət uşaqların göz yaşlarına dəymir”

Metbuat.az ATV kanalınnda yayımlanan "Həftə Sonu" verilişinin "Suriyada KÖRPƏ QƏTLİAMI" mövzusu ilə bağlı hazırladığı sujeti təqdim edir:

Suriyanın İdlib əyalətində dinc insanlara qarşı tətbiq olunmuş kimyəvi hücum bu ölkənin taleyini dəyişə bilər. Suriya hakimiyyəti ona qarşı qurulmuş kampaniyaya daha bir səbəb verdi. Birləşmiş Ştatların Hums yaxınlığındakı hava bazasını bombalaması isə Suriya prezidenti Bəşər Əsədə göndərilmiş bir siqnal idi. Yəni, “Əsədin də taleyi İraqın keçmiş prezidenti Səddam Hüseyn kimi ola bilər” mesajını verdi. Düzdür, Rusiya və İran ozamankl İraq hakimiyyətindən fərqli olaraq, Əsədin yanındadır. Elə münaqişənin çoxtərəfli olması da Suriya böhranının uzun müddət davam edəcəyinə və hətta 3-cü Dünya müharibəsinin real olaraq başlana biləcəyinə dəlalət edir. Ən acınacaqlısı budur ki, hakimiyyət uğruna bütün oyunlar dinc insanlar, xüsusən də körpələr üzərindən, həm də amansızlıqla həyata keçirilir.

Bu körpələrin bəlkə də yeganə günahı Suriyada doğulmalarıdır. Halbuki valideynləri onları Suriyanın sağlam gələcəyi üçün yetişdirirdi. Gəl ki, ürəkparçalayan bu görüntülər bir daha sübut edir ki, suriyalı körpələrin taleyi heç kimi maraqlandırmır. Onlar sadəcə zalım qüvvələrin planları üçün bir alətdir. Bu balalar məkrli düşüncələrin qurbanlarıdır. İdlib şəhəri yaxınlığındakı Xan-Şeyxun şəhərinə edilmiş kimyəvi hücum zamanı həlak olanlardan 27-sinin körpə olması təəssüf ki, bədbin düşüncələrimizi təsdiqləyir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, kimyəvi hücum zamanı 84 dinc sakin həlak olub. 545 nəfər yaralanıb. Onların bir qismi yaxınlıqdakı xəstəxanalara, bir qismi isə qonşu Türkiyənin hospitallarına aparılıb. İlkin müayinələr nəfəsalmadakı çətinliklərin və qıcolmaların zarin qazının fəsadları olduğunu təsdiqləyib. Bəs bu vəhşi əməlin memarıkimdir? İstər-istəməz bütün nəzərlər Dəməşq hakimiyyətinə yönəlib. Çünki, həmin ərəfədə İdlibə hava zərbələrini Suriyanın qırıcı təyyarələri həyata keçirib. Suriyalı rəsmilər nə baş verdiyini anlayana qədər Rusiyanın Müdafiə Nazirliyi hadisəyə yön tapmağa çalışıb. Qurumun rəsmi nümayəndəsi İqor Konaşenkov bəyan edib ki, Suriya təyyarələrinin İdlibdə bombaladığı obyektlər arasında terrorçuların kimyəvi silah anbarları da olub. O iddia edir ki, terrorçular burada kimyəvi silahlar hazırlayaraq, onları İraqa daşıyırmış. Onda ortaya bir sıra suallar çıxır. Rusiya kəşfiyyatı həmin obyektlər arasında kimyəvi silah anbarlarının olduğunu bilibsə, bu informasiyanı niyə Suriyanın hərbi dairələri ilə bölüşməyib? Yox əgər bölüşübsə, onda niyə Suriya qırıcıları kimyəvi silah anbarlarını da hədəf alıb? Aydındır ki, kimyəvi silahların insanların sıx yaşadığı ərazidə məhvi zəhərli qazların yayılmasına gətirib çıxaracaq. Nəticə göz qabağındadır. Elə buna görə də bütün ittihamlar Suriya hakimiyyətinə yönəlib. Əsəd bilərəkdən və ya bilməyərəkdən bu ittihamlara yer qoymaqla, özünə qarşı fəal hərbi müdaxiləyə rəvac vermiş oldu. Elə həmin gün Amerika Birtləşmiş Ştatları prezidenti Donald Tramp bəyan etdi ki, Əsədə qarşı fikirləri dəyişib. Gecə saatlarında isə Amerikanın Aralıq dənizindəki gəmiləri Suiriya ordusunun Hums yaxınlığındakı “Şayrat” hava bazasına 59 raket zərbəsi endirdi.

Hücumun fəsadları barədə yayılan xəbərlər təzadlıdır. Suriyanın rəsmi mənbələri 9 nəfərin həlak olduğunu və onlardan 4-nün körpələr olduğunu bəyan edir. Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Suriya üzrə nümayəndəliyi hadisə zamanı dinc insanların ölməsi barədə dəlillərə malik olmadığını bildirib. Digər mənbələr raket hücumları zamanı 7 hərbçinin öldüyünü və eyni sayda əsgərin yaralandığını irəli sürüb. Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə isə 59 raket zərbəsindən yalnız 23-ü hədəfə dəyib. Nəticədə yararsız vəziyyətdə olan 6 MiQ-23 təyyarəsi, radiolakasiya sistemi və digər obyektlər məhv edilib. Vaşinqtonun bu addımı Avropa Birliyi, Almaniya, İsrail, Böyük Britaniya və Türkiyə tərəfindən müsbət qarşılanıb.

Bu hücumdan 2 gün sonra Birləşmiş Ştatlar prezidenti Donald Tramp konqresə qərarının səbəblərini açıqlayıb. Quruma ünvanladığı məktubunda o qeyd edib ki, bu qərarı Suriyanın hərbi imkanlarını azaltmaq, növbəti kimyəvi hücumların qarşısını almaq və regionda humanitar fəlakətin daha da pisləşməməsi üçün verib. Tramp qeyd edib ki, Birləşmiş Ştatların milli təhlükəsizlik və xarici siyasət maraqları çərçivəsində belə addım atıb və milli maraqların gələcəkdə də təmin olunması üçün lazım olan əlavə tədbirlər də görəcək. Rusiya və İran isə əksinə, Birləşmiş Ştatların hücumunu qəti şəkildə pisləyib. Kreml rəhbəri Vladimir Putin Amerikanın hücumunu suveren dövlətə qarşı təcavüz kimi qiymətləndirib. İranın Xarici İşlər Nazirliyinin bəyanatında isə qeyd olunur: “İran kimyəvi silahdan istifadəni qəti şəkildə pisləyir. Eyni zamanda hesab edir ki, hansısa bəhanə ilə beynəlxalq hüquq normalarının pozulması təhlükəli və dağıdıcıdır. Belə fəaliyyət terrorçuların Suriyada möhkəmlənməsinə və bütün regionda vəziyyətin mürəkkəbləşməsinə gətirib çıxaracaq” – sitatın sonu.

Hücumun maraqlı tərəfi isə raket zərbələrinin dənizdən edilməsidir. Bununla Birləşmiş Ştatlar sanki, Rusiyanın Xəzər dənizindən Suriyadakı İŞİD mövqelərini bombalaması üçün güc nümayişinə cavab vermiş oldu. Çəkilişin təxminən eyni rakursdan aparılması da Suriya ilə bağlı mübarizənin daban-dabana aparıldığına işarə edir.

İstənilən halda, regiondakı bəzi qruplaşmalara təlimlərin keçirilməsini nəzərə almasaq, bu, Birləşmiş Ştatların Suriya hakimiyyətinə qarşı ilk hərbi müdaxiləsi kimi tarixə düşdü. Bununla Vaşinqton, İraqın keçmiş prezidenti Səddam Hüseynə qarşı aparılan kampaniyanın başlanğıc mərhələsini təkrarlamış oldu. İndi “Ağ ev”in əsas prioritetlərindən biri yenə Əsədi devirməkdir.

Bu o deməkdir ki, İraqdan sonra Suriyaya qarşı hərbi müdaxilə planı işə düşüb. Lakin Rusiya və İranın Əsədin yanında yer alması, yəni münaqişənin çoxtərəfli olması Suriya böhranının uzun müddət davam edəcəyinə və hətta 3-cü Dünya müharibəsinin real olaraq başlana biləcəyinə dəlalət edir. İstənilən halda, müharibələrdə kimyəvi silahdan istifadə, dinc insanların, xüsusən də, körpələrin vəhşiliklə öldürülməsi yolverilməzdir. Ola bilsin ki, Suriyadakı sonuncu hadisə bir çoxları kimi, amerikalı rəsmilərin də vicdanını sızladıb. Bəs görəsən, İŞİD terror təşkilatı İraq və Suriyada kütləvi qətliamlar törədəndə, yaşayış məskənlərinə zəhərli qazlarla hücum edəndə, ağlasığmaz edam üsulları həyata keçirəndə, Ramazan ayında oruc tutmayıb deyə, ac suriyalı körpələri qətlə yetirəndə, niyə Qərb rəsmilərinin ürəyi sızlamırdı? Niyə koalisiya qüvvələri Əfqanıstan və İraqda dinc insanları, körpələri hədəf alanda, “səhv koordinatlar üzündən baş verib” deyə qandonduran hadisələrin üstündən sükutla keçildi? İstənilən halda, nəticə eynidir. Həlak olan, əlil olan, atasız-anasız böyüyən yenə məsum körpələrdir. Bir həqiqət danılmazdır: “Heç bir hakimiyyət uşaqların göz yaşlarına dəymir”.

Bəxtiyar Fətullayev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR